Bakı internatında dəhşət: uşağı yatan yerdə yandırdılar
Tarix: 05-11-2014 12:17
Bakıdakı internat məktəbində dəhşətli hadisə baş verib. İnternatdakı uşaqlardan biri digərini yandırıb. 11 saylı İnteqrasiya təlimli İnternat məktəbində baş verib. Surxay adlı uşaq internat yoldaşı Fatehin üzərinə qaynar su tökərək yandırıb. Nəticədə Quluzadə Fateh Rəfael oğlu qulaq və boyun nayihəsindən ağır yanıq xəsarətləri alıb. Hər iki uşağın 10 yaşında olduğu deyilir.
Bizə daxil olan məlumata görə, hadisə 1 həftə əvvəl - 29 oktyabr tarixində axşam 21:30-da baş verib. Fateh xəstəxanaya aparılmadığından onun yanıqlarına infeksiya düşüb və açıq yaraya çevrilib.
Azərbaycan Uşaq Fondu Bakı şəhər şöbəsinin sədri, hüquq müdafiəçisi Teymur Rzayev anspress-ə açıqlamasında hadisədən xəbərdar olduğunu bildirdi: "Hadisənin səhəri günü, yəni 30 oktyabrda Mülkücahan müəllim mənə zəng vuraraq dedi ki, internatda uşaq yanıb. Hadisənin axşam növbəsində törədildiyini bildirdi mənə. Hadisədən xəbər tutan kimi həmkarım, hüquq müdafiəçisi Nigar Hüseynqızı ilə birlikdə əvvəlcə Sabunçu rayon 14-cü Polis Bölməsinə getdik. Orada Yetkinlik yaşına çatmayanlarla profilaktik şöbəsinin əməkdaşı Rafiq İsmayılovla birlikdə İnternata yollandıq. Sözün düzü, elə hadisə barədə məlumatlandırılmağından Rafiq bəy özü də təəccübləndi. Biz ora çatanda İnternatın direktoru Gülnarə Abdullayeva tək deyildi. Onun otağında təhsil nazirliyinin uşaq hüquqları müdafiəsi və deinstitutlaşma idarəsinin əməkdaşı Həbib Kərimov vardı. Belə başa düşdük ki, hadisə ilə əlaqədar bir araya gəlmişdilər. Biz içəri daxil olduqdan sonra Quluzadə Fatehin vəziyyəti ilə maraqlandıqda, hər ikisi belə bir hadisənin baş vermədiyini deyərək, təkzib etdi. Baş verənləri bizdən gizlətmək istədilər.
Məsələnin nə yerdə olduğunu öyrənmək məqsədilə həmkarım Nigar xanımla birlikdə sərbəst araşdırma apardıqda məlum oldu ki, 2004-cü il təvəllüdlü Quluzadə Fateh Rəfael oğlunun yanıq xəsarətləri alması ilə bağlı heç bir xəstəxanaya və polis bölməsinə məlumat daxil olmayıb. Ən dəhşətlisi isə bu idi ki, bizə 10 yaşlı uşağın yatdığı yerdə yandırıldığını dedilər".
İnternat yoldaşı tərəfindən yandırılan 10 yaşlı Fateh Quluzadə hələ də xəstəxanaya yerləşdirilməyib. Bilgəhdə yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayev anspress-ə açıqlamasında, Fatehin vəziyyətinin deyildiyi kimi ağır olmadığını bildirdi: "Fatehin yanıqlarına internatımızın tibb bacısı nəzarət edir. Lazım olan dərman və tibbi ləvazimatları isə özümüz alırıq. Uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını düşünürük. Fatehin anası özü həkimdir. Təbii ki, uşağının yarası ilə o da məşğul olur, narahat olmağa dəyməz."
Əqli inkişafdan geri qalmış, xüsusi qayğıya ehtiyacı olan uşaqların niyə nəzarətsiz qaldığını və qaynar suyu necə əldə etdiyi barədə suallarımızı
G.Abdullayeva belə cavablandırdı: "Biz uşaqları nəzarətsiz qoymuruq. Hər növbənin öz müəllimləri və dayələri var. Hadisə uşaqları yatmağa hazırlananda baş verib. Fateh autist xəstəsi olduğundan çox narahat uşaqdır, özü sərbəst gəzə bilmir. Bizim Günay müəllimə həmişə onun əlindən tutur. Surxay da çox nadincdir. Hadisə bir anda baş verib. Növbədə Nəbi müəllim və Ruqiyyə müəllimə olub. İzahatlarını almışam. Surxayı da cəzalandırmışam."
Seçilmişlər
Ən çox oxunanlar