Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Cəbrayıl və 20 Yanvar həqiqətləri - Keçmiş döyüşçü yazır

Tarix: 19-01-2019 00:02   
Cəbrayıl və 20 Yanvar həqiqətləri - Keçmiş döyüşçü yazır
DOSYE: Vaqif Əlisoy 1954-cü ildə Qubadlı rayonunda anadan olub. 1976-cı ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Bir müddət Kəlbəcərdə, sonra isə Cəbrayılda müəllim işləyib. Ermənilər Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyə başlayanda, Vaqif müəllim könüllü şəkildə yerli özünümüdafiə taboruna yazılıb. 1992-ci ildə Əsirlərin və Girovların Dəyişdirilməsi üzrə Respublika Komitəsinin Cəbrayıl şöbəsinin sədri təyin olunub. Vaqif Əlisoyun rəhbərliyi altında 1992-93-cü illərdə 50-dən çox Azərbaycan vətəndaşı erməni əsirliyindən və girovluğundan azad olunub.

NƏYƏ GÖRƏ 10-19 YANVARDA CƏBRAYILDA QIRGIN BAS VERMƏDİ?

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Dağlıq Qarabağ və ətraf rayonlarda komendant saatının elan edilməsindən sonra əhali arasında çaşqınlıq hökm sürürdü. Cəbrayıl rayonu həm İran, həm də Dağlıq Qarabağın Hadrut rayonunun 14 kəndi ilə həmsərhəd idi. Bu erməni kəndləri həm Ermənistanda, həm də Hadrutda yerləşən sərhəd qoşunlarının komandanlığından maddi və mənəvi dəstək alırdı. Demək olar ki, hər gün Ermənistandan vertolyotlar vasitəsilə silah və yaraqlılar daşınırdı. Cəbrayıl əhalisinin əlindəki ov tüfəngləri, məktəblərdəki təlim silahları yığışdırılmış, təpədən dırnağa qədər silahlanmış erməni-rus hərbçiləri qarşısında əliyalın qalmışdı. Həmin dövrdə sərhədlərimizi qeyrətli cəbrayıllılar, əsasən də Xalq Cəbhəsinin üzvləri qoruyurdu.
Yanvarın 14-də axşam saat 19 radələrində vertolyotlarla Cəbrayıl aeroportuna ruslardan ibarət 100 nəfərlik desant qüvvəsi atıldı. Dərhal camaatın iştirakı ilə həmin qüvvələr elə aeroportdaca mühasirəyə alındı. Desantçıların komandiri polkovnik Tixonov minlərlə əliyalın adamın gözlərindəki qəzəb və nifrətdən qorxaraq bizimlə danışıq aparmağa məcbur oldu. Cəbrayıl rayon Pois İdarəsinin vaxtkı rəisi Rəşid Məmmədov (Allah rəhmət eləsin – V.Ə), rayon ağsaqqallarından Hüsü və Zəkəriyyə kişi və mən də daxil olmaqla Xalq cəbhəsinin üzvləri danışıqlarda iştirak etdik. Onları inandırdıq ki, rayon ərazisində bir nəfər də olsun yaraqlı yoxdur, əksinə, bizim kəndlər müntəzəm olaraq erməni kəndlərindən atəşə tutulur, hücumlar təşkil edilir, evlərimiz yandırılır, mal-qara və insan oğurlanır.
Desantçıları tam inandırdıqdan sonra R.Məmmədovla birlikdə onların əsl məqsədlərini öyrənə bildik. Məlum oldu ki, desantçıların kiçik bir qrupu Cəbrayıl şəhərinə daxil olmalı, digər qrup rayon ərazisindən erməni kəndlərinə hücumlar təşkil etməli idi. Amma onların dinc əhali tərəfindən tam mühasirəyə alınması bu planlarına mane oldu. Rayon ağsaqqallarının təşəbbüsü ilə desantçılar üçün mal-qoyun kəsildi, istədikləri qədər içki tədarük edildi. İçki məclisi onlardan bəzi məlumatların alınması üçün təşkil olunmuşdu.
Hiylə öz işini görmüşdü. Komandir Tixonov məlumat verdi ki, bir neçə gündən sonra Bakı və ətraf rayonlara qoşun yeridiləcək, müqavimət göstərənlərə, xüsusilə Xalq Cəbhəsinin tanınmış üzvlərinə divan tutulacaqdır. Bu mühüm məlumat alındıqdan sonra Cəbrayıl camaatının tələbi ilə desantçılar mütəşəkkil qaydada avtobuslara mindirildi. Yolboyu keçdiyimiz kəndlərimizdə əhali yol kənarına toplaşaraq onları ləyaqətlə yola saldı. Ayrılarkən Tixonov mənə və Rəşid Məmmədova dedi:
- Mən bir zabit kimi özümün və döyüşçülərimin adından sizə minnətdaram. Bu xalq haqqında mənə və döyüşçülərimə yanlış məlumat verilmiş, sizə qarşı bütün vasitələrdən istifadə etməyi tapşırmışdılar. Mən Əfqanıstanda da belə hadisələrin şahidi olmuşam. Zabit şərəfimə and içirəm və söz verirəm ki, mənim başçılıq etdiyim dəstə tərəfindən sizə qarşı heç bir hərəkət baş verməyəcək. Ancaq bir xahişim var: Bakıdakı rəhbərliyinizə çatdırın ki, ehtiyatlı olsunlar.
Bu məlumatlar mənim tərəfimdən Xalq Cəbhəsinin İdarə Heyətinə, R.Məmmədov tərəfindən Daxili İşlər Nazirliyinə, Cəbrayıl rayon Partiya Komitəsi tərəfindən isə Mərkəzi Komitəyə çatdırıldı…

 

CƏBRAYILA İKİNCİ HÜCUM

 

