SAVAŞ BAŞLAYIR, AMMA HANSI SAVAŞ...
Tarix: 31-05-2020 16:59
Bu gün Milli Məclisin iclasında deputat Vahid Əhmədov Müdafiə Nazirliyinin rəhbərliyini, konkret olaraq, nazir Zakir Həsənovu və baş qərargah rəisi Nəcməddin Sadıkovu sərt tənqid edib.
O, Zakir Həsənovu və Nəcməddin Sadıkovu Azərbaycan dilini təmiz bilməməkdə günahlandırıb: “Zakir Həsənov da, Qərargah rəisi Nəcməddin Sadıkov da azərbaycanca danışa bilmir. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın. Amma biz susduq. Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa müəyyən addımlar atmalıydıq”.
Milli Məclisin rəhbərliyi dərhal deputatın fikirlərinə reaksiya verib və bildiriblər ki, belə şey danışmaq olmaz.
Ardınca Nazirliyin mətbuat xidməti də digər vaxtlardan fərqli olaraq, çox operativ reaksiya verib. Qeyd olunur ki, Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir. Bundan əlavə, bildirilib ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib: "Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir".
Düzü, bu, son dövrlər Müdafiə Nazirliyinin ən sərt reaksiyasıdır. Açıq şəkildə Milli Məclisə deyir ki, “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir. Yəni, siz qərarı verin, biz icra edək.
Şübhəsiz ki, reaksiya verən hər üç tərəfin haqlı olduğu məqamlar var. Vahid Əhmədov iradlarında haqlıdır. Amma iradın ifadə forması və seçdiyi cümlələr yanlışdır. Zakir Həsənovun danışıq formasında problemlər var, Nəcməddin Sadıkovu isə azərbaycanca danışdığını görməmişəm. Amma tənqid edəndə elə etməlisən ki, qarşı tərəf üçün "barmaq yeri" qoymayasan.
Vitse-spiker Əli Hüseynli deputat Vahid Əhmədova irad tutmaqda haqlıdır. Çünki qeyd etdiyim kimi, Vahid müəllim fikrini yanlış formada ifadə etmişdi. Necə deyərlər, doğru deyirdi, amma düz demirdi. Digər bir tərəfdən, Milli Məclisdə Müdafiə Nazirliyinə qarşı bu cür ifadələrin səsləndirilməsi hər zaman sərt qarşılanıb və heç kimə belə icazə verilməyib. Yəni. Vahid Əhmədov bir növ "qaydaları pozub".
Müdafiə Nazirliyinin mətuat xidmətinin bu cavabının Zakir Həsənovun redaktəsi olmadan yayımlanmasına qətiyyən inanmıram. İki cümləlik açıqlamada konkret şəkildə ifadə olunub ki, ey məni səriştəsizlikdə ittiham edən Milli Məclis, biz müharibəyə hazırıq, siz qərarınızı verin.
Görünən odur ki, bir savaş başladı, başlayacaq, ya burda, ya orda. Kaş orda başlaya, amma heç ona oxşamır...
Zaur ƏHMƏD
Seçilmişlər
Ən çox oxunanlar