Mir Cəlal Paşayevin xatirəsinə iki cildlik kitab
Tarix: 26-09-2014 16:09
Bakı Dövlət Universitetində professor Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş iki cildlik kitabın təqdimatı keçirilib.
Gunpress.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açıb. Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin zəngin ədəbi və elmi yaradıcılığından, şəxsiyyətinin böyüklüyündən bəhs edən rektor, onun 40 ildən artıq bir dövrdə Bakı Dövlət Universitetində çalışmasından, Azərbaycan ədəbiyyatına, elminə və təhsilinə dəyərli töhfələr verməsindən bəhs edib.
Mir Cəlal Paşayevin 1961-ci ildən 1978-ci ilə qədər Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etməsindən danışan rektor onun “Ədəbiyyatşünaslığın əsasları” kursunun təməlini qoymasından, ömrünün sonuna qədər bu kursu tədris etməsindən, filologiya elmində məktəb yaratmasından danışıb. Qeyd edib ki, Mir Cəlal Paşayev 36 nəfərin namizədlik və doktorluq işinə rəhbərlik edib, “Füzulinin poetik xüsusiyyətləri ” (1940), “ Füzulinin sənətkarlığı ” (1958; 1994), “C.Məmmədquluzadə realizmi haqqında” (1966), “XX əsr Azərbaycan ədəbiyyatı” (F.Hüseynovla) (1969; 1974; 1982;), “Ədəbiyyatşünaslığın əsasları” (P.Xəlilovla) (1972; 1988; 2005), “Klassiklər və müasirlər” (1973), “Azərbaycanda ədəbi məktəblər – 1905 - 1917” ( 2004) adlı sanballı əsərlər yaradıb.
Kitabın redaktoru, BDU-nun kafedra müdiri Ədibə Paşayeva professor Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına və elminə, təhsilinə dəyərli töhfələr verdiyini, alimin şərəfli ömür yolunun nəsillərə layiqli örnək olduğunu vurğulayıb. Kitabda ədibin indiyədək dərc olunmamış yazıları, fotoşəkillər və elmi işçilərə verdiyi rəylər yer alıb.
Seçilmişlər
Ən çox oxunanlar