“Oğlumun aldığı maaş mənim əmək haqqımdan 10 dəfə çoxdur” – İcra başçısı
Tarix: 27-02-2016 14:34
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev unikal.org-a qısa müsahibə verərək rəhbərlik etdiyi qurum və ailəsi haqqında KİV-lərdə dərc olunan məlumatlara şərh verib.
- İbrahim müəllim, həqiqətənmi, Sizin rəhbəri olduğunuz qurum Ramiz Cabbarlı adında sahibkardan ərazidə tikinti aparılması üçün 500 min alıb?
-(Gülür) Xeyr... Deyilənlər həqiqəti əks etdirmir. Ümumiyyətlə, o ərazi Yasamal rayon İcra Hakimiyyətinin balansında deyil. Sözü gedən ərazi üç il öncə hasarlanıb. Deyilənlərdən fərqli olaraq, sözügedən adama torpaq sənədlərin biz deyil, Bakı şəhər İcra Hakimiyyəti verib. Bunun bizə heç bir aidiyyatı yoxdur. Bu haqda barəmdə yazılanlar şər və böhtandan başqa bir şey deyil. Bunun üçün bütün sübut və sənədlər var. Ümumiyyətlə, rayonun ərazisində tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verilməməsi üçün ciddi nəzarət olunur. Bununla bağlı müvaffiq şəxslərə ciddi göstərişlərim də var. Bir daha qeyd edirəm ki, sözügedən ərazidə tikintiyə icazə və başqa müvafiq sənədləri biz deyil, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilib.
- Ümumiyyətlə, tikintiyə nəzarət rayonda hansı qaydada aparılır?
- Bu məsələyə təkcə İcra Hakimiyyəti deyil, müvaffiq qurumlarda ciddi nəzarət edir.
- İbrahim müəllim neçə övladınız var?
- İki oğlum. Şükürlər olsun ki, hər iki oğlum müvafiq qurumlarda çalışırlar.
- Sirr deyilsə, hansısa dövlət qurumunda vəzifədə işləyirlər?
- Xeyr. Bir oğlum Bakıda zavodların birində işləyir. Hər kəs kimi, o da gündəlik olaraq işinə gedib-gəlir. Böyük oğlum isə "BP" şirkətində çalışır. Savadlıdır və bir neçə xarici dil bilir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft kəmərinin tikintisində iştirak edib. Aldığı maaş mənim əmək haqqımdan 10 dəfə çoxdur. Bir sözlə, onların mənə heç bir ehtiyacları yoxdur.
- Bəzi media orqanlarında övlandlarınız barədə də xoşagəlməz məlumatlar yer alır. Buna münasibətinizi bilmək istərdik.
- Mən öncədən onlar barədə məlumat verdib. İş yerləri, əmək haqları barədə danışdım. Bilirsiz, mənim və ailəm barəmdə yazılanlar şər-böhtandır. Sonda bir daha vurğulamalıyam ki, ucuz şoulara əl atır, mənim və ailəmin adını heç bir sübutu olmadan mətbuatda çıxardırlar. Heç kəs kütləvi informasiya vasitələrini öz çirkin oyunlarına alət etməməlidir. Hüquqi dövlətdə yaşayırıq, hər şey qanuni yolla, əxlaq çərçivəsində həll edilməlidir. Artıq barəmdə şər və böhtan xarakterli yazı yazan KİV-lərin siyası var. Bunlarla bağlı aidiyyatı qurumlaramüraciət edəcəm.
Seçilmişlər
Ən çox oxunanlar