İSPANİYADA ÇEMPİON OLAN AZƏRBAYCANLI GƏNC: HƏDƏFİM “TOP-5” KLUBLARDA OYNAMAQDIR
Tarix: 25-06-2023 12:04
Həmyerlimiz Raul Dadaşov bir neçə aydır ki, İspaniyanın “Penas Oscenses Club Deportivo” klubunda çıxış edir. Bir neçə aydır klubda olmasına baxmayaraq artıq 8 dəfə rəqib qapılarından top keçirə bilib. İspaniyada təşkil olunan “Aroqona” kubokunun finalında da fərqlənərək komandasının çempion olmasında əsas pay sahiblərindən biri olub.
Həmyerlimizin Tribunainfo.az-a müsahibəsini təqdim edirik:
-Əvvəlcə özün haqda məlumat verərdin. Futbola harda başlamısan?
-Mən 2006-cı ildə Sumqayıtda anadan olmuşam. Sumqayıt şəhər 1 saylı tam orta məktəbin məzunuyam. Futbola Elman müəllimin məşqçisi olduğu “Təhsil” FK-da başlamışam. Bundan sonra, Kənan Kərimovun məşqçisi olduğu “Sumqayıt City”ə keçmişəm. Bura gəlməmişdən əvvəl də son olaraq Kənan müəllimin yanında fərdi məşq keçmişəm.
-Niyə futbol seçdin?
-Uşaq vaxtı mənim futbola çox həvəsim var idi. Atam da məndə bu həvəsi görüb futbola yazdırdı.
-Hansı mövqedə oynayırsan?
-Hücumçu.
-Hücumçu olmağı özün seçmisən, yoxsa məşqçin?
-Özüm.
-Necə oldu ki, İspaniyaya getdin?
-Menecer vasitəsi ilə.
-Xaricə gedən yerli futbolçulardan çoxu darıxıb Azərbaycana qayıdır. Bu haqda nə deyə bilərsən?
-Düzdür xarici ölkədə oynamaq çox çətindir, amma çətinliyə qarşı mübarizə aparmaq lazımdır.
-Daha əvvəl Azərbaycanda müxtəlif yaş qrupları üzrə liqalarda oynamısan. Hal-hazırda İspaniyada oynadığın liqa ilə əvvəl oynadığın liqaları necə müqayisə edərdin?
-Məncə müqayisə etmək düzgün olmazdı.
-Niyə? Ümumiyyətcə oradakı futbola yanaşma ilə Azərbaycanı necə fərqləndirərdin?
-Buradakı futbol ilə Azərbaycandakı futbol arasında çox fərq var. Ən çox diqqətimi çəkən isə, burada bir klubun eyni yaş qrupu üzrə 3-4 komandası olur, amma Azərbaycanda hər yaş qrupunun bir komandası olur.
-Ötən mövsümü sənin üçün uğurlu saymaq olarmı? Bildiyimə görə sənin oynadığın klub bu il İspaniyada “Aroqona” kubokunu qazandı. Hətta final oyununda qol da vurdun. Maraqlıdır İspaniyada final oyunu zamanı qol vuranda hansı hissləri keçirdin?
-Mənim üçün çox yaxşı mövsüm keçdi. Finalda qol vurmaq çox gözəl hissdir. Komandamda ən gənc oyunçu olmağıma baxmayaraq komandanın məşqçiləri və klub rəhbərliyi mənə güvənir. Onların etimadını doğrultmaq mənim üçün çox gözəl hissdir.
-Gələcəklə bağlı planların necədir?
-Daha çox çalışıb daha böyük klublarda oynamaq istəyirəm. Qarşıma qoyduğum əsas hədəf isə “Top-5” klublarının birində oynamaqdır.
-Azərbaycan futbolunu izləyirsən?
-Bəli. Ən son milli komandanın Estoniya yığması ilə oyununu da izləmişəm.
-Azərbaycan futbolunun durumu səncə necədir?
-Hər gün daha da inkişaf edirik. Avropa liqalarında mübarizə aparacaq komandalarımıza da uğurlar arzu edirəm.
-Azərbaycan millisinin hansısa yaş qrupundan dəvət almısan?
-Bəli almışdım. Vizamı da aldılar, amma sonra görüşün keçiriləcəyi ölkəyə aparmadılar.
-Niyə aparmadılar? Bu haqda sənə məlumat verildi?
-Xeyr. Sadəcə viza alındı, ancaq aparmadılar.
-Hal-hazırda millimiz üçün keyfiyyətli hücumçuya ehtiyac var. Səncə sən bu boşluğu doldura bilərsən?
-Mənə şans verilsə bacara bilməyəcəyim şey yoxdur.
-Kumirin kimdir?
-Zlatan İbrahimoviç
Seçilmişlər
Ən çox oxunanlar