Yanvarın 14-də desantcıları Hadruta yola salandan sonra rəis Rəşid Məmmədov axsam görüşməyin vacib olduğunu bildirdi. Saat 22 radələrində onun otağinda görüsduk. Çox əsəbi idi. Desantçıların komandirinin Bakı və ətraf rayonlara hücumla bağli dediklərinin AXC rəhbərliyinə catdırıb-catdırmadığımı məndən sorusdu. məlumat verdiyimi bildirdim. Əsəbi halda dedi:
- Mənim rəhbərliyim isə məni təxribatçı hesab edir, AXC-yə işləməkdə günahlandirir, isdən azad edəcəkləri ilə hədələyir. Məni vəzifə maraqlandırmır. Təhlukə böyukdür. Bir tərəfdən bu alcaq ermənilər, bir tərəfdən də Hadrutdakı dəstə. Mənim qörxum ruslardandır. Polisin sayı azdır, cəmi 7 avtomatımız var. Hamıdan da silahları yığıblar. Bu qədər ərazini tək polisin gücü ilə qorumaq mümkün deyil, sizin köməyiniz lazimdir. Kimin ehtiyatda, gizlində silahi varsa uzə cıxarsın. Bir polis rəisi və Rəşid kimi söz verirəm ki, bir nəfər buna görə cəzalanmayacaq.
Görüşdən sonra təcili İdarə Heyətı və Müdafiə Komtəsinin iclasini kecirdik. Qərara alındı ki, səhər saat 12-də mitinq kecirib mövcud durum haqda xalqı məlumatlandıraq. Gecə ikən kəndlərə xəbər vermək ücun adamlar göndərdik.
Yanvarın 15-də rayondakı Azadlıq meydanında izdihamlı mitinq kecirdik. Gercək hadisələr izah edildi. Çixis edən ziyalılar, ağsaqqallar xalqı səfərbərliyə çağırdı. Silah əldə etmək ücün muəyyən islər görüldü. Cəbrayil kasib rayon olsa da, mərd camaat idi. İmkanlı və imkansız bütün cəbrayillılar bu işə ürəkdən qoşuldular. Mudafiə dəstələri yaradıldı ki, onlar da polislə birlikdə sərhəd kəndlərimizi qorumağa basladılar. Bildirmək istəyirəm ki, cəbrayıllıların özəl xüsusiyyətləri var. Həmişə onların qarşında bas əymişəm. Meşə çaqqalsız olmaz, deyiblər. Bızdə də belələri var idi və onlar haqqında da danışacağam. Məhz bu qeyrətli camaatın sayəsində 14 erməni kəndi azad edildı, 1993 -cü il avqust ayının 23-nə kimi Cəbrayil torpağının bir qarışına erməni və rus ayağı dəymədi.
Naxçıvan cəbhəçilərinin təşəbbüsü ilə yanvarın 16-da İranla sərhəd dirəklərinin sökulməsi məsələsi ortaya gəldi. Təşəbbüsə zənğilanlılar da qoşulmuşdu. Naxçıvanda iki generalla aparılan danışıqlar da nəticəsiz qalmişdı. KQB-nin Cəbrayil sobəsinin sədri Xaqani muəllim xəbər verdi ki, həmin generallar və Hadrut sərhəd dəstəsinin qərargah rəisi polkovnik Panteleyev sərhədlərin sokülməsi məsələsini müzakirə etmək ücün sizinlə görüsmək istəyir. Təhlükəli vəziyyət yaranmışdı. Görüşə hazır getmək üçün ağsaqqal və mütəxəssislərlə danışmaq lazım idi. Səhv etmək olmazdi. Naxçıvandakı bu söküntüdən KQB məharətlə istifadə etmişdi.

 

QƏRARGAN RƏİSİ MƏKRLİ PLANIN ÜSTÜNU AÇDI

 

Moskvadan gələn generallar və Hadrut sərhəd dəstəsinin qərargah rəisi Panteleyevlə görüsə hazır getmək ücün rayon agsaqqalları, kənd təsərrüfatı mütəxəssisləri, hərəkata rəğbəti olan olan, adlarının açıqlanmasını istəməyən bir neçə nəfərlə görüşdük. Ümumi qərar belə oldu ki, sərhəd zolağındakı torpaqların istifadəsi rayonun kənd təsərrüfatı üçün xeyirli olacaq. Ancaq bu məsələdə heç bir halda yerli əhalinin iştirakına yol vermək olmaz. Onsuz da Moskva bəhanə gəzir. Həm də ehtiyatli olmaq lazimdir, cunki İranla sərhəd kəndlərində KQB-nin güclü agentura səbəkəsi var və təxribat üçün onlardan istifadə edə bilərlər. Ona görə çalışmaq lazımdır ki, dirəklərin sökülməsini ruslar özləri həyata keçirsinlər. Eyni zamanda söküntü Qumlaq kəndindən baslanmalı idi. Çünki məşhur Xudafərin körpüləri bu ərazidə yerləşirdi ki, bunun da rəmzi mənası vardı. Həm də Milli Azadliq hərəkatının tarixinə qızil hərflərlə yazılmış məşhur Xudafərin mitinqləri bu kənddə, körpülərin yanında keçirilmişdi.
1988-ci il noyabrın 20-dən başlayan mitinqlərdə Azərbaycan həqiqətləri İrandakı azərbaycanlılar vasitəsilə butün dunyaya çatdırılmışdı. Həmin mitinqlərdə yaziçi, rəhmətlik Fərman Kərimzadə və şair Rüstəm Behrudi istirak edərək, cəbrayıllıların mubarizə əzmini yüksək qiymətləndirmislər. Göruşədə istirak edən Panteleyevlə o vaxtdan tanış idik. Sonralar 1993-cü il avqust ayının 23-ü saat 18-də Cəbrayıla hücum zamanı "Qartal”dan bizə köməyə gələn Bakı polisinə binoklla Panteleyevi göştərərək dedim:
- Diqqətlə baxın və yadda saxlayın , üstümüzə gələn erməni deyil. Bu da onların komandiri, içərisindəki qeyrətli oğlanlardan başqa, başda Yasamal polisinin rəisi "mitinq Çingiz” olmaqla Bakı pölisi də postu qoyub, bir güllə atmadan qaçdı. Biz eyni zamanda qərara aldıq ki, yanvarın 18-də mitinq keçirib əhalini məlumatlandıraq. Ayın 17-də baş tutan göruş RİK-nin sədri rəhmətlik Abasqulu Fərzəliyevin kabinetində kecirildi. Görüşdə AXC RŞ-nin sədri kimi mən, məclisin sədri Eldar Əliyev və İdarə Heyətinin üzvü Oqtay Vəliyev iştirak edirdi. Generallar bizim məqsədimizi soruşdu. Fikrimizi açıq dedik. Onlardan biri gözləmədiyimiz halda dedi:
- Gəlin gərginlikdən qaçaq. Qoyun bu işlə Panteleyev məsğul olsun, sızdən də bir nəfər nəzarət etsin.
Doğrusu, qulaqlarımıza inanmadıq. Hücuma kecmək lazım idi. Eldar dedi:
- Bura gələrkən yəqin binanın qabağındakı insanları gördünüz. Sabah biz saat 13-də mitinq kecirəcəyik. Əgər dediyiniz şərtlər pozulsa, Cəbrayıl ərazisindəki bütün sərhəd məntəqələrinə dinc yurus kecirəcəyik.
Razilaşdiq ki, bizdən bu işə Oqtay nəzarət edəcək.
Mitinq basladı. Sərhəddən gələn xəbərləri həyəcanla izləyirdik. Xəbər gəldi ki, Qumlaqda Əli adlı birisi bir dəstə adamı başına toplayaraq sərhədə hücum edib, aranı qarışdırmaq istəyib. Oqtaygil dərhal qarşısını alıblar. Sərhədçilər hər işi özləri görüb, hətta suvenir kimi tikanli məftili də Oqtaya vermisdilər. Oqtaya dedik ki, Panteleyevi də götürüb mitinqə çatsın. Öz adamlarımıza da tapşırıq vermişdik ki, sərhəddəki proseslərin fotosunu çəksinlər ki, sonralar bizə lazım olacaq. Doğrudan da bu fotolar biz həbs olunanda lazım oldu.
Mitinq iştirakçıları Oqtayğili göz yaşları və alqışlarla qarşıladı. Mitinqdən sonra Oqtay Doşulu Əlınin kababxanasında, göstərdiyi "xidmətə” görə Panteleyevə qonaqlıq verməyə getdi. Qonaqlıqdan sonra ayaq üstə dura bilməyən Panteleyevi XC-nin qərargahına gətirdi və dedi:
- Uşaqlar, bunda bəzi məlumatlar var. Bu məlumatlar desantçıların kömandirinin dediyi ilə üst-üstə düşür.
Onu yenidən danışdırdıq. Məlum oldu ki, doğrudan da Möskva məkrli plan hazırlayıb. Yaxın günlərdə ya Bakıda, ya da basqa bir yerdə qırğın planlaşdırılır. Generalların arxayın danışmaları aydın oldu. Yaxşi ki, biz də səhv etməmişdik. Ayrılanda Panteleyev:
- Biz hələ görüşəcəyik, – deyə rusca bizə dedi.
Ləngimək olmazdı. Cəbrayılın polis rəisi Rəşid Məmmədovu məlumatlandırdıq, sonra XC-nin mərkəzi qərargahına gözlənilən təhlükə haqda xəbər verdik. Qırğına bir gün qalırdı. Yanvarın 19-u gecəsi nə olacaqdsa, bunu bir Allah bilirdi.

