Tənzilə Rüstəmxanlı İlham Əliyevə müraciət etdi
Tarix: 14-09-2014 00:38
"Azəri-Türk Qadınlar Birliyi"nin sədri, bir müddət öncə dəyərli ziyalımız, professor, baş nazirin keçmiş müavini və keçmiş təhsil naziri Firudin Cəlilovun Türkiyədə dövlət hesabına müalicə olunmasına nail olmuş Tənzilə Rüstəmxanlı daha bir xoşməramlı təşəbbüslə çıxış edib.
O çox çətin durumda və ağır maddi şərtlər altında yaşayan, millət və dövlət qarşısında bu qədər xidmətlər göstərməsinə, istiqlalçı deputat olmasına baxmayaraq 150 manat təqaüdlə "mükafat"landırılmış, daha doğrusu, taleyin ümidinə buraxılmış Firudin Cəlilova prezident təqaüdü verilməsi üçün dövlət başçısı İlham Əliyevə müraciət edir və ölkənin bütün ziyalı kəsimini, siyasi mənsubiyyətindən asılı olmayan bütün milli mücadilə tərəfdarlarını bu təşəbbüsə qoşulmağa çağırır.
"Hörmətli Prezident İlham Əliyev bir neçə müddət bundan öncə Azərbaycanın dəyərli bilim adamı Firudin Cəlilovun Türkiyədə müalicə olunması üçün öz qayğısını əsirgəmədi. Bunun üçün Azərbaycan ziyalıları olaraq cənab prezidentimizə çox minnətdarıq. Umummilli lider Heydər Əliyev də hər zaman Azərbaycan ziyalılarına öz qayğısını əsirgəməyib və biz də millət olaraq onu heç zaman unutmayacağıq.
Cənab İlham Əliyev!
Bu gün Sizin qayğınıza ehtiyacı olan ziyalılarımızdan biri də bir müddət öncə ölümün pəncəsindən xilas olmasına yardım etdiyiniz Firudin Cəlilovdur. Firudin Cəlilov 20 ildən yuxarı bir zamandır işləmir və çox böyük maddi sıxıntılar içində yaşayır. Nəzərə alınsa ki, o günlük dərman hesabına yaşayır və gəlir mənbəyi yoxdur. O indiki ağır şərtlər altında 150 manat təqaüd hesabına yaşayır. Onun Azərbaycan Dövləti və Milləti qarşısındakı xidmətləri nəzərə alınaraq, Sizin də alimlərimizə göstərdiyiniz qayğını bildiyimiz üçün bu müraciəti etmək qərarına gəlmişəm və inanıram ki, bu dəfə də qayğınıza möhtac olan bir vətənpərvər alimimizə haqq etdiyi diqqəti göstərəcəksiniz. İnanıram ki, məhz Sizin göstərişinizlə Firudin Cəlilova prezident təqaüdü verərək ömrünün geridə qalan qismini rahat yaşması üçün şərait sağlanmış olacaq.
Bu məsələdə mən siyasi baxışlarından asılı olmayaraq hər kəsi, ölkənin bütün ziyalı kəsimini bu təşəbbüsə qoşulmağa dəvət edirəm və əminəm ki, bu çağırışımız cavabsız qalmayacaq və prezident İlham Əliyev dövlətimizə, məmləkətimizə sahib çıxdığı, hər birimizin sağlamlığının və təhlükəsizliyinin qarantı kimi çıxış etdiyinə görə millətimizin nüfuzlu ziyalısına da sahib çıxacaq."
Seçilmişlər
Ən çox oxunanlar