Faiq Ağayev: “Maşın arvad kimidir, heç kimə etibar etmək olmaz”
Tarix: 17-02-2015 22:04
Azərbaycanın xalq artisti Faiq Ağayevin Avtolent.az-a müsahibəsi
- Faiq bəy, neçənci ildən avtomobil idarə edirsiniz? İlk maşınınız nə olub?
- 1998-ci ildən avtomobil idarə edirəm. İlk avtomobilim “Mercedes C Class Elegance” olub. Sürücülük vəsiqəsini də elə həmin il almışam. Yəni, birinci vəsiqəni aldım, sonra avtomobili.
- 17 ildir avtomobil idarə edirsiniz. Bu müddət ərzində yol qəzası törətmisinizmi?
- Həyatımda üç dəfə ciddi yol qəzasına düşmüşəm. Lakin deməyin ki, Faiq Ağayev özünü ağa çıxardır. Çünki keçirmiş olduğum qəzaların hamısı qarşı tərəfin günahı ucbatından baş verib.
- Yol polisi ilə münasibətiniz necədir?
- Çox normal. Qarşılıqlı anlayış və sayğı əsasında. Mən heç vaxt məşhuram deyə polisin qarşısında qanun pozuntusuna yol vermirəm. Çünki mən bunu etsəm başqaları da mənə baxıb edər və nəticədə dərəbəyilik yaranar.
- Təhlükəsiz kəmərindən istifadə edirsinizmi?
- Etiraf edim ki, şəhər içində təhlükəsizlik kəmərindən istifadə etmirəm. Lakin magistral yollarda təhlükəsizlik kəmərini bağlayıram. Təhlükəsizlik kəməri ürəyimi sıxır və məndə diskomfort yaradır.
- Siz bir sənətçi kimi xarici ölkələrə tez-tez səfər edirsiniz. Xarici sürücülərlə bizim sürücülər arasında fərq müşahidə edirsinizmi?
- Baxır harada. Gürcüstanda, Türkiyədə çox çətindi, amma Dubayda çox asandır. Xarici ölkələrdə əsasən sürücülər yol hərəkət qaydalarına riayət edirlər. Xaricdə sağa və yaxud sola dönən sürücü bizim sürücülərdən fərqli olaraq dönmə işarəsini yandırır. Xarici sürücülərlə bizim sürücüləri müqayisə etsək, bizim sürücülərə 5 ballıq şkala ilə 3 bal vermək olar.
- Səhnədə oxumaq asandır, yoxsa sükan arxasında oturmaq?
- Hər ikisi diqqət və ehtiyat tələb edir.
- Sizin idarə etdiyiniz avtomobilin dövlət nömrə nişanının seriyası ad familiyanızın baş hərfləri ilə uyğun gəlir. Bu bir təsadüfdür, yoxsa?
- Sırf təsadüfdür. Sadəcə bu seriya qarşıma çıxdı və aldım. Mən nömrəyə pul xərcləyən insanları anlamıram. Bir dəfə mənə “FA” seriyasına uyğun dövlət nömrə nişanı təklif elədilər, həmin nömrənin puluna bir avtomobil almaq olardı.
- Sürətlə aranız necədir?
- Magistral yollarda yaxşıdır. Ümumiyyətlə mən surətlə avtomobil idarə edənlərdənəm. Amma şəhərin içində alınmır. Fikirləşirəm ki, hamı mənim kimi yaxşı sürmür. Mənim 17 illik sürücülük təcrübəm var. Özümü düzgün və qüsursuz sürücü saymasam da xuliqanlıq etmirəm.
- Radara düşmüsünüzmü?
- 60 km/saat sürət üçün icazə verilən yolda 81 km/saat sürətlə radara düşmüşəm. Mənə elə gəlir ki, bu kifayətdir.
- Avtomobili ən çox hansı surətlə idarə etmisiniz?
- Xeyli vaxt bundan əvvəl “İpək Yolu”nda çox qısa bir məsafəni 220 km/saat sürətlə idarə etdim. Adrenalin gəldi və dedim ki, kifayətdir, birdə belə sürməyəcəm.
- Sərxoş halda avtomobil idarə etmisiz?
- Heç vaxt. Mən sərxoş halda sükan arxasına oturmuram. Mənim köməkçilərim var. Hər hansı bir tədbirdə spirtli içki qəbul edəndə, avtomobili sürücüm idarə edir.
- Avtomobili sürücünüz daha çox idarə edir ya siz?
- Daha çox özüm idarə edirəm. Çünki maşın arvad kimidir, heç kimə etibar etmək olmaz.
Seçilmişlər
Ən çox oxunanlar