 

BAKI VƏ SƏDƏRƏKDƏN DƏHŞƏTLİ XƏBƏRLƏR

 

Yanvarın 19-da əsas işimiz ermənilərlə sərhəd kəndlərdə və İranla sərhəd məntəqələrində vəziyyətlə maraqlanmaq oldu. Ermənilərlə sərhəddə ara-sıra atışmalar olsa da, ruslar tərəfdən heç bir hərəkət yox idi. Belə sakitlik heç də yaxşi bir şey vəd etmirdi. Bu narahatliığı AXC mərkəzi qərargahından verilən telefonoqramma daha da artırdı. Məlumat verildi ki, axşam saat 8-də AXC-nin xalqa müraciəti olacaq. Dərhal yerli radio ilə əhalini məlumatlandırdıq. Sərhədlərə diqqəti daha da artırdıq. Həmin vaxt Qarabağda Şuşa televiziyası da fəaliyyət göstərirdi. Əhali buradan Qarabağ bölgəsində bas verən hadisələr barədə obyektiv məlumat alırdı. Kanala qeyrətli jurnalist, məhrum Vidadi Bağırov rəhbərlik edirdi (onunla sonra Novoçerkassk həbsxanasında görüşdük) Az bir vaxtda Qarabağ camaatının hörmətini qazanmışdı. Evlərdə televizor olduğu halda əhali XC-nın RİK-nin binasında yerləşən qərargahı qarşısındakı Azadlıq meydanına toplaşırdı.
Hər yerdə olduğu kimi, bizdə də cəbhə rayon camaatının ümid yeri idi. Əhalinin coxluğunu nəzərə alıb televizoru meydandakı tribunaya qoyduq. Saat 19-da butun kanallarda veriliş dayandırıldı. Hamı narahat oldu. Dərhal teleqüllə ilə əlaqə saxladıq. Növbətçi Fazil (Hüseyn müəllimin öğlu) bildirdi ki, Şüşadan siqnal yoxdur. Bakıdan verilişlər Şuşa vasitəsilə verilirdi. Əlavə etdi ki, Şuşa ilə birbaşa telefon əlaqəsi də yoxdur. Çalışacaqlar ki, əlaqə yaratsınlar, hec olmasa Şuşa televiziyasının siqnallarını bərpa etsinlər. Rabitə söbəsinin müdiri rəhmətlik Mamed kişi xəbər verdi ki, Bakı və ətraf rayonlarla da əlaqə kəsilib. Narahatlığın pik nöqtəsi idi. Evlərdən, rayon mərkəzinə yaxın kəndlərdən narahat insanlar axın-axın meydana axışırdı. Artıq gecədən xeyli keçmişdi. Xəbər verdilər ki, teleqüllənin rəisi Akif (Allah rəhmət eləsin) telefonda gözləyir, özü də çox həyəcanlıdır. Telefonu göturüb Akıfin səsini eşidirəm:
- Əlisoy, dəhsətdir, dəhşət. Bakıda qan su yerinə axır. Şuşadan Vidadi 5 dəqiqə sonra efirdə olacaq. Dediyinə görə, ruslar Şuşa teleqülləsinə hücuma hazırlaşır. Şuşa camaatı onların qarşısını alır ki, Vidadi efirə çıxa bilsin. Nə deyirsən, siqnalı qəbul edək?
- Akif, dərhal siqnalı qəbul edin, – deyib izdihamın qarşısına çıxıram. Minlərlə adamın nəzərləri məndıdir. Sakitcə televizorun düyməsini basıram. Vidadi həyəcanla, tələsik danisir:
- Əzızlərim, vaxt yoxdur. Ruslar teleqüllənin həyətindədir. Efiri dayandırmaq istəyirlər. Artiq qapını sındırmağa çalışırlar. Bir qədər əvvəl sovet ordusu Bakıya dörd istiqamətdən hücum edib. Şəhərdə qan su yerinə axır. Televiziyanın enerji bloku partladılıb. Ölənlərin sayı yüzlərlədir. Artıq ruslar qapını sındırıb içəri daxil olmağa calışır. Budur, qapını sındırdılar. Efiri dayandırıram. Ehtiyatlı olun.
Yasasın, Azərbaycan! – Vidadi bunu deyib qurtaran kimi ekranda veriliş dayandı…
İndi meydandakı vəziyyəti gözlərinizin qarşısına gətirin. Sözlə ifadə etmək çətindir. Birdən kimsə Azadlıq radiosunu dinləməyi məsləhət gördu. Hardansa "VEF”radiosu gətirdilər. Gitaraçi Fərəməz də mikrafon və səsgücləndirici gətirdi (evləri bir addımlıqda idi) Mirzə Xəzər (Allah ona ömur versin, xidməti əvəzsizdir – V.Ə.) ağlaya-ağlaya Bakı dəhşətindən danışırdı. Rəhmətlik Elmira xanım və Mehdi Mehdiyev də danışdı. Ustad Bəxtiyar Vahabzadənin ürək dağlayan çıxışı və müraciəti meydanı lərzəyə gətirdi. Ay Allah, mənim bu millətim nəyə qadirmiş. Hamının Bakıda qohumları və yaxınları yaşadığından camaat cox narahat idi. Gənclər "qana qan” deyirdi. Ancaq meydanda olan ağsaqqallar onları sakitləşdirdi və bildirdilər ki, bundan ermənilər istifadə edib kəndlərə hücum edə bilər. Hamı da bununla razılaşdı.
Minlərlə adam səhəri meydanda qarşıladı. Meydandakı adamları ətraf evlərin sakinləri lazım olan hər şeylə təmin edirdi. Mahmudlu stansiyasının rəisi rəhmətlik Səfər kisi mənə zəng vuraraq, onun yanına getməyimi xahiş etdi. Bildirdi ki, Naxçıvan cəbhəçiləri dəmiryol rabitəsi ilə təcili mənimlə danışmaq istəyirlər. Dərhal Mahmudluya getdim. Səhv etmirəmsə Azəflə danışdım. Bakıda baş verənlər barədə ətraflı məlumat almaq istədi. Onlar "Azadlıq” radiosu vasitəsilə xəbər tutmuşdular. Bildirdi ki, bu gecə Sədərəyə hücum olub, olən və yaralananlar var. Məlumatı yaymağımı xahiş etdi. (Burada bir məsələni qeyd etməliyəm ki, qeyrətli Naxçıvan camaatının və Naxçıvanın qorunmasında ilk növbədə cəbhəçilərin rolu əvəzsizdir. Çox təəssuf ki, naxçıvanlılar onların qədrini bilmədilər. Adlarını da bir-bir saya bilərəm. Sahmərdan başda olmaqla Allah hamısına rəhmət eləsin, hazırda haqq yolunda olanlara can sağlığı versin).
Mən Mahmudludan rayon mərkəzinə qayıtdım. Meydanda iynə atsaydın yerə düşməzdi. Ziyalılar, ağsaqqallar, gənclər çıxış edib hadisəyə qəzəb və nifrətini bildirir, ana-bacılar, qız-gəlinlər bir kənarda ağlaşır, ağı deyirdilər. Mikrafonu alıb Bakı və Sədərək hadisələri haqqında danışdım. Xəbər gəldi ki, gənclər Leninin yay klubunun qarşısındakı heykəlini dağıdıblar. Mən rəisin xahişi ilə uşaqlara tapşırdım ki, uçurulmuş heykəli rayon mərkəzindən uzaqlaşdırsınlar…

