Qubadlının doğma sahiblərinə qovuşmasının ikinci ili tamam olur
Tarix: 25-10-2022 14:43
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunan rayonda quruculuq dövrü başlayıb
Azərbaycan! – Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!
Yazıma rəhmətlik şair Tofiq Bayramın “Azərbaycan deyəndə” şeirinin misraları ilə başlamağım səbəbsiz deyil. “Azərbaycan!- Bu nida qayaları silkələr”. Şairin öz şeirində vurğuladığı kimi də oldu. Belə ki, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə kimi davam edən 44 günlük Vətən müharibəsində mənfur Ermənistan ordusunun başını “Dəmir yumruq”la əzdi. Dünya hərb tarixində hələ belə qələbə görülməmişdi. Bu qələbə sayəsində 30 ilə yaxın müddətdə davam edən Qarabağ həsrətimiz sona çatdı. Rəşadətli Ordumuz 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi Quba, Mart, 1992-ci ildə törətdikləri Xocalı, Kərkicahan, Qaradağlı, Malıbəyli, Quşçular, Ağdaban, Ballıqaya və Başlibel faciələrinin qisasını almış oldu. Düşmənə heç vaxt unutmayacaqları dərs verdik. Azərbaycan son 200 illik tarixi ərzində misli görünməmiş uğura imza atdı. Bu tarixi qələbə Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, qətiyyəti, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun gücü, şəhidlərimizin canı, qanı bahasına və xalqımızın birliyi hesabına əldə olundu. İqtidar-Ordu-Xalq birliyinin möhkəmliyi, dönməzliyi Azərbaycanın əbədi, əzəli torpaqlarını 30 il işğal altında saxlayan ermənilərin, dolayısı ilə onlara havadarlıq edən ölkələrin başını elə əzdi ki, dünya buna şahidlik etdi. Azərbaycan Ermənistanı həm döyüş meydanında, həm də diplomatik müstəvidə nokaut etdi. Bütün dünya dövlətləri bilirdi ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub və sülh diplomatiyasını dəstəkləyib. Lakin BMT Təhlükəsizlik Şurasının Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərindən işğalçıların qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistanın destruktiv mövqeyi ucbatındən münaqişə uzun illər həll olunmamış qalmışdı. ATƏT-in Minsk qrupu bu münaqişə ilə bağlı 1992-ci ildən sülh danışıqları aparmasına baxmayaraq, onun fəaliyyətinin heç bir nəticəsi olmadı. BMT TŞ-nin qətnamələri yalnız Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatlarından sonra başlayan əks-hücum əməliyyatları nəticəsində icra olundu. Azərbaycan Ermənistanı BMT Nizamnaməsinin 51-ci maddəsinə (dövlətlərin öz suveren ərazisini müdafiə etmək hüququ) uyğun olaraq hərbi yolla məğlub etdi. Azərbaycan Ordusu bir-birinin ardınca işğal altında olan doğma torpaqlarımızı azad etdi. 2020-ci ilin 25 oktyabr tarixində Qubadlı rayonu da əsl sahiblərinə qayıtdı.
Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olaraq rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başladı.
Həmin gün Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edildi. Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtardı.
Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün tvitter hesabından elan etdi. Bu gün həmin şanlı tarix səhifəsinin ikinci ili tamam olur. Qubadlı 2 ildir ki, öz doğma sahiblərindədir. Erməni vandalları digər rayonlarımızda etdiyi kimi Qubadlıda da daşı daş üstə qoymayıblar. Məscidlərimizi, qəbristanlıqlarımızı, dini, tarixi və mədəniyyət abidələrini barbarcasına təhqir edib dağıdıblar.
İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.
Erməni vəhşiliyini sadalamaqla bitməz. Azərbaycanın dəmir yumruqlu Qalib Sərkərdəsi İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız bu gün dirçəliş dövrünü yaşayır. Cənab Prezident mütəmadi olaraq işğaldan azad olunmuş rayonlara səfərlər edərək abadlıq-quruculuq işləri istiqamətində lazım olan addımları atır. İşğaldan azad edimiş bütün rayonlarımızda tikinti-yenidənqurma işləri həyata keçirilir. Artıq Qarabağa, Şərqi Zəngəzura qayıdış başlayıb. Zəngilanın Ağalı kəndində salınan “Ağıllı kənd” layihəsinin sakinləri doğma yurdlarına qayıdıblar. Xalqın iradəsini ifadə edən dövlət başçısı münaqişənin birdəfəlik həlli üçün “hərb, ya sülh” tezisini daim rəhbər tutub. “Azərbaycan nə yolla olur-olsun öz ərazi bütövlüyünü təmin edəcək” deyən dövlət başçısı bununla öz qətiyyətli mövqeyini bütün dünyaya sərgilədi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari oldu. Azərbaycan Ordusunda isə bir nəfər də olsa geri addım atmadı. Təcavüzkar Erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında diz çökdü. Vətən müharibəsində Qələbəyə həsr olunmuş 10 dekabr tarixində keçirilmiş Zəfər paradı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixi çıxış edərək düşmənə daha bir öldürücü zərbə vurdu. Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Ki, bu da Ermənistan və havadarlarına əsl göz dağı idi. Sonda Qubadlını əsl sahiblərinə qaytaran Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevə Allahdan möhkəm can sağlığı arzulayır, bu yolda öz şirin canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazi qardaşlarımıza isə tezliklə şəfa tapmalarını diləyirəm. İnanıram ki, Qubadlının və bütövlükdə Qarabağın azad olunmasına görə bütün şəhidlərimizin, o cümlədən əslən Qubadlı rayonundan olan Milli Qəhrəmanlar Əliyar Əliyevin, Şükür Həmidovun, Bəylər Ağayevin, Aslan Atakişiyevin, Səfa Axundovun, Ələkbər Əliyevin, Kazımağa Kərimovun, Aqil Məmmədovun, Kərəm Mirzəyevin, Vasili Əliyevin, Fəxrəddin Cəbrayılovun, şəhid mayor Rüfət Əsgərovun, Həsən Qorxmazın ruhu şaddır.
Qayıdışın mübarək doğma QUBADLI!
Pərvin Mahmudov
Seçilmişlər
Ən çox oxunanlar