Prezidentdən seçki ilə bağlı mühüm mesaj - RƏYLƏR
Tarix: 23-01-2020 13:08
Prezident İlham Əliyev Davos Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda 9 fevralda keçiriləcək parlament seçkiiləri ilə bağlı mühüm mesajlar verib.
Ölkə başçısı bildirib ki, 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələri üzrə formalaşdırılacaq Azərbaycan parlamentinin yeni tərkibi ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm hissəsi olacaq. “Gələn ay əhalinin etibar etdiyi adamları seçmələrini təmin etmək üçün erkən parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra parlament islahatların çox vacib bir hissəsi olacaq”, - deyə İlham Əliyev vurğulayıb.
İlham Əliyev həyata keçirilən islahatlar çərçivəsində hökumətin tərkibinin yeniləndiyini bildirib: “Hökumətdə yeni simalar var. Onlar müasir dünyagörüşləri olan yüksək təhsilli gənclərdir. Mən dəfələrlə demişəm ki, XXI əsrdə müvəffəqiyyət əldə etmək yalnız XX əsrin baxışlarına riayət etmədən mümkündür. Bu səbəbdən, nəinki hökumətdə, həm də Prezident Administrasiyasında yeni insanlar lazımdır. Burada həmçinin böyük dəyişikliklər baş verib”.
Prezident İlham Əliyev seçki ilə bağlı mesajı ictimai-siyasi dairələrdə də müsbət qəbul olunub. Eyni zamanda, ölkə başçısının konkret tələblər qoyması seçkiyə müdaxilə etməyi düşünən yerli icra hakimiyyəti orqanlarına da xəbərdarlıq kimi dəyərləndirilə bilər.
Ümid Partiyasının sədri, deputatlığa namizəd İqbal Ağazadə Unikal.org-a açıqlamasında deyib ki, xalq kimə səs verəcəksə deputat o, olmalıdır:
“Cənab Prezident də bilir ki, Milli Məclisdə təmsil olunan köhnələrdən xeyli adamlar var ki, onlar səs toplaya bilməyəcəklər. Onlar keçmişdəki fəaliyyətləri ilə, xalqın yanına getməməklə kifayət qədər özləri üçün ciddi problem yaradıblar. Görək bu bəyanat yerlərdə icra orqanları tərəfindən həyata keçiriləcək. Məsələn indiki şəraitdə icra hakimiyyətləri prezidentin bu çağırışına ciddi şəkildə əməl etmirlər. İcra Hakimiyyəti inzibati resurslarını xalqın istədiyi namizədə yox, başqa bir namizədin xeyrinə istifadə edir. Mənzil İstismar Sahələrinin rəhbərlərinə, məktəb direktorlarına edilən təzyiq və s. barədə bizim kifayət qədər məlumatımız var. Belə görünür, aşağılar bu çağırışın mahiyyətini dərk etmək istəmirlər, ya da verilən tapşırıqlara əməl etmək niyyətində deyillər. Ümumən belədir ki, kimə dəstək verirlərsə, o da keçməlidir. Cinayət məcəlləsində seçkini pozulmasına yönəlik bir inzibati cinayət məsuliyyəti nəzərdə tutulur. Xalqın sözünü deyən, dövlətin mövqeyini dəstəkləyən şəxslər deputat seçilməlidir. Azərbaycan xalqının və dövlətinin yanında olan şəxslər millət vəkili olmalıdır".
Tanınmış hüquqşünas Əliməmməd Nuriyev isə bildirib ki, Prezidentin seçki ilə bağlı bu fikirləri mühüm məqamları özündən əks etdirir: “Hələ seçki başlayan ərəfədə prezident yerli mətbuata açıqlamasında qeyd etmişdi ki, parlament deputatı fəal olmalıdır, öz seçiciləri ilə daim işləməlidir və qanunverici təşəbbüslərlə çıxış etməlidir. Dünən cənab prezident Davosda bir daha qeyd etdi ki, Azərbaycanda aparılan islahatların tərkib hissəsi kimi yeni parlament formalaşdırılacaq. Bu parlament ölkədə aparılan islahatlara dəstək verəcəkdir. Bu baxımdan qabiliyyətli, bacarıqlı, ağıllı namizədlərin seçilməsi vacib amildir.Yeni bir mesaj da o oldu ki, icra başçıları bu seçkilərə müdaxilə etməməlidir.Namizədlərin hamısı üçün bərabər şəarit yaradılmalıdır".
Seçilmişlər
Ən çox oxunanlar