İcra başçılarından Mikayıl Cabbarova şok təzyiq- Əmr geri qaytarıldı
Tarix: 01-11-2014 14:38
2015-ci ilin yanvarın 1-dən Regional Təhsil İdarələrinin yaradılması barədə təhsil naziri cənab Mikayıl Cabbarovun imzaladığı əmrin təxirə salınmasının şok təfərrüatları ortaya çıxıb. Söhbət ölkədəki rayon təhsil şöbələrinin ləğvinin əvəzində müvafiq qurumların yaradılması barədə nazirin imzaladığı əmrdən gedir.
Qeyd edək ki, təhsil naziri ötən ay müəllimlərin mükafatlandırılması ilə bağlı keçirilən tədbirdə qərarın təxirə salınmasının səbəbi kimi maliyyələşmə probleminin olduğunu önə çəkmişdi. M. Cabbarov 16 oktyabr toplantısında bildirib ki, Milli Məclisə təqdim olunan gələn 2015-ci ilin dövlət büdcəsində Regional Təhsil idarələrinin yaradılması üçün müvafiq vəsait nəzərdə tutulmadığı üçün yeni sistemə keçid ertələnib. Odur ki, növbəti ildə də rayon təhsil şöbələri ənənəvi şəkildə fəaliyyətini davam etdirəcək. Hansı ki, cəmi bir ay öncə cənab Cabbarov təhsil şöbələrinə "yır-yığış” etməkdən ötrü 15 dekabra qədər vaxt vermişdi. Sözügedən məsələ gündəmə gələndən yerli şöbələrdə bir süstlük yaranmışdı və minlərlə təhsil işçisi işsiz qalacaqlarından dolayı dərin bədbinlik içindəydilər. Ancaq kimsə cəsarət edib işsizlik fəlakəti ilə bağlı perspektivə açıq etiraz etməyi xəyalına belə gətirmirdi. Həm də ümidlər sona qədər ölməmişdi və "şöbələr yəqin ki, tam ləğv olunmayacaq, heç olmasa 5-10 nəfərlik heyət saxlanılacaq” tipli gözləntilər də var idi. Ancaq təhsil naziri qəfil bəyan etdi ki, qərarın icrası təxirə salınır, özü də qeyri-müəyyən müddətə. Bu isə təhsil şöbələrində toy-bayram ovqatının yaranmasına səbəb olub.
Bəs, əslində nə baş verib? Hansı güclü qüvvədir ki, ən yüksək səviyyədə dəstək alan nazirin əmrini geri oxutdura bilib? Yeri gəlmişkən, təhsil naziri şöbələrin ləğvi ilə bağlı qərarı verərkən prezident sərəncamına istinad etmişdi. 24 iyul 2014-cü il tarixdə imzalanan "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda deyilirdi: "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Təhsil Nazirliyinin aşağıdakı regional idarələri yaradılsın...” Diqqətinizə çatdıraq ki, dövlət başçısı Azərbaycan Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə nazirliyinin 15 regional idarələrinin yaradılmasını qərara alıb.
Amma budur, qərarın icrası təxirə salındı. Təhsil nazirinin səbəb kimi maliyyələşməni göstərməsini bir sıra ekspertlər inandırıcı arqument saymır. Hesab olunur ki, maliyyə naziri Samir Şərifov prezident sərəncamı ilə icrası nəzərdə tutulan proqramı maliyyələşdirməkdən imtina edə bilməzdi. On illərdir fəaliyyət göstərən təhsil şöbələrinin yerinə qısa müddətdə Regional Təhsil Şöbələrinin yaradılmasının mümkün olmaması fikri də ciddi səbəb kimi qəbul edilmir. Bu barədə "Yeni Müsavat”ın əldə etdiyi bilgilər isə heyrətamizdir. Etibarlılığına heç bir şübhəmiz olmayan məlumatlı mənbənin bildirdiyinə görə, naziri əmrini geri oxutmağaErayon icra başçıları vadar edib! Konkretləşdirsək, hesab olunur ki, icra başçıları onların "təhsil bazarı”na ağır zərbə vurmağı planlaşdıran nazirin islahatlar istiqamətində çox ciddi bir addımı atmasına son anda imkan verməyib. Hətta rayon təhsil şöbəsinin müdirini təyin etməklə bu sektorun işinə müdaxilə edən icra hakimiyyəti başçıları sözsüz ki, məsələni sakit qarşılaya bilməzdi.
