FHN-lə BNA arasında qalmaqal BÖYÜYÜR – İki qurumdan çəkişməli açıqlamalar
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakınan mərkəzində iki avtobus toqquşub.
FHN-in yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhərinin Nəsimi rayonunda "İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
GÜNpress.az xəbər verir ki, bunun ardınca Bakı Nəqliyyat Agentliyi rəsmi açıqlama yaydı. Açıqlamada qeyd olunurdu ki, bu gün "BakuBus” MMC-yə aid iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saat 6 radələrində avtobuslar Yasamal rayonu istiqamətində başlanğıc dayanacağa gedərkən Nəsimi rayonu Ü.Hacıbəyov küçəsində qeydə alınıb. Hadisə zamanı avtobuslarda sərnişin olmayıb, sürücülər isə xəsarət almayıb. Ehtiyyat tədbiri üçün hadisə yerinə ərazi üzrə Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissəsinin briqadası gəlsə də, hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb.
Qurumun açıqlamasında daha sonra qeyd olunur: "Bildiririk ki, "İveco” markalı sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və mövcud hadisənin təhrif olunmasıdır.Bunu nəzərə alaraq KİV-dən bu xarakterli məlumatlar hazırlayan zaman Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlamalarını xahiş edirik”.
BNA-nın bu açıqlamasının ardınca FHN-dən daha bir reaksiya gəlib. Qurumun mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı "Report”a açıqlamasında deyib ki, sərnişin avtobusunda yanğın hadisəsinin qeydə alınması dəqiqdir: "FHN-nin saytında dərc olunan operativ məlumatları təsdiq və ya təkzib etməyi lüzumsuz görürəm. Ona görə ki, dərc olunan bütün informasiyalar konkret olaraq reallığı tam şəkildə əks etdirir. FHN-in saytında yayımlanan məlumatları dəqiqləşdirmək lüzumsuzdur”.