Bizi bağışlama, Şuşa
Tarix: 08-05-2019 13:32
Şuşa – Nazlı mələk. 27 il öncə namusuna toxunulan, isməti ləkələnən gözəl qız.
11 qardaşın - Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Xocavənd, Laçın, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayılın göz bəbəyi, nazlı mələyi Şuşa. 27 il öncə başlanan təcavüzdə 11 qardaşın öldü, amma sənin namusun ləkələndi. 27 ildir ki, utanmadan, ölmədən səni anırıq.
Mən sənin üzünə baxa bilmirəm. Nəinki üzünə baxmaq, heç sən tərəfə boylanmaq olmur. Bir kişinin anasının, bacısının namuzusuna toxunalar, onların üzünə baxa bilərmi? Qeyrəti olan kişi gərək ki, baxa bilməsin.
Vallah, sən tərəfə baxa bilmirəm. Nə olar, sən də gözlərini mənə zilləmə. Hər gözündən bir ox çıxır, bir ildırım çaxır. O baxışlarda tənə, giley, nifrət, “Harda ölmüsüz? Niyə susursuz? Bunları qeyrətinizə necə sığışdırırsız?” sualları bir ox kimi gözümüzə girir.
Sənin gözünə kimsə dik baxa bilməz. Namusundakı ləkəni silə bilmərik, o ayrı. Axı, namusumuza əl uzadanların əlini də kəsməmişik. Namusumuza toxunanlardan qisasımızı almağımıza nə söz? Kim bizi 27 il bu utancı boynumuza götürməyə vadar edir? Bu utancla yaşamaq kişilikdənmidir? Bu suallara cavab vermədən, sənə toxunan o murdar əlləri kəsmədən üzünə necə baxım ŞUŞA?
27 ildir ki, hər gecə qoynunda yad kişilər gəzir. Biz bunu hiss edirik, amma susuruq, görməzdən, duymazdan gəlirik... Və 27 ildir ki, bunu qeyrətimizə sığışdıra bilirik.
İndi də soruşursan ki, niyə gözlərimə baxmırsan? Hansı üzlə baxım axı, ay ŞUŞA? Bu gün minlərlə şəhidin ruhu narahat dolaşır. Bəlkə də onlar sənin gözlərinə dik baxa bilərlər. Heç olmasa, sənin üçün son vəzifələrini yerinə yetirib canlarını fəda etdilər. Qarabağda qalan gözlər, ayaqlar, əllər, ağıllar var ha... Sahibləri bu tərəfdə əlsiz, ayaqsız, gözsüz, ağılsız gəzən qaziləri deyirəm. Bax, onlar da sənin gözünə baxa bilmirlər.
Əziz Şusa, nə olar, mənə belə baxma. Toxunma mənə. Alnımdakı xəcalət tərini, gözümdən yanaqlarıma süzülən çarəsizlik göz yaşılarını silib, başımı qaldırma. Sənin gözlərinə baxmaq ölümdən betərdi. Belə baxanda, qoynunda ölməyəndən sonra ölüm də urvatsızdır.
Bizi bağışlama Şuşa, qəti bağışlama.
Reyting.az
Seçilmişlər
Ən çox oxunanlar