Oqtay Əsədov parlament rəhbərlərinin görüşündə
Tarix: 14-09-2014 01:20
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün sentyabrın 10-13-də Norveçin paytaxtı Osloda səfərdə olub.
60 ölkənin parlament rəhbərlərinin iştirak etdikləri tədbir mühüm məsələlərin müzakirəsi ilə yadda qalıb.
Konfransı açan Norveç parlamentinin sədri Olemik Tommesen belə bir tədbirin Osloda keçirilməsinin ölkə Konstitusiyasının qəbul edilməsinin 200 illik yubileyi ilə əlaqədar olduğunu söyləyib.
Sonra Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasör və qurumun baş katibi Torbörn Yaqland çıxış ediblər.
Milli Məclisin sədri Oqtay Əsədov konfransda “Avropada demokratiya, suverenlik və təhlükəsizlik” mövzusunda çıxış edib. Sədr deyib: “Avropa Şurasının digər bir üzvü tərəfindən silahlı təcavüzə məruz qalmış Azərbaycanın hüquq və ədalətə söykənən tələblərinə müvafiq qaydada reaksiya verilsəydi, Azərbaycanın təhlükəsizliyi Avropanın təhlükəsizliyi hesab olunsaydı, ikili standartlar kənara qoyulsaydı və hər şey öz adı ilə çağırılsaydı, yəni separatizm “xalqın öz müqəddəratını təyin etməsi”, terrorçuluq “milli-azadlıq mübarizəsi” adlandırılmasaydı, bəlkə də indi bu dərəcədə ciddi təhlükələrlə üz-üzə qalmazdıq”.
Səfər çərçivəsində Oqtay Əsədov AŞPA-nın sədri Ann Brasör, Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek və İsrail Knessetinin sədri Yuli-Yoel Edelstein ilə görüşüb.
Seçilmişlər
Ən çox oxunanlar