 

CƏBRAYILIN İŞĞALI. KÜTLƏVİ HƏBSLƏR

 

Dəyərli oxucular məni bağışlasınlar. Heykəllə bağlı sonralar bas vermiş bir əhvalatı danışmaq istəyirəm.
1992-ci ilin sentyabrında Azərbaycanın məşhur simaları (onların arasında görkəmli alimlər, yazıçı və şairlər, müğənnilər, aktyorlar var idi) Cəbrayılla və buradaki real vəziyyətlə tanış olmaq üçün rayona gəlmişdilər. Səbrayıllıların öz gücləri ilə rayonu necə mudafiə etmələri, azad edilmiş 14 erməni kəndini öz qüvvələri ilə qorumaları, 13 yaşli Tiqana ilə tanışlıq (Sonralar səhıd oldu. Allah rəhmət eləsin) qonaqları çox heyrətləndirmişdi. Deməyə soz tapmırdılar. Deməli, qonaqların şərəfinə "Çayarası” deyilən yerdə salınmış parkda – "Məhəmmədəlinin kababxanasında” ziyafət verdik. Etika xatirinə onların adlarını cəkmirəm, sağ olan və rəhmətə gedən var. Ürəkləri açılan qonaqlar yaxşıca yeyib içirdilər. Məşhur şairlərimizdən biri söz alıb dedi:
- Hamıdan üzr istəyirəm. Burada gördüklərim, o balaca Tiqana ilə tanışlıq mənə ləzzət etdi. Mən şəxsən cəbrayıllılara minnətdarlıq edirəm. Doğrudan da deyilmişkən varsınız. Ona görə də yaxşı yeyib içmək istəyirəm. Ancaq bizim stolun yeri yaxşı deyil. Bəlkə onun yerini dəyişək, bir az rahat olsun.
Uşaqlardan xahiş etdim ki, stolun ayağını düzəltsinlər. Bu zaman qəribə mənzərə yarandı. Bel bərk bir şeyə toxundu. Həmin stolda oturan məşhur aktyor: "Deyəsən, xəzinə tapmısıq, nə çıxsa, bizim stolundur”, – deyə zarafat etdi. Nəzərlər həmin yerə dikildi. Uşaqlar torpağı təmizləyərkən qəribə bir mənzərə ilə rastlaşdıq. Bu, 1990-cı il 20 yanvarda yıxılmış, torpağa basdırılmış həmin Leninin heykəli idi. Məclisə sukut çökdu. Mən o vaxtkı hadisəni onlara danışdım. Başı dumanlanmış bu məşhurlar sanki ayılmşdı. Sükutu həmin məşhur şair pozdu. Aradan 21 il keçsə də onun sözlərini bu gun xatırlayıram:
"Burada Azərbaycanın çox məşhur simaları oturub. Hamınız bu kiçik bölgəmizin mərd insanları ilə tanış oldunuz. Yıxılmış, xalq tərəfindən torpağa basdırılmış bu heykəli də gördünüz. Nəticə çıxarmaq lazımdır. Neçə illər bu milləti yalançı, boş ideyaların əsiri etdik. Stalinlərin, kirovların, leninlərin heykəllərini ucaltdıq, şənlərinə seirlər, mahnılar qoşduq. Sonda xalq bu heykəlləri torpaga basdırır. Heykəllər ürəklərdə olmalıdır”.
Dəyərli oxucular, sonralar bu məşhurların məddah dolu yazı və çıxışlarını gordukdə heç də təəccüblənmədim. Budur gerçək Azərbaycan ziyalısının siması. Bu, bir gerçəklikdir. İndi kecək əsas mətləbə.
20 yanvar 1993-cü il. Cəbrayıl. Azadlıq meydanı. Saat 14:00. Mitinq davam edir. Mitinqi mən aparıram. Cəbrayılın gözəl müəllimlərindən, riyaziyyatçı Murtuza Mustafayev soz istəyib, asta addımlarla tribunaya qalxdı. Bir qədər duruxdu. Sonra da hönkürtü ilə ağladi. Bir az sakitləşib cibindən qırmızı rəngli partiya biletini başı üzərinə qaldırıb dedi:
- Əzizlərim, hamınız məni tanıyırsınız. Siz bu biletin rənginə baxın, qırmızıdır, Bakıda balalarımızın qanı rəngdədır. Belə bir bileti gəzdirə bilmərəm. Mən Qorbaçova və onun partiyasına nifrət edirəm.
Murtuza müəllim: – Artıq bu bilet mənə lazım deyil, – deyib onu meydana, camaatın ayaqları altına atdı.
Minlərlə partiya bileti meydana atıldı. Mitınqdə tələb edildi ki, birinci katib Əli Rzayev başda olmaqla bütün vəzifəli adamlar biletlərini təhvil versinlər.Tələb yerinə yetirildi. İkinci tələb rayon partiya komitəsinin buraxılması oldu…
Emosiyaya qapılmaq olmazdı. Mitinq iştirakçıları tələb edirdi ki, partiya komitəsi buraxılsın və partiya biletləri Bakıya göndərilsin. Axırda qərara alındı ki, ilk partiya təşkilatları bu məsələni muzakirə etsin, özləri qərar versin, biletlər XC-nin qərargahında saxlanılsın. Ancaq RPK-nın buraxılması rayonu iflic edər, idarə və müəssisələrin işini poza və rayonun mudafiəsinə mənfi təsir göstərə bilərdi. Buna görə də ağsaqqalların dəyərli məsləhətləri ilə rayon partiya komitəsinin fəalliyyət göstərməsi qərara alındı.
Demək olardı ki, hər gün Bakıdan, Lənkərandan, Cəlilabaddan, Naxçıvandan həyəcanlı xəbərlər gəlirdi. AXC üzvlərinin kütləvi həbsləri başlanmış, təşkilat gizli fəaliyyətə keçmişdi. Televiziyanın işi bərpa edilmişdi. Bakı və Moskva həqiqəti gizlədir, azadlıq uğrunda mübarizə aparanları ekstremist, narkoman adlandırırdı. Silahları göstərir, onların cəbhəçilərə aid olduğu və muqavimət göstərikləri qeyd edilirdi.
Yanvarın 22-də Azərbaycan xalqı oz qəhrəman şəhidlərini Dağüstü parkda təntənəli surətdə dəfn etdi. Dünya belə bir izdiham, belə möhtəşəm birlik görməmişdi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Yanvar ayının 25-də KQB-nin yerli şobəsinin sədri Xaqani müəllimlə sohbətimiz oldu (millətinə sədaqətlə xidmət edən belə oğullara eşq olsun, onu həmişə hormətlə xatırlayıram). Respublikada və rayonda, sərhəd kəndlərimizdəki vəziyyəti müzakirə etdik. Onu qeyd edim ki, həmin günlərdə rayonun müdafiəsi bir an belə unudulmamışdı. Buna gorə indi də bütün cəbrayıllılar qarşında bas əyirəm. Ayrılarkən Xaqani müəllim dedi:
- Səninlə idarədə deyil, bu çöllükdə görüşməyimin səbəbini yəqin bilirsən (görüş rayonun yuxarısındakı parkda idi – V.Ə.). Mən paqon daşisam da, bu millətin oğluyam. Neçə illərdir ki, sizin fəaliyyətinizi izləyirəm. Hamınıza minnətdaram. Rayonun müdafiəsində rolunuz əvəzsizdir. Bakıdan gələn KQB müstəntiqləri məndən sizin haqqınızda məlumat istəyir, ancaq bir Allah şahiddir ki, barənizdə yalnız müsbət fikir söyləmişəm. Bilirəm ki, az da olsa, əlinizdə silah var, bunlar da rayonun müdafiəsi üçündür. Amma məsləhət görərdım ki, qərargahda silah saxlamayın. Hər şey ola bilər, ehtıyatli olun.
Ona inanmamağa haqqım yox idi. Paqon daşısa da gözəl ziyalı idi. Bizə çox köməyi dəymişdi. Sonralar cəbhəçilərə rəğbətinə görə işdən azad olunsa da, Azərbaycan müstəqillik qazanandan sonra işinə bərpa edildi. İndi təqaüddədir. Bir dəfə ğörüşə bildik. Ötən günləri, Cəbrayılı xatırladıq. Çox heyf ki, orqanlarda belə oğullar azdır.
