Onlayn səsvermə qəbul edilmədi - “Heç bir mötəbərliyi yoxdur”
Tarix: 08-02-2020 19:32
9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar yanvar ayının 17-dən başlayaraq ölkənin bir neçə internet saytında dairələr üzrə “Seçki-2020 onlayn səsvermə” keçirilib.
Sosial media üzərində aparılan sorğular nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Modern.az-a danışarkən bildirib ki, bu cür sorğuların keçirilməsi mənasızdır:
“Əgər söhbət sosial media üzərində hər hansı bir sorğudan gedirsə, burda məhdudiyyət ola bilməz. Çünki, bu sorğular əsasən könüllülük prinsipi ilə həyata keçirilir. İstifadəçi bu sorğuda iştirak edə də bilər, etməyə də bilər. Hər hansı bir dairədə qeydiyyatdan keçmiş namizədlərə səs vermədən söhbət gedirsə, burada sorğu seçici olanlar arasında keçirilər. Ancaq bunun sosial mediada keçirilməsi imkansızdır. Çünki sosial mediada aparılan sorğunu müxtəlif ölkədə olan vətəndaşın görmək imkanı olur. Bu sorğu nəticə etibarilə obyektivliyi olmayan bir sorğu təsiri bağışlayır. Tutaq ki, sosial medida 50 min adam səs verirsə, sadəcə burda 50 nəfər o dairədə qeydiyyatdadırsa, 50 adam iştirak etmiş olur. Yerdə qalan insanın səsi boşuna hesab olunacaq. Düşünürəm ki, belə bir şeyin müzakirəsi belə mənasızdır. Çünki sosial sorğular hər hansı bir formada sosioloji elmə dayanmalıdır. Ən azından burada ardıcıllıq özünü göstərməlidir”.
Ekspert hesab edir ki, belə sorğuların nəticəsini media müzakirə etməməlidir.
“Tutaq ki, kimsə bir səhifə açır və səhifədə də 500 nəfər dost var, hamısı da, həmin namizədə səs verir. Düşünürəm ki, bu sorğu deyil və heç bir mötəbərliyi də yoxdur. Mötəbərlik o zaman olar ki, onun metodologiyası aydın olsun. Hesab edirəm ki, bu cür sorğular qəbul edilən bir sorğular deyil. Belə bir sorğunun nəticəsini medianın müzakirə etməsi mənasızdır”.
Qeyd edək ki, “Seçki-2020 onlayn səsvermə”nin nəticəsi olaraq həm dairələr üzrə ən çox səs gələn namizədlər, həm də sorğuda Respublika üzrə ən çox səs toplayan 10 namizədin adı müəyyən olunub.
Seçilmişlər
Ən çox oxunanlar