DOST QİSASIN ALAN QƏHRƏMAN
Tarix: 21-01-2021 10:09
[b]Əsarət - torpağın dili olsaydı Qarabağ torpaqları bu sözün izahını verərdi. Yağı tapdağında tapdalanmaqdan, yağmalanmaqdan, parçalanmaqdan yorulmuşdu Qarabağ torpaqları. 30 illik həsrətin ağrı-acısını çəkən bir xalqın hər bir nümayəndəsi Qarabağı əsarətdən qurtarmağın xəyalı ilə yaşadı. Kimi bunu xəyal etdi, kimi isə ömrünü o əsarəti sona çatdırmaq üçün fəda etdi. Xəyal edən bizlər, canından, qanından keçənlər isə qazilər və şəhidlər oldu. Onlar müqəddəs sevgilərindən azadlıq dastanı yazdılar. O dastanı yazan qəhrəmanlardan biri Musayev Sədi Süleyman oğlu. Kimdir bu qəhrəman? Onun canından keçərcəsinə vətən sevgisinə nəzər salaq.
[/b
Musayev Sədi Süleyman oğlu 1978-ci il 1 aprel tarixində Naxçıvan MR Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya gəlmişdi. Ailədə 3 qardaş 1 bacı olmuşdular. Atası Süleyman Musayev və anası Nəsibə Musayevə bütün valideynlər kimi öz ömürlərini övladlarına həsr etmişdilər. Sədi həyatın sərt sınağına erkən yaşlarında tuş gəlmişdi. O məktəbə başladığı zaman atasını itirmişdi. İlk dəfə elmə yiyələnməyə 1985-ci ildə başlayan Sədi Qıvraq qəsəbəsi Sirac Əsədov adına 2 nömrəli orta məktəbə getmişdi. 1993-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdu. 1996–2000-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər məktəbində motoatıcı ixtisası üzrə təhsilini davam etdirmişdi. 2000-ci ildə leytenant hərbi rütbəsi almışdı.Mingəçevir şəhərində N saylı hərbi hissəyə motoatıcı alayın tağım komandiri vəzifəsinə təyin edilmişdi. 2002-ci ildə həmin hərbi hissədə Ordu Korpusu komandirinin müvafiq əmri ilə motoatıcı bölük komandiri vəzifəsinə təyin edilmiş və baş leytenant rütbəsinə layiq görülmüşdü. Müxtəlif zamanlarda motoatıcı taborun qərargah rəisinin şəxsi heyət üzrə köməkçisi, əməliyyat bölməsinin döyüş hazırlığı üzrə baş köməkçisi, döyüş hazırlığı bölmə rəisi, əməliyyat bölmə rəisi-qərargah rəisinin müavini, əməliyyat şöbə rəisinin təlimlər üzrə baş köməkçisi vəzifələrinə təyin olunmuşdu.
Ruhən vətənə bağlı olan Sədi könlünü də Gülşad xanıma vermişdi. Sevənlər 2004-cü ildə ailə həyatı qurmuş və bundan sonra hərbiçi xanımı Gülşad xanım da bir hərbiçiyə çevrilmişdi. Sədini heç zaman tək buraxmayan xanımı onunla bərabər həyatın bütün çətinliyini çiyinlərinə yığmışdı. Sədi evliliklərinin ilk ilində 2005-ci ildə kapitan hərbi rütbəsinə layiq görülmüşdü. Üç il Tərtərdə yaşayan ailənin evliliklərinin üçüncü ilində qızları Arzu dünyaya göz açmış və daha sonra 2009-cu ildə oğul övladları Süleyman dünyaya gəlmişdi. Bir – birlərini bir baxışdan başa düşən sevənlərin sevgisi bütün çətinliklərin körpüsü idi. Həyatını vətənə həsr edən hərbçi 2014-cü ildə mayor hərbi rütbəsinə layiq görülmüşdü. Ailəsindən çox əsgərlərinə zaman ayıran Sədi xanımı ilə hər zaman qürur duyurdu. Necə ki, Gülşad onunla qürur duyurdu. Ancaq Sədinin bir arzusu xanımının ürəyin sızladırdı. O arzu şəhidlik arzusu idi. Bir dəfə Sədi xanımına “Namazda əlini göyə aç dilə ki, mənə də şəhidlik qismət olsun” demiş Gülşad isə cavabında “sən öldüyün gün mən özümü öldürərəm” cavabını vermişdi. Ancaq Gülşad nə bilərdi ki, bir vaxt gələcək cənnətdə Sədisinə qovuşsun deyə Sədisiz yaşamağa məcbur qalacaq.