Yanvarın 27-də rayon ağsaqqallarından Hüsü dayı, Zəkəriyyə dayı, Osman müəllim (Allah el-obamızın bütün ağsaqqallarına, Yəhya Çələbi başda olmaqla hamısına rəhmət eləsin. Onların hamısı köçkünlükdən sonra rəhmətə getdi. QARABAGDA qan bağlayan bir ağsaqqalımız qalmadı. Bizi arxasız, köməksiz qoydular. El-oba həsrətinə dözmədilər.1993-cü ildən sonra saysız-hesabsız qarabağlı dünyasını dəyişdi) qayğılı idi. Sözlü adama oxşayırdılar. Sükutu Osman müəllim pözdu:
- Bılirsiniz ki, MK-nın plenumu olacaq, yeni rəhbər seçiləcək. Bızim katib də iştirak etməlidir. Bizi də o göndərib. Plenum üzvüdür. Biletin və mandatın verin getsin. Özü də daha burda işləmək istəmir. Qayıtmayacaq. Siz bizim sözümüzü yerə salmazsınız. Biz də sizdən razıyıq.
İH-nin üzvü Eldar Əliyev dedi:
- Biz həmişə sizə hörmətlə yanaşmışıq. Əgər onun biletini qaytarsaq, camaat bizi daş-qalaq edər. Prokurorun Samil Bağırova və Rzayevə münasibətinin necə olduğunu özünüz bilirsiniz. Onlar bir-birinə acığını camaatdan çıxdılar. Nə qədər adamdan pul aldılar, tutdurmaq istədilər. Bir şərtimiz var, rayona qayıtmayacaq. Biz camaata belə də deyəcəyik.
Ağsaqqallarla görüşdən sonra Rzayevin biletini qaytarmaq üçün evinə getmək lazım idi. Məsləhət oldu ki, mən gedim və şərtlərimizi deyim. Amma elə etmək lazım idi ki, məni heç kəs görməsin, çünki camaatın bizə inamı böyük idi. Köhnə 8-illik məktəbin (Rayon mərkəzində yaşayanlar yaxşı tanıyır) həyətindəki qoz ağacına çıxıb həyətə düşdüm. Sürücüsü İsrafil çamadanları maşına yığırdı. Məni görüb dedi ki, indi aşağı düşəcək, xahiş edirəm ki, artıq heç nə demə. Rzayev gəldi və qərarımızı ona bildirdim. Birdən dedi:
- Mənə qarşı düz hərəkət etmədiniz. Mən burda Kamal Ağayev kimi katib olmadım, namusla işlədim. Gedirəm, qayıtmaq fikrim də yoxdur. Peşman olacaqsınız.
Mən onun nə demək istədiyini gözəl anlayırdım. Yəqin Ağayevi də tanıtmağa ehtiyac yoxdur. Dedim:
- Yol üstündəsiniz. Ağzınızın da danışığını bilin. Bütün Azərbaycan cəbrayıllılara bələddir. Bu bizim son görüşümüzdür.
Qərargaha qayıtdım. Uşaqlara məlumat verdim. Bakıdan, AXC-dən gizli fəalliyyətə keçmək haqda təlimat gəlmişdi. Məsləhət oldu ki, iki gündən sonra İH tam tərkibdə (15 nəfər) bunu müzakirə etsin.
Ayın 29-da RİK-nin sədri rəhmətlik A.Fərzəliyev xəbər verdi ki, Rzayev qayıdıb və hazırda kabinetindədir.
Eldar və Oktayla birlikdə onun yanına getdik, kabinetinə daxil olduq. Bizi qəbul etmək istəmirdi. Əvvəllər qabağımıza qaçardı. İndi isə sanki bizi tanımırdı. Başını qaldırmadan dedi:
- Mən dedim ki, sızi qəbul etmək istəmirəm. İcazəsiz daxil olmaqla nə demək istəyirsiniz?
Mən cavab verdim:
- Biz ağsaqqalların xahişini nəzərə aldıq. Kişi kimi onlara və mənə İsrafilin yanında söz verdiniz ki, qayıtmayacaqsınız. Camaatın sizə munasibətini də bilirsiniz. Qarşıdurma yaratmaqda məqsədiniz nədir?
Acıqlı-acıqlı dedi:
- Məni bu vəzifəyə siz təyin etmisiniz ki, mən də usaq-muşağın sözu ilə oturub durum? Sozünüz yoxdursa, gedə bilərsiniz.
Bu dəfə Eldar cavab verdi:
- Şəkinin birinci katibi Hadı Rəcəbovu (indi millət vəkilidir), səkililərin necə yola saldığını yəqin eşitmisiniz. Biz sızi daha hörmətlə yola salacağıq.
Onunla söhbət etməyin mənası yox idi. Qərargahda İH-nin iclası olduğundan ora qayıtdıq. İclasda AXC-nin gizli fəaliyyəti haqda təlimatı, rayondakı vəziyyət və Rzayevlə görüşün nəticəsi müzakirə edildi. Rzayevin bizimlə danısığı şübhə yaratmışdı. Qərara aldıq ki, təlimata uyğun olaraq təhlukə yarandığı halda, İH və fəal cəbhəçilər dərhal gizli fəaliyyətə keçsinlər. Əlarələri necə quracağımızı müəyyənləşdirdik. Bütün məxfi sənədlər gizlədildi.
Yanvar ayının 31-də xəbər tutduq ki, RPK-nın büro iclası olacaq. Bakıdan MK-dan numayəndə də gəlib. Büro saat 14-ə təyin olunub. Bizim üüün çox maraqlı idi. Həm də İH-nin üzvlərindən bir neçə nəfər uzun müddət ərizə ilə müraciət etsə də, onları hələ də partiya sıralarında saxlayırdılar. Həm də sonralar biz mitinqdə partiya biletlərindən imtina edənlərə bildirmişdik ki, əgər belə fikirləri varsa, ilk təşkilatlarına muraciət etsinlər. Buna görə kommunistlərin mövqeyi bizim üçün maraqli idi.
31 yanvar 1990-cı il. Saat 14:00. Büro iclası başlayıb. Biz qapının ağzında dayanmışıq. 15 dəqiqə keçməmişdi ki, bir ZTR (BTR) və üstündə də 20-yə yaxın təpədən dırnağadək silahlanmış xüsusi təyinatlı əsgərlər binanı və ətraf ərazini tam mühasirəyə aldı. Polkovnik rütbəli bir zabit büroya daxil olub, iclası dayandırdı. Rzayevlə söhbət etdikdən sonra əllərindəki siyahıdan İsmayıl İmanzadənin kim olduğunu soruşdular. Bizim İH-nin üzvü olan İsmayıl əsl ziyalı və şair idi. Daha sonra ruslar onu, polis rəisi Rəşid Məmmədovu və müavini Vaqif Hüseynovu qabaqlarına qatıb rayon mərkəzinə tərəf getdilər…
Çaylaqla( cəbrayıllılar bilir) Davud dayının dükanının yanından RİK-nin binasındakı qərargaha getmək istəyirdik. Binanın qarşısındakı meydana minlərlə insan toplaşmışdı. Bütün inzibati binalar nəzarətə göturülmüş, polis binası tutulmuş, polislər tərk-silah edilmişdi. Polisə gətirilmiş rəis Rəşid Məmmədov onlara kəskin etirazını bildirdikdə, onu təhqir etməkdən çəkinməmişdilər. Rayonun giriş və çıxışı ruslar tərəfindən nəzarətə götürülmüşdü. Binanın içərisində isə səs-küy, qışqırtı səsləri eşidilirdi. Bunu görən əhali onları faşist adlandırır, ruslar əleyhinə şüarlar səsləndirir, dərhal rayon mərkəzini tərk etmələrini tələb edirdi.
Vəziyyət gərgin idi. Dərhal əhali arasında təbliğat aparıb onlara Bakıda, Lənkəranda, Cəlilabaddakı hadisələri xatırladıb sakitləşməyi xahiş etdik. Bizi görənlər: – Siz burda nə gəzirsiniz, əllərində siyahı var, bayaqdan tələb edirlər ki, təslim olasınız, çıxın gedin, – dedilər.
Sonralar marşal Dmitri Yazov yazırdı: "Qarşıdakı seçkilərdə AXC-nin qələbəsi şəksizdir. Bundan sonra SSRİ-dən ayrılmaq an məsələsidir. Bura gəlməkdə məqsədimiz AXC strukturlarını dağitmaqdır”.
Binadan isə səs kəsilmək bilmirdi. Sonralar İH-nin üzvü, Osman müəllimin oğlu Oktay Vəliyev bina və rayon mərkəzinə hücum haqda danışmışdı.

