Qaya Əliyevin monoqrafiyasının təqdimatı keçirildi
Tarix: 10-03-2015 23:33
Bu gün "İRƏLİ” İB-nin dəstəyi və "Prezident təqaüdçüləri” GB-nin təşkilatçılığı ilə "İRƏLİ” İB-nin ofisində BDU-nun Hüquq fakültəsinin magistrantı, gənc hüquqşünas Qaya Əliyevin bu yaxınlarda "Elm və Təhsil” nəşriyyatı tərəfindən "Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin maliyyə dəstəyi və sifarişi ilə kütləvi tirajla, nəfis tərtibatda işıq üzü görmüş "Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” mövzusunda monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Hüquq ictimaiyyətinin, elm xadimlərinin və media mənsublarının iştirak etdiyi tədbirin aparıcısı, "Prezident təqaüdçüləri” GB-nin sədri Təbriz Raufoğlu mərasimi giriş sözü ilə açaraq müəllifin yaradıcılığı, əsərin məziyyətləri və tədbirin təşkilatçıları barədə ətraflı məlumat vermişdir.
Mərasimdə çıxış edən "İrəli” İB-nin sədri Mirhəsən Seyidov əsərin əhəmiyyəti və Azərbaycan elmində rolu barədə məruzə etmiş, həmçinin tədbir iştirakçılarını "İrəli” İB-nin fəaliyyəti barədə məlumatlandırmışdır.
Əsərin fəlsəfi aspektləri haqqında geniş məruzə edən fəlsəfə elmləri doktoru, BDU-nun professoru Ə.Qurbanov məhsuldar yaradıcılıq dövrü keçirən müəllifin son 6 ayda nəşr olunmuş sayca üçüncü əsəri olan bu monoqrafiyanın əhəmiyyətindən, Azərbaycan dövlətçiliyinin təşəkkülündə və inkişafında bu qəbildən olan əsərlərin rolundan, eləcə də bu sahədə gənc alimlərin tədqiqatlarıın vacibliyindən geniş söhbət açmış, əsəri müvafiq sahədə son dərəcə mühüm əhəmiyyətli bir tədqiqat kimi qiymətləndirmişdir.
Daha sonra, monoqrafiyanı milli cinayət-prosessual hüquq elminin inkişafı sahəsində mühüm bir addım kimi qiymətləndirən hüquq elmləri üzrə fəlsəfə doktoru Z.Əzimov müəllifin elmi yaradıcılıq texnikası, əsərin ərsəyə gəlmə tarixçəsi və monoqrafiyanın elmi yeniliyi haqqında geniş söhbət açmış, məhz magistrantın belə bir spesifik sahədə monoqrafiya qələmə alması və geniş hüquq ictimaiyyəti tərəfindən qəbul edilməsi, Azərbaycan hüquq elminin görkəmli simalarının bu əsərə müsbət rəy verməsinin özlüyündə milli hüquq elmində nadir hadisə olduğunu vurğulamışdır.
Daha sonra, bütün hüquq sahələrində olduğu kimi cinayət-prosessual hüquq sahəsində də Azərbaycan dilində yeni nəsil hüquq ədəbiyyatının yaradılmasının vacibliyinə toxunan tanınmış hüquqşünas, "Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov əsərin bu baxımdan olduqca mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Monoqrafiyanın linqvistik aspektləri barədə çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru T.Şükürlü əsərin dilinin və müəllifin üslubunun məziyyətləri barədə söhbət açmışdır.
Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən Qaya Əliyev cinayət-prosessual qanunvericiliyin inkişaf dinamikasından, monoqrafiyanın aktuallığından geniş söhbət açmış və əsər barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Müəllifin qələm dostlarının, digər ictimaiyyət nümayəndələrinin çıxışlarından sonra, sonda imza mərasimi keçirilmiş, monoqrafiyanın nüsxələri tədbir iştirakçılarına təqdim olunmuşdur.
Xatırladaq ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin mənbələrinin konseptual əsaslarının tədqiq olunduğu monoqrafiyanın elmi redaktoru görkəmli hüquqşünas alim Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun «Cinayət hüququ və cinayət prosesi» şöbəsinin baş elmi işçisi, hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyevdir. Kitabın rəyçiləri - AMEA – nın Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov, BDU-nun «Cinayət hüququ və kriminologiya» kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor Firudin Səməndərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət quruculuğu və hüquq» kafedrasının müdiri, hüquq elmləri namizədi, dosent Fəxrəddin Nağıyev, hüquq elmləri üzrə fəlsəfə doktoru Zaur Əzimov və başqalarıdır.
Seçilmişlər
Ən çox oxunanlar