Hafiz Hacıyevdən jurnalistin həbsinə - MÜNASİBƏT
Tarix: 20-02-2015 20:38
"Jurnalist gördüyünü yazırsa, burada pis bir şey yoxdur. Bu tənqiddən nəticə çıxarmaq lazımdır".
Bu fikirləri Aktual.az-a Müasir Müsavat Partiyasının sədri deyib. O, məmurların mətbuatın üzərinə hücumunu pisləyib: "İmişli İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bizimlə qohumdur. Onunla bağlı olan məsələyə münasibət bildirmək istəmirəm. Müəyyən səbəblər var. Ümumiyyətlə, deyə bilərəm ki, heç bir məmurun ixtiyarı yoxdur ki, mətbuatın "ağzını yumsun". Tənqidlərə dözümlü olmaq lazımdır. Bu barədə ölkə prezidenti dəfələrlə fikir səsləndirib. Məmurların mətbuatın üzərinə hücumunu pisləyirəm. Biz demokratik ölkədə yaşayırıq. Azərbaycanda mətbuat azadlığı var. Jurnalist gördüyünü yazırsa, burada pis bir şey yoxdur. Bu tənqiddən nəticə çıxarmaq lazımdır".
Qeyd edək ki, Avropa.info saytının bölgə müxbiri Saleh Qafarlı dünən İmişli rayon Polis İdarəsinə çağırılıb. Onun polisə çağırılmasına səbəb kimi sosial şəbəkələrdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevi təhqir etməsi göstərilir. Saleh Qafarlı son günlər rayondakı Şəhidlər Xiyabanı ərazisinin və İmişli rayonundan keçən suvarma kanalı ərazisinin satılması ilə bağlı yazılar yazıb.
Seçilmişlər
Ən çox oxunanlar