 

OKTAYIN DEDİKLƏRİ

 

Siz büroya gedəndən sonra axşam sərhəd kəndlərində olduğumdan, növbətçi Xanış müəllimə şifahi məlumat verib evə getmək istəyirdim. Burda Xanış haqqında bir neçə kəlmə demək istəyirəm. Mən Xanışla orta məktəb illərindən tanışam. Böyük Mərcanlı kəndindəndir. (Cəbrayıl uğrunda şəhid olanların böyük əksəriyyəti Böyük Mərcanlıdandır. Şakir (deyilənə görə sağdır) başda olmaqla bütün Mərcanlı camaatının qarşısında bas əyirəm. Bilin ki, tək bu camaat erməninin cavabını həmişə layhqincə verib. Mərcanlılar dağa gedəndə Qafan, Gorus erməniləri qorxularından bilmirdilər ki, hansı deşiyə girsinlər. Xanış da bu yurdun ovladı idi. İdmanla məşgul olurdu. Məşhur Xudafərin mitinqlərinin təhlükəsızliyinə də Xanış rəhbərlik edirdi. Mənimlə birlikdə həbs edildi və sonrakı yazılarda onun haqqında danışacağam – V.Ə.).
Xanışa məlumat verib (hər gun İH-nin bir üzvü qərargahda növbətçi olurdu. Həmin gün Xanışın növbəsi idi) çıxanda gözlərimə inanmadım. Təpədən dırnağadək silahlanmış xüsusi təyinatlılar zirehli maşınlarla bir göz qırpımında polisi və RİK-ni, Qalalını (cəbrayıllılar bilir) mühasirəyə aldı. Hələ mən belə əsgər görməmişdim. Məni avtomatın qabağında içəri apardılar. İldırım sürəti ilə bütın mərtəbələri zəbt etdilər. Binadakı bütün adamları, hətta qız- gəlinləri, hamilə qadınları yerə uzatdılar. Qapıları qırır, vəhşicəsinə hərəkət edirdilər. Etiraz edənləri isə vəhşıcəsinə döyürdülər. Bunu görən Mülki Müdafiə qərargahının rəisi Həsən Vəliyev əməliyyata rəhbərlik edən polkovnikə dedi:
- Mən sovet ordusunun polkovnikiyəm, bu da mənim vəsiqəm. Hərəkətləriniz sovet ordusuna yaraşmır. Bu hərəkətinizi dərhal dayandırmağı tələb edirəm.
Polkovnik Yelovski (onun haqda bir qədər sonra) əmr etdi ki, bunu aparın. Həsən dayını aparandan sonra polkovnik məndən kim olduğumu soruşdu. Cavab verdim. Əlindəki kağıza baxaraq: – Vəliyev Oktay Osman oğlu sənsən? – deyə soruşdu. Təsdiq etdim.Yanındakı polkovnikə dedi ki, üçü, yəni Xanış, Oktay və İsmayıl (şair) əlimizdədir, indi yerdə qalanlarını tapın.

