İlham Əliyevə tapança hədiyyə edildi
Tarix: 11-09-2014 23:42
Sentyabrın 11-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizdə və regionda ilk dəfə keçirilən Beynəlxalq müdafiə sənayesi – "ADEX 2014” sərgisi ilə tanış olub.
Modern.az saytı xəbər verir ki, beynəlxalq müdafiə sənayesi sərgisi isə bu il ilk dəfə Azərbaycanda keçirilir. Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi Müdafiə Sənayesi və Müdafiə nazirliklərinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil edilib.
Qeyd edək ki, hazırda Azərbaycan 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir. Müdafiə Sənayesi Nazirliyi bir çox ölkələrlə hərbi-texniki əməkdaşlığı da sürətlə genişləndirir.
Müdafiə sənayesi naziri Yavər CamalovPrezident İlham Əliyevə sərgi barədə məlumat verib.
Prezident İlham Əliyev əvvəlcə Müdafiə Sənayesi Nazirliyinin stendinə baxıb.
Hazırda Müdafiə Sənayesi Nazirliyihərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsulların istehsalı üzrə fəaliyyət göstərir. Nazirliyin tabeliyində 5 istehsalat birliyi və 2 elmi tədqiqat institutu var. Eyni zamanda, nazirlik mövcud qanunvericilik çərçivəsində və beynəlxalq hüquq normalarına riayət edərək istehsal olunan məhsulların xarici ölkələrə ixracını həyata keçirir. Hazırda nazirlik dünyanın bir sıra qabaqcıl ölkələri ilə hərbi-texniki sahədə əməkdaşlıq edərək müxtəlif müdafiə təyinatlı məhsulların istehsalı istiqamətində layihələr icra edir.
Azərbaycanın dövlət başçısı sərgidə iştirak edən xarici ölkələrin pavilyonlarında da olub.
Sərgi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal edilən ən son model tapança hədiyyə edilib.
Sonra dövlət başçısı sərginin Baku Expo Mərkəzinin həyətində təşkil olunan digər hissəsinə baxıb. Burada əsasən çöl-səhra şəraitində, hərbi hava qüvvələrində istifadə olunan texnika, silah-sursat nümayiş etdirilir.
Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir. Sərgiyə 37 şirkətlə qatılan Azərbaycan irimiqyaslı ekspozisiyası ilə fərqlənir. Bu sərgiyə olan böyük maraq Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rolunu və əhəmiyyətini bir daha təsdiqləyir.
Sərgi çərçivəsində "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda keçiriləcək konfransda müasir hərbi-texniki siyasət üzrə aktual məsələlər müzakirə olunacaq. Ümumilikdə konfransda 200-dən artıq mütəxəssis, hərbi ekspert, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri iştirak edəcəklər.
Seçilmişlər
Ən çox oxunanlar