Avtobus sürücülərindən Nəqliyyat Nazirliyinə sərt etiraz
Tarix: 14-09-2014 21:50
Avtobus qəzalarının qarşısını almaq məqsədi ilə Nəqliyyat Nazirliyi yeni nəzarət sistemi tətbiq etməyə hazırlaşır. Belə ki, illərdir davam edən avtobus sürücüləri ilə sərnişinlərin narazılığına son qoymaq üçün yeni addım atılır. Belə ki, paytaxtda avtobus sürücülərinə nəzarət etmək üçün baza yaradılır. Yaradılacaq elektron baza ilə bağlı artıq Nəqliyyat Nazirliyi məlumat verib.
Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin şöbə müdiri Elçin Nəsirovun verdiyi açıqlamaya görə, bu baza sayəsində avtobus sürücülərinin kobud rəftarı, onların xarici görünüşündəki səliqəsizlik, sükan arxasında siqaret çəkilməsi və s. kimi problemlərin qarşısının alınması üçün nəzərdə tutulub.
Qeyd edək ki, Bakıdaki avtobus sürücülərinin elektron bazasında sürücünün hansı kateqoriyalı olduğu, iş stajı, işlədiyi avtobus xətləri və digər informasiyalar yazılacaq. Həmçinin sürücünün fotoşəkili, sürücülük və şəxsiyyət vəsiqələrinin elektron görüntüləri yerləşdiriləcək. Bundan başqa, sürücünün əvvəl işlədiyi avtobus xətlərinin sahibkarlarından alınan xaraktersitikası da əlavə olunucaq. O cümlədən, məlumatlarda sürücünün əvvəllər harda nə qəza törətdiyi də göstəriləcək. Bazada avtobusların qarajı, qarajın rəhbərliyi haqqında məlumatlar, ünvan, mail adres, telefon və s. göstəriləcək.
Bu yeniliklərin tətbiqi ilə bağlı avtobus sürücülərinin və sərnişinlərin nə düşündüyünü öyrənmək üçün suallarımızı onlara ünvanladıq.
50 saylı marşrut avtobusunun sürücüsü hər gün bir cəza sisteminin tətbiqindən bezdiklərini dedi: “Sürücünün xeyirinə bir şey çıxartmırlar. Ancaq cəza, ancaq zülm. Guya ki, bütün günü üzləşdiyimiz problemlər azdı”.
Həmin maşrutlara nəzarət edən dispeçr vaxtın yetişdiyini bildirərək, sürücünü yola saldı.
Bizimlə söhbət edən dispeçr Tahir bəy, yaradılacaq bazanın da heç bir fayda verməyəcəyini düşündüyünü dedi: “Nə istəyirlər tətbiq etsinlər. Xeyiri olmayacaq. Bir haldaki səhər saat 6-dan axşam 12-dək bu sürücülər işləyir, heç nə düzəlməyəcək. Bütün qəzalar hamsı 10-20 manat qazancın üstündədir. Amma maaş sistemi olsa, ödəniş kartla edilsə onda qəzalar da azalar. Birdə ki, bir insan bu qədər işləməz. Heç olmasa 8 saatdan bir növbə dəyişməlidir”.
Hazırda avtomobili təmirdə olduğuna görə marşrut avtobuslarından istifadə etdiyini deyən paytaxt sakini Eşqin bəy də yeni sistemin faydalılığına inanmadığını bildirdi. Onun sözlərinə görə, dəyişiklik yalnız vahid maaş sistemi tətbiq olunarsa mümkündür.
Gülşən adlı xanım isə avtobus sürücülərinin təlimə ehtiyacı olduğunu dedi: “Elə sürücü var, yaxşıdır. Eləsi də var, elə bil daş daşıyır, sərnişin yox. Avtobusu vəhşi kimi idarə edir. Məncə təlim, dərs keçmək lazımdır bu sürücülərə. Birdəki Sovet dönəmindəki kimi növbəli iş rejimi lazımdır. İndikilər saatlarla işləyir, ona görə də əsəb sistemləri pozulur”.
Adının açıqlanmasını istəməyən 35 saylı marşrut avtobusunun sürcüsü isə marşrutlararası intervalın az olmasını və planı ödəmək məcburiyyətinin qəzalara səbəb olduğunu söylədi: “Təzə nə yaradılacaq bilmirəm, amma bütün günü avtobusda quraşdırdıqları monitora baxmaqdan kor olmuşuq. Onsuz da indiki kameralarla da bizi izləyirlər də”.
Yekunda qeyd edək ki, bu sistemin tətbiqindən öncə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin layihələri uğursuzluğa düçar olub. Lakin buna rəğmən E.Nəsirov qətiyyətlə bildirib ki, yeni sistem 100 faiz uğurlu olacaq.
Seçilmişlər
Ən çox oxunanlar