Siyavuş Novruzov: “Biz xalq artistiyik ki, “Instagram”da oturaq?!”
Tarix: 22-10-2019 12:41
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında həmkarı Fazil Mustafanın mətbuatda səsləndirdiyi fikirləri sərt tənqid edib.
Modern.az-ın məlumatına görə, S.Novruzovt bildirib ki, bəziləri gecə-gündüz fəaliyyət göstərən Milli Məclis və deputatlar haqqında mənfi fikir bildirirlər:
“Hörmətli Fazil müəllim müsahibə verir, deyir ki, islahat Milli Məclisdən başlamalıdır. Bunu sosial şəbəkədəki fəaliyyətlə bağlı danışarkən bildirib. Hansı birinizin sosial şəbəkədə işləmiyinizə bir söz deyilib?! Hamının “Feysbuk”, “Tvitter”i var. Kimə maneçilik törədilib? Burada media nümayəndələri də iştirak edir. Mediaya kimsə rəhbərlikdən deyib ki, filankəsin yazısını verin, filankəsin verməyin?!”.
S.Novruzov qeyd edib ki, xalı çatmayanlar Milli Məclisdən xal götürmək istəyir.
“Biz xaricdə Azərbaycana qarşı qarayaxma aparan qüvvələrlə mübarizə aparaq, yoxsa içimizdə olanlarla?! Biz xalq artistiyik ki, “Instagram”da oturaq?! Milli Məclisin vəzifəsi özünün şəxsi maraqlarını təmin etmək deyil. Kimsə deyir ki, məsələnin ona aidiyyatı yoxdur. Kiminsə səviyyəsinə düşmək istəmir. Hansı səviyyədəsənsə səviyyənə uyğun cavab ver. Hər bir fikri irəli sürəndə ölçülü-biçili sözlərlə onu ifadə etmək lazımdır. Kim hansı fəaliyyət göstərmək istəyirsə, o fəaliyyətini də göstərir. Azərbaycanda söz, mətbuat, internet azadlığı var”.
Seçilmişlər
Ən çox oxunanlar