Hadi kişinin resepti
Tarix: 23-03-2015 12:36
Allah bizə hər şey verib. Neft verib, qaz verib, səfalı yerlər verib, buz bulaqlar, yaxşı insanlar verib. Ən əsası, hər gün müzakirə eləməyə nəsə bir mövzu da verir.
Bu həftənin mövzusu isə Milli Məclisin komitə sədri, uzunömürlü deputat Hadi Rəcəblinin müəllimlərlə bağlı səsləndirdiyi fikirlər oldu. Əslində, Hadi kişi (müəllimlərə dediyi sözdən sonra ona müəllim deməyə dilim dönmür -Z.Ə.) sosial siyasət kursunu müəyyənləşdirən bir adam kimi bu cür təkliflər verməlidir. Belə baxanda, bu, onun vəzifə borcudur. Görünən odur ki, cənab deputat bu vəzifəsinin öhdəsindən layiqincə gəlir. Əgər belə olmasaydı, elə bir təklif verməzdi və bu qədər müzakirəyə səbəb olmazdı. Hamı Hadi Rəcəblini bir cür məzəmmət edir, danlayır, təqdi edir, hətta təhqirə də keçənlər var. Hərənin öz fikri var və buna hörmətlə yanaşıram.
Yəqin ki, "Tütək səsi" filmini hamı xatırlayır. Orda kolxoz sədri Cəbrayıl gənclik illərində sevdiyi, amma dostu ilə ailə quran Sayalı ilə yaxınlıq edir. Bunu bilən kənd camaatı ayağa qalxır və onu linc etmək istəyir. Amma kəndin ağsaqqalı gəlib deyir ki, Cəbrayıl bir qələtdi edib, məsələni sakit həll edək. O vaxt ağsaqqal sözünə hörmət olduğuna görə, elə də edirlər. Lətifəsi Hadi kişidən uzaq. İndi kişi bir söz deyib, özü də bilir ki, böyük səhv eləyib. Məncə, məsələni uzatmağa dəyməz.
Amma son üç gündür, nə qədər elədim, Hadi kişinin bu sözlərini həzm edə bilmədim. "Müəllim işdən sonra gedib fəhləlik eləsin",- fikrini bəlkə də qəbul eləmək olardı. Amma gərək, H.Rəcəbli özü axşama kimi müəllimlik edəydi, sonra da axşam gedib daş yonaydı, divar hörəydi. Bax, onda deyərdim, ay bərəkallah Hadi! Kişi özü getdiyi yolu başqalarına da göstərir.
Uzun illərdir jurnalistika fəaliyyəti ilə məşğul olsam da, Hadi Rəcəbli ilə cəmi bir dəfə üz-üzə oturub söhbətləşmişəm. Nə gizlədim, yaxşı müsahibdi. Adamın qılığına girməyi də bacarır. Ordan-burdan söhbət elədik, yaxşı müsahibə də alındı. Sonra öz aramızda söhbətləşdik. Maraqlı bir söhbət eləmişdi, özü də səmimi. Çalışdığım qədər Hadi kişinin dediklərini olduğu kimi yazıram: "Mən təzə evlənəndə ailəmlə bir yerdə qalırdıq. Evimiz dar, qazancım da az idi. Elə də yaxşı dolanmırdıq. Həyat yoldaşım bu əziyyətə bir müddət dözdü. Amma axırı çox yaxşı oldu, indi hər şey var".
Dünən mətbuatda Hadi Rəcəblinin variadatı ilə bağlı mətbuatda oxuduqlarım bir daha göstərdi ki, kişi düz deyirmiş də. Pis günün ömrü az olar. Sadəcə, dözdülər və milyonluq varidata sahib oldular. Amma burda bir məsələ də var. Hadi müəllim söhbətimiz zamanı mənə gecələr fəhlə işlədiyini deməmişdi. Sözsüz ki, gündüz məktəbdə, gecə "stroyka"da işləyən müəllim 500 il sonra da Hadi Rəcəblinin varidatını toplaya bilməz. Yəni, Hadi kişi nəyisə düz demir. Ya pis günləri arxada qoymağın yolları barədə düzgün resept vermir, ya da müəllimlərə doğru yolu göstərmir...
Amma bir vacib məqamı da deməsəm, olmaz. Bu gün Hadi kişinin gecələr "stroyka"ya göndərmək istədiyi müəllimlər özləri təqsirkardırlar. Pis günləri arxada qoymağın yolunu gizlədən, müəllimlərə fəhlə işləməyi tövsiyyə edən Hadi Rəcəblini o böyük müəllim ordusunun əliylə saxtalaşdırılan seçki vasitəsilə Milli Məclisdə oturdublar. Bəlkə də Hadi kişinin mandatı halaldır, amma nəsə buna inanmağım gəlmir...
Seçilmişlər
Ən çox oxunanlar