Milli təhlükəsizliyimiz...
Tarix: 13-11-2015 03:02
Hələ orta məktəbdə oxuyarkən hüquqşünas olmağı düşünür, lakin hansı qurumda işləmək istəyimi dəqiqləşdirə bilmirdim. Xəyallarımda o vaxtkı DTK, indiki Milli Təhlükəsizlik Nazirliyində işləmək barədə də düşünürdüm. O vaxtkı DTK demək olar ki, tam qapalı, məxfi bir qurum olsa da hər bir sovet vətəndaşı ölkənin bu qurumu ilə qürur duyurdu. Bu orqan sözün əsl mənasında hər bir qurumdan yüksəkdə dayanırdı.
Sovet rejimi dönəmində Azərbaycan DTK-nın rəhbərliyində ulu öndərin olduğu dövrlərdə məhz o, səlahiyyət və imkanları daxilində sözün əsl mənasında xalqına və millətinə xidmət etdi. Heydər Əliyev həm də xalqının bir çox azadlıq aşiqlərini daha ağır cəza və həbslərdən qorudu, habelə gələcək üçün milli kadrlar yetişdirdi.
Müstəqillik dövrümüzün Milli Təhlükəsizlik Nazirliyinin də enişli-yoxuşlu yolları oldu. İctimai-siyasi vəziyyətin tələb və şərtlərinə uyğun bəzi arzuedilməz şəxslər bu quruma rəhbərliyə gətirildi. Lakin onlar göstərilmiş etimadı doğrulda bilmədilər (sabiq nazir Namiq Abbasovu istisna edirəm).
Bəs son 10 ildə dövlətin və xalqın milli təhlükəsizliyini qorumalı olan bir qurumun rəhbərliyində təmsil olunan şəxslər niyə öz millətinə təhlükə mənbəyinə çevrildilər? Keçmiş OBXSS – SƏDM işçilərindən formalaşmış bu tərkib niyə cinayətkar dəstəyə çevrildi?
Ulu öndər deyirdi ki, cəmiyyət iki şeydən sarsılır: birinci- cinayətkar cəzasız qalanda, ikinci-günahsız cəza alanda.
Bu dəstə isə cəzasız qaldığına görə uzun müddət fəaliyyət göstərə bildi.
Çoxları onların qanunsuz fəaliyyəti və reketçiliyi ilə bağlı məlumatlı idi. Lakin hamıda bir qorxu, xof yaradılmışdı. Çünki bu qurumun rəhbərliyindəki şəxslər səsini çıxaran, şikayət edən hər kəsdən vətən xaini, narkotik alverçisi və s. kimi cinayətkar yaradıb həbsə atdırırdı.
Cənab Prezident İlham Əliyev neçə illərdir cəmiyyətə müraciət edir, ictimai nəzarətin gücləndirilməsindən söz açır və əslində bizlərdən kömək istəyirdi. Çoxumuz isə susurduq. Deməli baş verən hadisələrdə günahkarı həm də cəmiyyətin içində axtarmaq lazımdır.
Haqqı və hüququ pozulan şəxslər cənab Prezidentin adına bir teleqram vurmağa, bəzi qurumlarda yaradılmış qaynar xətlərə zəng etmək əvəzinə orada-burada deyinməklə məşğuldursa, günahı özümüzdə də axtarmalıyıq.
Onu da qeyd edim ki, bu cinayətkar dəstəyə xidmət edən, ictimai rəyi çaşdıran QHT-lərin və bəzi mətbuat orqanlarının günahı elə Çovdarovlar qədərdir! MTN-nin hansı mətbuat orqanlarını himayə etdiyini Mətbuat Şurası bilməmiş deyildir.
Bu harınlamış, qudurmuş zülmkar cinayətkar dəstənin fəaliyyətini deşifrə etmiş cənab Prezidentə isə yalnız ürəkdən təşəkkür düşür.
Saxlanılaraq MTN-ə gətirilmiş şəxslərin çoxunu həbslə hədələyən bu dəstənin üzvləri istədiyi ittihamı elan etməklə şəxsləri tuta, saxlaya, həbs edə bilirdilər. Elə buradaca çox vacib bir təkliflə bağlı çıxış etmək istəyirəm.
Bəlkə AR Cinayət Prossesual Məcəlləsinin 215.2-ci maddəsini artıq dəyişməyin vaxtı çatmışdır?! Həmin maddəyə görə cinayət işləri üzrə ibtidai istintaq prokurorluq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanları dedikdə isə Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi başa düşülür.
Hər bir qurumda ayrıca istintaqın aparılması bəzi hallarda obyektivliyə deyil, həmin qurumların maraqlarına xidmət edir ki, bu da yolverilməzdir. Məncə ölkədə prokurorluğun nəzarəti altında vahid istintaq idarəsinin yaradılmasının vaxtı çoxdan çatmışdır.
