DYP əməkdaşı sürücünü təhdid edir: “Səni harda görsəm...” - Müraciət
Tarix: 15-05-2019 17:18
Bakı şəhəri, Binəqədi rayonu, Mircəlal-59K, mənzil 234 ünvanında müvəqqəti məskunlaşan Adil Rauf oğlu Quliyev yol polisinin qərəzli hərəkətlərindən narazıdır. A. Quliyev bu barədə Reyting.az-a maraciət edib.
Şikayətçi bildirir ki, 14.05.2019-cu il tarixində idarə etdiyi “BMW 325” markalı 99-KT-909 dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən yol polisi onu saxlayaraq, qanunsuz cərimə yazıb:
“14 may tarixində “Memar Əcəmi” metrostansiyasından 4-cü mikrorayon dairəsinə qalxan zaman 99-YP-496 nömrə nişanlı YPX avtomobili mənim qarşımda asta sürətlə hərəkət edirdi. Həmin avtomobilin asta sürülməsi yolda hərəkət axınını dayandırdığından bir dəfə işıqla işarə verdim. Lakin YPX avtomobilindəkilər buna məhəl qoymadılar. Mən ötmə əməliyyatı həyata keçirmək istəyəndə, YPX avtomobili dönmə işığını yandırmadan, hər hansı xəbərdarlıq etmədən manevr etdi. Pəncərədən mənə kobud şəkildə etirazını bildirdi. Mən isə patrul əməkdaşına yol hərəkəti qaydalarına əməl etmədiyini, digər sürücülərə problem yaratdığını dedim. Bundan sonra, mənə sağa verib saxlamağımı əmr etdi. Mən də saxladım”.
Bakı şəhər DYP-nin yol patrul xidmətinin inspektoru, polis sıravisi Sahil Şabala oğlu Səmədov saxlatdığı avtomobilin sürücüsünə yaxınlaşaraq, qaydanı pozduğunu, sükan arxasında telefondan istifadə etdiyini bildirib. Sürücü isə ona telefondan istifadə etmədiyini deyib.
Şikayətçi yazır ki, sadəcə, polis əməkdaşına irad tutduğu üçün qərəzli şəkildə telefondan istifadə etdiyi bildirilib və əsassız olaraq ona protokol tərtib ediblər.
A. Quliyev iddia edir ki, YPX əməkdaşı protokolu qanunsuz və qərəzli şəkildə tərtib edib. Onun yazdığına görə, telefondan istifadə ilə bağlı YPX əməkdaşından sübut tələb etsə də, polis əməkdaşı bu tələbə məhəl qoymayıb:
“Mən, patrul əməkdaşına etirazımı bildirdim. Onun qanunsuz hərəkətlərindən DİN rəhbərliyinə və mətbuata şikayət edəcəyimi dedim. Amma o, daha da irəli gedərək, “Səni harada görsəm, saxlayıb cərimə yazacağam”, - dedi. Bu səbəbdən də Bakı şəhər DYP-nin Yol patrul xidmətinin inspektoru, polis sıravisi Sahil Şabala oğlu Səmədovun qanunsuz hərəkətləri barədə şikayət etmək qərarına gəldim”.
Şikayətçi Reyting.az vasitəsilə Daxili işlər naziri Ramil Usubovdan, Respublika DYP-nin rəisi Ramiz Zeynalovdan, Bakı şəhər DYP-nin rəisi Nuşirəvan Səfərovdan məsələyə ədalətli baxmalarını, sürücüyə qarşı haqsızlıq edən, qərəzli olaraq cərimələyən yol polisi əməkdaşı barədə qanuni ölçü götürülməsini xahiş edib.
Qeyd edək ki, son dövrlər bu kimi hadisələr mütəmadi olaraq baş verir.
Məsələylə bağlı Reyting.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirib ki, “Yol hərəkəti haqqnda” Qanunda sükan arxasında mobil telefondan istifadə etmək qadağandır və 50 manat cəriməsi var. Onun sözlərinə görə, təəssüf ki, bu məsələdə hər iki tərəfdən sui-istifadə hallarına yol verilir:
“Sükan arxasında mobil telefondan istifadəni sübut etmək, yaxud bundan tam əmin olmaq çətin məsələdir. Bəzən sürücülər avtomobil idarə edərkən telefonla danışsalar da, bunu boyunlarına almırlar. Təbii ki, əks hal da baş verir, yəni, sürücü danışmadan, yol polisi onu telefondan istifadədə suçlayır. Mümkündür ki, bunu sübuta yetirən materiallar olmasın. Amma bu, artıq vicdan məsələsidir. Yəni, yol polisi qərəzli şəkildə sürücüyə telefondan istifadəyə görə protokol tərtib edib cərimələyə bilər. Sürücü bu halda protokolda şikayət verməlidir. Araşdırma zamanı mobil operatorlara sorğu da vermək olar. Yəni müxtəlif sübutlar gətirmək mümkündür. Sonda məsələ tərəflərin iştirakı ilə araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq, son qərar verilir”.
GÜNpress.az şikayətlə bağlı həm Bakı DYPİ-nin, həm də müraciətdə adı hallanan DYP əməkdaşının münasibətinə yer ayırmağa hazırdır.
Seçilmişlər
Ən çox oxunanlar