Prezident Ilham Əliyev fərman verdi-DƏYIŞIKLİK
Tarix: 13-11-2014 20:26
Bu gün Prezident İlham Əliyev polislərin səlahiyyətini rəsmən artıran "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiq edib.
Gunpress.az xəbər verir ki, "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611; 2001, № 11, maddə 699, № 12, maddə 731; 2002, № 3, maddə 118, № 6, maddə 328; 2003, № 1, maddə 22, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007, № 8, maddə 756; 2008, № 4, maddə 251, № 7, maddə 602, № 8, maddə 696, № 10, maddə 883; 2009, № 6, maddələr 399, 401; 2010, № 2, maddə 74, № 3, maddə 171; 2014, № 2, maddə 87) aşağıdakı dəyişikliklər edilib. Bununla da 1.1-ci maddənin 7-ci abzasında "əl-qolu bağlama” sözlərindən sonra "və elektroşok” sözləri əlavə olunub. Eyni zamanda,
2. 26-cı maddəyə aşağıdakı məzmunda III-I hissə əlavə edilib:
"III-I. Elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
***
Mia.az onu da xəbər verir ki, bu gün Prezident İlham Əliyev "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1086-IVQD nömrəli Qanununun tətbiqi və "Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 205 nömrəli Fərmanında da dəyişiklik edib.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. "Polis haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 205 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 621; 2002, № 12, maddə 719; 2008, № 10, maddə 893, № 11, maddə 966) 2-ci bəndinin dördüncü abzasında "Qanunun” sözündən sonra "26-cı maddəsinin III-I hissəsində,” sözləri əlavə edilsin.
Seçilmişlər
Ən çox oxunanlar