 

CƏBRAYILDA FÖVQƏLADƏ VƏZİYYƏT

 

İndi keçək sonrakı hadisələrə. Camaat bizi meydandan çıxarmağa çalışırdı (Bu gün Azər kimi Cəbrayıl gənclərinin qarşısında bas əyirəm – V.Ə) Bu zaman Xanışla Oktayı binadan qolubağlı çıxardılar. Polkovniklə bərabər içəridən rayon idman komitəsinin sədri, mənim də yaxın qohumum Hüseyn Abbasov (Ruhun məni bağışlasın, Sakir. Sən bu Vətən uğrunda şəhid oldun, oğlun Cavid Hüseynov futbolçu kımi milli komandanın şərəfini qoruyur. Amma bunları deməliyəm, çünki sən atana cavabdeh deyilsən. Bütün simalar açılmalıdır ki, üğrunda şəhid verdiyimiz Vətəndə kimin kim olduğu bilinsin – V.Ə.) da çıxdı. Polkovnik 20 yanvar şəhidlərinin şərəfinə endirilmiş ay-ulduzlu, qara lent bağlanmış bayrağımızı çıxarıb yerinə SSRİ bayrağını taxanda qurban olduğum cəbrayıllıların reaksiyasını görəydiniz. Yelovski meydana müraciətlə dedi:
- 31 yanvar 1990 cı il saat 16:00-dan etibarən Cəbrayıl rayonu ərazisində fövqəladə vəziyyət elan olunur. Mən, polkovnik Yelovski bu rayonun komendantı təyin olunmuşam. İndi isə əsl kommunist, qocaman müəllim Hüseyn Abbasova söz verirəm.
Bu vaxt onlarla əsgərin müsayiəti ilə Oktayla Xanışı polisə apardılar. Camaat isə buna mane olmağa çalışırdı. Gərgin vəziyyət yaranmışdı. Hüseyn Abbasov Oktayla Xanışa işarə edərək dedi:
- Ay camaat, siz kimi müdafiə edirsiniz? Bunlar sovet hökumətinin düşmənləridir. Siz də onları dəstəkləyirsiniz. Bu adamlar sərhədi dağıtdılar, Bakıda camaatı qırğına verdilər. Onlar cəzalarını almalıdır.
Bu çıxışın minlərlə şahidi var. Bu bayrağı təhqir edənləri, mən və mənim kimi dostları rusun əli ilə Rusiyanın həbsxanalarında əzablara məruz qoyanları bağışlamayacağam. Alıkeyxalı kəndindən olan əq/strongidə dostum Mamed müəllimin ruhu məni bağışlayarmı? Unutmasınlar ki, Moskvalı müstəntiq podpolkovnik Stepanov Azərbaycanı tərk edərkən adlarını bizə təqdim edib. Zamanı gəldikcə açıqlanacaq.

 

RZAYEVLƏ SON GÖRÜŞ

 

Rayon polis şöbəsi tamamilə rusların əlində idi. Onlar da tərk-silah edilmişdilər. Vəziyyət olduqca gərginləşmişdi. Hər an həbs olunmaq təhlükəsi vardı. Elə meydandaca İdarə Heyətinə və fəallara rayon mərkəzini tərk edərək, gizli fəaliyyətə keçmək tapşırığı verildi. Hansı addım atacağımız və bir-birimizlə necə əlaqə saxlayacağımız barədə hələ iki gün əvvəl qərara gəlmişdik.
Meydandakılar, xüsusən gənc cəbrayıllılar (İndi onların hər birinin 35-45 yaşları var. Bəziləri sonralar şəhid oldu. Eşq olsun sizlərə, hər biriniz mənim qəlbimdəsiniz) rayon mərkəzini tərk etməyimizi tələb edirdilər. Ruslar rayonun giriş və çıxışında güclü postlar qurmuşdu. Hər bır posta XC-nin 15 idarə heyətinin üzvünün (artıq üçü həbs edilmişdi) və fəal cəbhəçilərin siyahısı verilmişdi. Bütün nəqliyyat vasitələri ciddi yoxlanılırdı. Ona görə piyada yaxınlarımıza xəbər vermədən rayon mərkəzini tərk etdik. Kimin harda olaçağı əvvəlcədən müəyyənləşdirilmiş və çox gizli saxlanması barədə təlimat verilmişdi. Bizimlə əlaqə saxlayacaq adamları çox az adam tanıyırdı. Həmin adamlara isə, bizi bu müddət ərzində baş verən bütün hadisələrlə tanış etmək tapşırılmışdı. Mən Çərəkən kəndinə – qaynatam Müstafa Mustafayevgilə getdim. O, zabit kimi Vətən müharibəsində iştirak etmişdi. Dəli-dolu kişi idi.
Gizli fəaliyyətin elə birinci günü həyəcanlı xəbərlər gəlməyə başlamışdı. Demək olar ki, eyni vaxtda, eyni saatda bütün kəndlərdə əməliyyat keçirilmiş, gizlənməyə macal tapmayan bəzi fəallar həbs olunmuşdu. Üzə çıxmağımız üçün ailələrimizə təzyiq edirdilər. Kameralar ağzına qədər dolmuşdu. Ruslar əsasən məni, Eldar Əliyevi və Məhəmmədəli Bəkiroğlunu tələb edirdilər. Məhəmmədəli müdafiə komitəsinə rəhbərlik edirdi. Fevral ayının 2-sində axşama yaxın qaynım Nizami xəbər gətirdi ki, ruslar həm anamgilə, həm də bizə getmiş , təslim olmayacagım halda onları həbs edəcəklərini bildirmişdilər. Axşama yaxın isə, üzə çıxacağımız halda, rusların fəal cəbhəçilər və mitinq zamanı tutulanları azad edəcəkləri xəbərini aldıq. Həbs edilmiş Oktayın vəziyyəti xüsusilə pis idi. Gün ərzində bir neçə dəfə təcili yardım çağırmışdılar. Çox fikirləşmədim. Bilirdim ki, uşaqların ikisi (Eldar və Məhəmmədəli) Cəbrayıl ərazisini tərk edib. Ona görə də təslim olmaq qərarına gəldim. Anam yaşlı və xəstə, övladlarım azyaşlı idi. Həm də "Azadlıq” radiosu vasitəsilə respublikada baş verən hadisələrdən xəbərdar idim. Vilnüs, Tbilisi və Bakı hadisələri bir daha bu sistemin çokməsini sübut edirdi.
Fevralın 2-də səhər tezdən qohumlarla vidalaşıb təslim olmaq üçün evdən çıxmaq istəyirdim. Elə bu vaxt xəbər verdilər ki, Əli Rzayev vaxtilə Beyləqan rayon PK-nin birinci katibı işləmiş, müəmmalı surətdə dünyadan köçən (deyilənə gorə özünü asmışdı, amma indiyə qədər buna heç bir cəbrayıllı inanmır) Vahid İsmayılovun həyat yoldaşı Tofiqə xanımın yas yerinə gəlib. Onlar həyat yoldaşım tərəfdən mənimlə qohum idi, digər tərəfdən oğlu Mobillə (indi Cəlilabadın prokurorudur) bir yerdə oxumuşduq. Həm onlara baş sağlığı vermək, həm də Rzayevə ürək sözlərimi demək üçün mən də yas yerinə getdim.
Yas yerində xeyli adam vardı. Hamı məni görüb təəccübləndi. Yas sahiblərinə başsağlığı verib, Rzayevin harda olduğunu soruşdum. Rzayevin tək olmadığını, KQB zabiti Xaqani müəllimlə gəldiyini dedilər. Dediklərinə görə, onları ruslar müşayiət edirdilər. Sadəcə camaatı əsəbiləşdirməmək üçün əsgərləri kəndin girəcəyində (Təvərədə) saxlayıblar. (Fikir verin, onlar öz torpağımızda rusların köməyi ilə gəzirlər. O vaxtlar bizi satdıqları kimi, indi də hansısa bir hadisə baş versə Azərbaycanın maraqlarını və qeyrətli oğulları istənilən yerə sata bilərlər – V.Ə.)
Mən əlləri cibimə salıb yuxarı mərtəbəyə qalxaraq içəri otağa daxil oldum. Otaqda Vahid İsmayılovun qudası , keçmiş KQB işçisi, əslən Zəngilandan olan Bəxtiyar dayı, Xaqani müəllim, "26 –lar” kolxozunun sərdi mərhum Köçəri Babayev, Rzayev və tanımadığım bir adam da vardı. Deyəsən, əllərim cibimdə olduğu üçün qorxmuşdular. Məni görən Rzayev özündən asılı olmayaraq ayaq üstə qalxdı, ağappaq ağardı, sifətinə ölüm rəngi çökdü. Xaqani müəllimlə Köçəri dayı (onun bacısı qızı Raya mənim mamam oğlu Sarvanın (çayçı Telmanın qardaşı) həyat yoldaşı idi) ikisi də eyni vaxtda: – Bura yas yeridir, əlini cibindən çıxar və silahı da stolun üstünə qöy, sonra danışarsınız, – dedi.
Bu vaxt qaynatam Mustafa kişi ilə Çərəkəndən olan Kəmaləddin içəri girdi. Görünür, mənim yuxarı qalxdığımı onlara xəbər vermişdilər. Allah Mustafa kişiyə də rəhmət etsin (Yazıya başlayandan bu sözü çox işlətmisəm. Bu haqda düşünün, əziz qarabağlılar, əziz cəbrayıllılar).

