Etibar Hüseynovdan Milli Məclis sədrinə şikayət
Tarix: 13-10-2014 22:45
Qarabağ Azadlıq Təşkilatı (QAT) deputat Etibar Hüseynovun son hərəkəti ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədova müraciət göndərib. Bu barədə QAT-ın mətbuat xidməti məlumat yayıb. Müraciətdə deyilir: “Milli Məclisin deputatı Etibar Hüseynovun növbəti xoşagəlməz hərəkəti ilə bağlı Sizə müraciət edirik. Psixi durumu ciddi şübhə doğuran bu deputat yenə də Azərbaycan xalqına qarşı həqarətlə çıxış edib, özünün “qoyun sürüsü” səviyyəsini yenidən nümayiş etdirib. Onun sözləri yalnız bir qrup mitinq iştirakçısına deyil, bütün Azərbaycana təhqirdir”. Təşkilat ardınca bəyan edib: “Etibar Hüseynov hələ də anlamaq istəmir ki, bir qrup insan sərbəst şəkildə mitinq keçirir, öz mövqeyini nümayiş etdirirsə, bu, demokratiyanın, azad cəmiyyətin, ölkənin müsbət imicinin göstəricisidir. Bu xəstə adama fikir verməmək də olardı. Aydındır ki, o, bu hərəkəti ilə gündəmə gəlməyə çalışır, bir də istəyir ki, hakimiyyətə xidmət göstərsin. Amma azacıq da ağlı olan adam bilir ki, bu, “ayı xidməti”ndən başqa bir şey deyil. Bu adamın hərəkəti, sözlərinin elə bir əhəmiyyəti olmasa da, hər halda ürək bulandırır, həm də Milli Məclisin adına ləkə gətirir, cəmiyyətdə narazılıq yaradır. Hesab edirik ki, bu adamın Milli Məclisdə qalması məqsədəuyğun deyil”.
QAT –ın məktubunda deyilir: “Xahiş edirik, Etibar Hüseynovun son hərəkətləri ilə bağlı Milli Məclisin rəhbərliyi, İntizam komitəsi tərəfindən ciddi ölçü götürülməsi, onun deputatlıqdan məhrum edilməsi mexanizminin işə salınması ilə bağlı təşəbbüs edəsiniz. Ümid edirik ki, müraciətimizə diqqətlə yanaşacaqsınız və bu başabəla deputata qarşı başqa metodlardan istifadə etməyə ehtiyac qalmayacaq”.
Seçilmişlər
Ən çox oxunanlar