Prezidentin tələbindən sonra YAP-da hansı dəyişikliklər olacaq? - Natiq Cəfərlidən reaksiya
Tarix: 10-03-2021 16:19
Hakimiyyət 2019-cu illərin əvvələrindən yeni islahatlara start verdi. İdarəetmədə çevikliyi artırmaq məqsədilə başlanan struktur islahatları daha sonra sosial, iqtisadi və siyasi sferanı əhatə etdi.
Bir çox yeni qurumlar yaradıldı. Habelə iqtidarda olan Yeni Azərbaycan Partiyasında da dəyişikliklər həyata keçirildi. YAP-ın VII qurultayında ölkə rəhbəri idarəetmədə müəyyən zəif yerlərin olması, hətta müharibə zamanı islahatların aparılması zərurəti ilə bağlı mövzuya toxundu.
Ölkədə aparılan islahatlarla və Prezidentin qurultayda çıxışı zamanı toxunduğu məqamlarla bağlı Bakivaxti.az-a açıqlama verən ReAL Partiyanın icra katibi Natiq Cəfərli bildirdi ki, cəmiyyətdə Yeni Azərbaycan Partiyasının qurultayından sonra müəyyən gözləntilər formalaşdı:
“Burda həm komanda dəyişikliyi, həm də strategiya dəyişikliyi baş verəcək, çünki Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatında önəmli rol oynamaqdan kənarda qalmışdır. Bir məmuriyyət partiyasına çevrilmişdir. Siyasi partiyanın əsas işi tezislər, proqram sənədləri, müxtəlif mövqe sənədləri ortaya qoymaq, müxtəlif məsələlərlə bağlı diskurs açmaqdır, amma biz bunu Yeni Azərbaycan Partiyasında uzun illərdir görmürük. Qurultaydan sonra belə bir ehtimal və ümid yaranıb ki, siyasi partiya kimi fəaliyyət göstərmək üçün Yeni Azərbaycan Partiyası artıq klassik partiyaya xas olan addımlar atacaq, proqram sənədlərinin hazırlanmasına, onların diskursa açılmasına, cəmiyyətdə siyasi diskusiya mədəniyyətinin yüksəlməsinə xidmət edəcək. Pezident çıxışında da yaxın üç ay müddətində yeni proqram sənədlərin hazırlanması ilə bağlı tapşırıq verdi. Görək, üç aydan sonra Yeni Azərbaycan Partiyasında hansı formada transformasiya olacaq. Ümumiyyətlə, dəyişiklik yalnız iqtidar partiyasında baş verəsi deyil, artıq ölkə idarəetmə sisteminin təkmilləşməsinə zərurət yaranıb, buna zaman yetişib. İdarəetmənin forması, fəlsəfəsi dəyişdirilməlidir. Biz dəfələrlə siyasi partiyaların ölkə cəmiyyətində və gündəmində rolunun yüksəlməsi istiqamətində yeni bir konstitusiyanın qəbul olunmasının da zamanı yetişdiyini demişik. Siyasi partiyaların güclənməsinin əsas şərtlərindən biri proporsional seçki sistemidir. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanda proporsional seçki sistemi də bərpa olunacaq”.
Seçilmişlər
Ən çox oxunanlar