Elşən Səfərov adına orta məktəbin yubileyi münasibətilə tədbir keçirildi - FOTOLAR
Tarix: 01-08-2022 11:51
2022-ci il iyulun 29-da Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbinin yaradılmasının 100 illik yubileyi münasibətilə tədbir keçirildi.
tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı İqbal Məmmədov, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, məktəbin məzunları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin, məktəbin vəfat etmiş müəllimlərinin və məzunlarının xatirəsi birdəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Eltay Almasov çıxış edərək təhsil müəssisəsinin tarixindən, ötən dövrdə əldə edilmiş uğurlardan danışdı. Məlumat verildi ki, məktəbin indiyədək 3400-dən çox məzunundan 500-ə yaxını Azərbaycan Respublikasında, 220 nəfərə qədəri müxtəlif xarici ölkələrdə ali təhsil müəssisələrini bitirmiş, 120-dən artıq məzun orta ixtisas təhsili almışdır. Məzunlar arasında elmin müxtəlif sahələri üzrə 6 nəfər elmlər doktoru, 25 nəfərdən çox elmlər namizədi, aspirant, dissertant və magistrlər, yüzlərlə müəllim, 30 nəfərdən çox həkim, onlarla hüquqşünas, jurnalistlər, mühəndislər, iqtisadçılar, hərbçilər, tanınmış incəsənət xadimləri, yazıçı və şairlər, naşirlər, kənd təsərrüfatı mütəxəssisləri vardır. Məktəbin məzunlarından 4-ü Birinci Qarabağ müharibəsində, 2-si Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmişdir.
Tədbirdə Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Milli Məclisin deputatı İqbal Məmmədov, Maliyyə Nazirliyinin əməkdaşı Məzahir Ağazadə, məktəbin məzunu, naşir Akif Dənzizadə və digərləri çıxış edərək əlamətdar yubiley münasibətilə təbriklərini çatdırdılar, məktəbin tarixinə nəzər salaraq bu təhsil müəssisəsinin zəngin ənənələrə malik olduğunu bildirdilər, məktəbin uğurlarının davamlı olacağına əmin olduqlarını ifadə etdilər.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov məktəbin yaradılmasının 100 illik yubileyi münasibətilə təhsil müəssisəsinin pedaqoji kollektivini, məzunları, kənd ictimaiyyətini təbrik etdi, Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbinin əldə etdiyi uğurlara görə rayonun təhsil müəssisələri arasında seçildiyini, məktəbin məzunları arasında yüksək nailiyyətlər əldə etmiş yüzlərlə ziyalının yer almasının qürurverici hal olduğunu bildirdi. Azərbaycan dövlətinin təhsil sahəsinə daim xüsusi qayğı göstərdiyini vurğulayan icra hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirdiyini, Prezident cənab İlham Əliyevin də ulu öndərin ənənələrinə sadiq qalaraq təhsil sahəsində mühüm tədbirlər həyata keçirdiyini, ölkəmizdə təhsil islahatlarının uğurla davam etdirildiyini qeyd etdi. Natiq əmin olduğunu bildirdi ki, məktəbin indiki şagirdləri də gələcəkdə savadlı, bilikli, bacarıqlı gənc kadrlar kimi müstəqil Azərbaycanımızın inkişafı və tərəqqisi naminə görülən işlərə öz layiqli töhfələrini verəcəklər.
Yubiley tədbirində rayonun ictimai həyatında fərqləndiyinə görə Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmiş məktəb məzunlarına fəxri fərmanlar təqdim edildi.
Seçilmişlər
Ən çox oxunanlar