MTN-dəki cinayətkar dəstənin cəza otaqlarında nə qədər insanın şərəf və ləyaqəti alçaldılmışa, bir o qədər də ləyaqətli insanlara qarşı qərəzli və diktə ilə ifadələr alınmış, insan taleləri məhv edilmiş, körpələr, qadınlar, valideynlər gözü yaşlı qalmışlar.
Hətta inanıram ki, tezliklə məşhurHacı Məmmədov da danışacaq, polis generalı Zakir Nəsirov və qeyrilərinin əleyhinə niyə, necə və nə səbəbə görə ifadə verdiyini açıqlayacaqdır.
Mətbuatda MTN-dəki cinayətkar dəstə ilə bağlı dəqiq və qeyri-dəqiq yazılar getməkdədir.
Bir qeyri-dəqiqliyi redaktə etmək istəyirəm ki, bu məlum dəstə cinayətkar dəstə deyil. Bu heç mütəşəkkil cinayətkar dəstə də deyil.
Bu, Cinayət Məcəlləsinin 34.4 maddəsində göstərildiyi kimi, ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə sabit mütəşəkkil cinayətkar qrupun yaradılması və eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil cinayətkar qrupun sabit birliyi: cinayətkar birlik hesab edilməlidir.
Belə cinayətkar qrupun həm vergi, həm də rabitədə mövcud olduğunu artıq bilirik. İnanıram ki, ölkədən xaricdə də onlarla əlbir işləyən digər cinayətkar qrup mövcuddur.
Vergilər Nazirliyindəki bu qrupun rəhbəri, idarə rəisi, general Vidadi Məmmədovla bağlı da məlumatlar gəlməkdə davam edir. Məlumatlarda bildirilir ki, o öz otağında sahibkarlardan pul ala bilmədikdə onları qandallayır, 8-10 saat binada saxlayır, hədə-qorxu gəlir, təhqir edir, sahibkarlar barədə informasiyaları MTN-ə ötürürdü.
Konkret olaraq belə bir qanunsuzluğun birinin qarşısını mən çətinliklə də olsa ala bilmişdim.
Əli heç kimə çatmayan sahibkarların vəziyyətini təsəvvür etmək çətin deyil.
Ümid edirəm ki, istintaq hər şeyə aydınlıq gətirəcək və sonda insanlara və zərərçəkmişlərə dəymiş zərərlər ödənildikdən sonra AR Cinayət Məcəlləsinin 99-1.1.2 maddəsinə uyğun olaraq bu sabit mütəşəkkil cinayətkar birliyin üzvlərinin cinayət yolu ilə əldə etdikləri pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və digər əmlak hesabına əldə edilmiş gəlirlərin hamısı dövlətin nəfinə müsadirə ediləcəkdir.
Onların hamısı həm də ali general rütbələrindən və digər rütbələrdən məhrum edilməlidir.
Bunu qanun və göz yaşları axıdılmış, əmlakları və pulları əllərindən alınmış, ləyaqətləri alçaldılmış, əsassız həbs edilmiş və hələlik bilmədiyimiz bir çox cinayətlərin qurbanı olmuş şəxslər tələb edir.
Əziz oxucu, mən bu yazımda bütün MTN əməkdaşlarını və nazirliyi ittiham etməkdən çəkindim. Çünki bu qurumda çalışanların böyük əksəriyyəti öz peşə fəaliyyətləri ilə məşğul olmuş və vəzifələrini ləyaqətlə yerinə yetirmişlər. Biz bu qurumun rəhbərliyində olmuş cinayətkar birliyə daxil olanların əməllərindən danışmalıyıq. Bu da doğrudur ki, həmin şəxslər MTN nüfuzuna böyük zərbə vurmuşlar. Həm də milli professional kadrları bu qurumdan kənarlaşdırmışlar.
Belə hesab edirəm ki, MTN-nin əvvəlki nüfuzunu bərpa etmək üçün çox uğurlu işlər görülməli, kadr islahatları davam etdirilməlidir.
İnanıram ki, bu istiqamətdə aparılan islahatların tezliklə müsbət nəticəsini görəcək və dövlətimizin milli təhlükəsizliyini qorumalı olan bir qurumun uğurlu fəaliyyətinin şahidi olacağıq.
Sonda onu da qeyd etmək istəyirəm ki, gəlin cənab Prezidentin bu cür neqativ hallara qarşı apardığı mübarizədə hamımız bacardığımız kimi ona dəstək olaq.
P.S. Onu da qeyd etmək istəyirəm ki, cənab Prezidentin sərəncamı ilə mən də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (komissiyanın sədri sabiq nazir Eldar Mahmudov idi) üzvüyəm. Çox təəssüf ki, bu komissiyanın işi də bərbad vəziyyətdədir. İnanıram ki, komissiya tezliklə yeni tərkibdə toplanacaq və işlək bir quruma çevriləcəkdir.
Seçilmişlər
Ən çox oxunanlar