 

 

Xatirənin bu bölümunü yazarkən saata baxıram. 19 yanvar 2014 saat 18:00. Bu saata qədər Azərbaycan teleməkanı eynən həmin illərdə olduğu kimi yenə öz ampluasındadır. Sabah bu şou davam edəcək, cəmi bir gün. Ayın 21—dən yenə də çal-çağır başlayacaq. Mən və mənim kimilər o vaxt şəhıd olmadıq. Biz canlı şəhidlərik. Kimliyindən asilı olmayaraq bu mübarizəyə kölgə salmağa heç kəsə imkan verməyəcəyik. İndi isə keçək əsas məsələyə…
"Əllərimi cibimdən çıxarıram. Rzayev hələ də ayaq üstədir. Xaqani müəllim də təlaşlıdır. K.Babayev bir daha tələb edir ki, silahı da verim. Üzümü Rzayevə tuturam:
- Köçəri dayı, üstümdə silah yöxdur. Əgər olsaydı, mən bunu elə sizin yanınızda güllələyərdim. Bu adam Bakı qırğınını gördü. Bakıya getdi və rusu da özü ilə gətirdi. Bu azmış kimi rusun əlinə siyahı verib, illərlə Cəbrayılı qoruyan oğlanları həbs elətdirir. İndi də ana-bacılarımızı, ailələrimizi həbs etdirmək istəyir ki, bız üzə çıxaq.
- Rzayev, bu nə deyir, – deyə Babayev bozardı.
Görünür, mənə inanmırdı.Rzayev isə susurdu və hələ də ayaq üstə idi. Mən üzümü Babayevə tutub dedim:
- Köçəri dayı, mənim bura gəlməkdə məqsədim başqadır. Mən bir şərtlə üzə çıxacagam. Oktay başda olmaqla bütün həbs olunanlar azad edilməlidir. Bundan sonra ailələrimizi narahat etməyəcəklər. Sabahdan rayonda XC fəaliyyətini dayandıracaq. Məsuliyyət isə rusların və Rzayevin boynundadır. Tarix kimin kim olduğunu sübut edəcək, – deyib otaqdan çıxdım.
Belə tezliklə təslim olmaq fikrim yox idi. Gızli fəaliyyətə keçmiş cəbhəçilərlə görüşmək lazım idi. Mən təslim olmaqla bir müddət diqqəti yayındırmaq, uşaqlara təzyiqi azaltmaq istəyirdim. Qaynım Nizaminin "ZİL”-ində rayon mərkəzinə daxil olduq. Nizamiyə kimləri görmək istədiyimi bildirdim. Tapşırdım ki, hamını "Məmmədbəy kəhrizi”nin yanina gətirsin.
Bir saatdan sonra Nizami adlarını çəkdiyim uşaqları topladı. Hamı mənim üzə çıxmağımdan narazı idi. Səbəbini izah etdim. Razılaşdılar. Uşaqlar bildirdilər ki, Bakıdan "Səhər” qəzetinin 25 yanvar tarixli nömrəsindən 1000 nüsxə göndərilib. Bir nüsxəsini də mənə gətirmişdilər. Dəhşətli idi. (Bu gün də həmin qəzetin çapında xidmətlərinə görə Məzahir Süleymanova, Şakir Yaqubova təşəkkür edirəm – V.Ə.). Qərara aldıq ki, qəzet rayon əhalisi arasında paylansın. Bakı qırğını fotolarla sübut edilirdi. Həbsimdən sonra Tahir və Mahir qardaşları Cəbhənin fəaliyyətinə nəzarət etməli idi. İndi o gənclərin 40-45 yaşları var. Mən onlarla qürur duyuram. Bu gün də adlarının çəkilməsini istəmirlər. Uşaqlardan böyük ümidlə ayrıldım. İlahi, mənim millətimin belə oğlanlarını həmişə qoru.
Fuad Səhriyaroğlu (Səhriyar müəllim Azərbaycanın qeyrətli ziyalılarından idi. Milli azadlıq hərəkatının Cəbrayılda fəaliyyətində əvəzsiz xidməti olmuşdu. Oğlu Fuad da hərəkatçı idi) ilə evə gəlib həyat yoldaşım və övladlarımla görüsüb halallıq almaq üçün Fuadla anamgilə getdim. Yazıq sevindiyindən uçurdu. Dedi:
- Ay Fuad, bunu hardan tapıb gətirmisən. Bu camaat da danışmağa söz tapmır. Hamı deyir ki, ruslar oğlunu axtarır. O günü də əsgərlər gəlmişdilər ki, oğlun hardadır. Dedilər ki, oğlun sovet hökumətinin düşmənidir. Mən də dedim ki, oğlum ali təhsilli müəllimdir.
- Ay Gülzar xala, qələt eləyirlər, sən bir yemək hazırla, – Fuad zarafatla dedi.
- Qadan alım, ay Fuad, yaxşı kotlet hazırlamışam, keçin oturun.