Məlumata görə, təhsil şöbələrinə "yağlı tikə” kimi baxan icra hakimiyyətinin başçıları bu sektorun nəzarətdən çıxarılması üçün düşünülən "məxməri inqilab”ın gerçəkləşməsini əslində özlərinə vurulan zərbə kimi qəbul etdikləri üçün prosesin tormozlanması naminə var qüvvələri ilə çalışıblar. Mənbə iddia edir ki, bu etirazlar kütləvi və mərkəzləşmiş qaydada həyata keçirilsə də, məxfiliyin maksimum qorunması üçün çalışılıb. Xüsusilə də hakimiyyət olimpində güclü dayaqlara malik nazirlərə birbaşa çıxışları olan, həmçinin "avtoritet” kimi tanınan başçılar bu prosesdə öndə olublar. Onların arasında "onsuz da bələdiyyələrdən sonra bizim taleyimiz hər an sual altındadır, yeganə nəzarət etdiyimiz sahə təhsildir, o da əldən çıxandan sonra biz kimə lazımıq? Bundan sonra rayonda bizi saya salan da olmayacaq” deyə, umu-küsü edənlər də tapılıb. İddiaya görə, hətta icra başçıları arasından, qarşıdan bələdiyyə və parlament seçkilərinin gəldiyini xatırladıb: "Biz seçkidə işimizi əsasən təhsil şöbələri, müəllimlərlə birgə görürük, bizə tabe olmayandan sonra kim bizi eşidəcək”, - kimi şantaj mövqeyindən çıxış edən də tapılıb. Nəticə də bəlli, icra başçıları qələbə çalıb.
Xatırladaq ki, yeni sistemə keçidlə bağlı qərarın olduğu ərəfədə hətta hakimiyyətyönlü təhsil ekspertləri bu sərəncamın hökmən öz müsbət nəticəsini verəcəyini bildirirdilər. "Ona görə ki, rayon təhsil şöbələri rayon icra hakimiyyətlərinin təsiri altından çıxacaq. Çünki icra hakimiyyətləri üçün toyxana necədirsə, təhsil şöbəsi, məktəb də odur. Çox şükür ki, təhsil şöbələri icra hakimiyyətlərinin nəzarətindən çıxdı və azad fəaliyyət göstərəcək. Azadlıq olan yerdə də uğur həmişə olacaq”, - bunu sabiq deputat Şahlar Əsgərov demişdi. Hazırda 38 yaşı olan M.Cabbarovun ötən ilin aprelində təhsil naziri təyin olunmasına bir sıra müşahidəçilər fərqli yanaşırdı. Ancaq gənc nazirin təhsil sahəsindəki neqativlərə qarşı bir sıra hallarda cəsarətli mövqe nümayiş etdirməsi, "əvəzolunmaz” kadrları belə uzaqlaşdırıb yeni simaları təhsil sektoruna cəlb etməsi, həmçinin yerlərdə vətəndaşlarla açıq ünsiyyəti ilə diqqəti cəlb etməsi nazirə olan etimadın artmasına rəvac verdi. Onun təhsili icra başçılarının əsarətindən xilas layihəsi də pozitiv qarşılanırdı. Di gəl ki, proseslər əksinə cərəyan edir...
Mənbəmizə xitabən bir az əvvəlki proseslərə ekskurs edək. Məlumata görə, təhsil naziri Mikayıl Cabbarov təyinatının ilk günlərindən hətta sələfi Misir Mərdanovun da bir neçə dəfə etiraf etdiyi problemdən, rayon təhsil şöbələrini icra başçılarının monopoliyasından xilas etməyin yollarını arayırmış. Məhz elə buna görə də nazir M.Mərdanovun dövründə tətbiqinə başlanılan müəllimlərin işə qəbulu prosesinin vahid test imtahanları yolu ilə məhz Təhsil Nazirliyi tərəfindən işə götürülməsi barədə qaydanı saxlamağa qərar verib. Bu imtahanlar isə ümumtəhsil məktəblərindəki vakant yerlərdə işləmək istəyən xeyli sayda müəllimin icra hakimiyyətlərinə ayaq döymədən işə qəbul olunmasına "yaşıl işıq” yandırıb. Mənbənin sözlərinə görə, təhsil sektorunu icra hakimiyyətlərinin birbaşa müdaxiləsindən xilas etmək üçün M. Cabbarov bir neçə ay öncə prezidentə konkret təkliflərini göndəribmiş. Ölkə başçısı təklifləri təqdir edib və müvafiq araşdırmaların aparılması üçün müvafiq qurumlara göstəriş verib, nəticədə sözügedən sərəncam reallaşıb. Məlumatlı mənbə hesab edir ki, ölkə başçısının etimad etdiyi nazirə qarşı çıxmaqla bir sıra icra başçıları özlərinə ciddi problem yaradıblar. Yəni rəhbərlik indiki həssas situasiyada, xüsusi ilə də qarşıdakı seçkilərə görə, onların mövqeyini nəzərə alsa da, çox keçməyəcək onların bəziləri cəzasına çatacaq. Məlumata görə, Administrasiya rəhbəri cənab Ramiz Mehdiyevin sonuncu kadr xəbərdarlığı həm də icra başçılarına mesajdır.
Görünən budur ki, indiki mərhələdə daş qayaya rast gəldi və "gənc islahatçı nazir” kimi tanınan, təhsilin inkişafı ilə bağlı mütərəqqi addımlar atmağı planlaşdıran M. Cabbarov rayon icra başçılarının müqaviməti nəticəsində müsbət addımını təxirə salmalı oldu. Ancaq nə vaxta kimi? Fakt budur ki, ortada prezident sərəncamı var və gec-tez məsələ həllini tapmalıdır.
musavat.com
Seçilmişlər
Ən çox oxunanlar