ƏLİYEVLƏ PAŞİNYANIN GÖRÜŞÜ: "Prosesə yeni impuls verildi"
Tarix: 30-03-2019 09:26
Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək və nazirlərin iştirakı ilə keçirilən 3.5 saatlıq görüş başa çatıb.
GÜNpress.az bildirir ki, görüşü tərk edən Nikol Paşinyan Rusiyanın "TASS” agentliyinin əməkdaşının sualına qısa cavab verib: "Görüş normal keçdi”.
Prezident İlham Əliyev isə deyib ki, Ermənistanla danşıqlar prosesinin formatı dəyişməz olaraq qalır, danışıqlarda irəliləyiş var:
"Danışıqlar prosesi humanitar aksiyalarla dəstəklənməlidir. Mühüm olan odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı. Danışıqlar Ermənistanla Azərbaycan arasında aparılır. Danışıqlar prosesinə yeni impuls verilib. Biz ATƏT-in Minsk qrupunun 9 martda verdiyi bəyanatı müsbət qiymətləndirdik. Bu bəyanatda deyilir ki, danışıqların formatı yalnız iki tərəfin razılığı ilə dəyişdirilə bilər”.
İlham Əliyev əlavə edib ki, Paşinyanla danışıqlar konstruktiv keçib:
"Danışıqlar konstruktiv şəraitdə keçdi. Bu, uzun fasilədən sonra Ermənistan və Azərbaycan rəhbərlərinin ilk rəsmi görüşü idi. Əvvəlki görüşlər tanışlıq xarakteri daşıyırdı. Danışıqlar prosesinə yeni start verilib. Görüş bu baxımından çox mühümdür”.
Prezident İlham Əliyev deyib ki, Qarabağ üzrə danışıqlar prosesini davam etdirmək üçün Azərbaycan və Ermənistan XİN rəhbərləri yaxın zamanlarda yenidən görüşəcəklər: "Nəticə əldə edilməsinə hədəflənəcək danışıqlar prosesini davam etdirmək üçün nazirlərə yenidən görüşmək göstərişi verilib”.
Seçilmişlər
Ən çox oxunanlar