2016 – cı ilin aprel döyüşlərində Sədi ön cəbhədə vuruşan qəhrəmanlardan biri olur. Aprelin 1-i doğum günündə Gülşad Sədinin gəlməyəcəyini bilsə də onun ad günü üçün tədarük görür. Özü gəlməyən Sədinin zəngi Gülşadı məyus edir. Sədi ona səs-küy gələrsə qorxmamağı tapşırır. Həmin gecənin səssizliyini atəş səsləri pozur. Dan yeri söküləndə Füzuli sakinləri təhlükəsiz yerlərə getsələr də Gülşad və iki övladı evlərini tərk etmirlər. Sədinin zənglərə cavab verməməsi Gülşadın ürəyin qovurur elə bu zaman Sədidən zəng gəlir. Sədi təcili evi tərk edib Bakıya getmələrini tapşırır. Ancaq o tək öz ailəsini, övladlarını düşünmür. İllərinin dostu, “can qardaşım” dediyi, həmin döyüşlər zamanı bir səngərdə vuruşduğu mayor Rasim Məmmədovun əmanətlərinin də təhlükəsizliyini düşünür. Gülşada dostunun ailəsi ilə birlikdə Bakıya getmələrini tapşırır. Sədinin bir sözünü iki etməyən xanımı ürəyi parçalana-parçalana Sədinin dediklərini edir. (O günləri dinlədikcə və o anları təsəvvür etdikcə ruhum cismimi tərk edəcək sandım.) İki dostun əmanətləri ürəklərini Füzulidə qoyub Bakıya yola düşürlər. Uzanan yollar, dilə gələn dualar. Ancaq dualar qəbul olmur. İki gün sonra Sədi həyatının ən böyük acı xəbərini Gülşada verir. O, dostu, sirdaşı, silahdaşı, can qardaşı mayor Məmmədov Rasim Əbdül oğlunun şəhid olduğu xəbərini verir. Rasimin itkisi həm dost üçün, həm də vətən üçün ağır itki olur. Dostunu itirən bir hərbçinin intiqam hissi daha da böyüyür.
Düşmənlə son gülləsi bitənə qədər mübarizə aparır, gülləsi bitdikdən sonra əlbəyaxa döyüş aparır. Rəzil düşmən onun əllərini gəmirsə də o ermənini qanına qəltan edir. Aprel döyüşlərində xüsusi şücaətlər göstərən Sədi yanan tankın içindən 5 hərbçini çıxarır. O əsgərlərdən ikisi onun gözlərinə baxa-baxa canını tapşırır. Günlərlə Sədidən heç bir xəbər çıxmır. Döyüş bitir ancaq Sədinin qəlbindəki dost itkisi ilə apardığı savaş bitmir. O gündən sonra Sədi heç zaman Rasimin yoldaşının üzünə baxa bilmir. “Mən Rasimin qisasın almadığım günə qədər Rasimin əmanətlərinin üzünə baxa bilmərəm” deyir və o amalla yaşayır.
Bir hərbçi vətəni işğalda olduğu müddətdə heç zaman rahatlıq tapmır. Hərbidə qazandığı nailiyyətlərdən azadlığa yetişmək üçün istifadə etsin deyə o günün arzusu ilə yaşayır. Sədi Musayevin də o arzusu 2020 – ci ilin sentyabrında gerçək olur. Sentyabrın 25-i gecə evə gəldiyində övladlarını doya-doya öpüb qoxlayır. Sonra yoldaşından hamamı istməsini xahiş edir. Gecənin o saatında Sədinin istəyini təəccüblə qarşılayan Gülşadın aldığı cavab Sədinin hər zaman dilə gətirdiyi “Yuyunum birdən şəhidlik qismət olar,pak olum” cavabı olur. Sədi “Biz Qarabağ adlı savaşı gələcək nəsillərə saxlamayacağıq. Biz bu savaşı bitirəcəyik ki, daha analar övladlarını əsgərliyə yola salanda onları itirmək qorxusu ilə yaşamasınlar” sözlərini deyərkən əslində olacaqlara işarə edirmiş. 26 sentyabrda evdən çıxarkən uşaqlarını bağrına basıb, Gülşada “Səni Allaha, uşaqları sənə əmanət edirəm. Mən Rasimin qisasın alacam” sözlərini deyir. Bir qədər uzaqlaşdıqdan sonra təkrar qayıdır və Gülşadını bağrına basır. Son dəfə sevdiyinin qoxusunu içinə çəkir və dönüşü olmayan bir yola çıxır.
27 sentyabrda müharibə başladığını eşidən Gülşad Sədiyə zəng edir. Sədi hər şeyin qaydasında olduğunu deyir və telefonu söndürür. O susan telefona bir daha Sədi cavab vermir. Gülşad dayanmadan namaz qılıb dua edir. Ancaq bu dəfə onun yox Sədinin etdiyi dualar qəbul olur.
Gecənin sükutun qapı döyüntüsü pozur. Sədinin gəldiyini düşünən Gülşad qapıda qayını Səbuhini gördüyündə təəccüblənir. Qardaş qardaşın əmanətlərinə acı gerçəyi deyə bilmir. Qayını Sədinin ona zəng edib onları Bakıya aparmağını istədiyi yalanını uydurur. Ürəyində şüphələr yaranan Gülşad çox təkiddən sonra Bakıya yola düşür. Ünvana çatdığında isə Sədinin yaralandığını eşidir. Hər kəs Gülşad Sədi sevgisindən agah idi. Onun üçün heç kim Sədinin şəhid olduğu xəbərini deməyə cürət etmirdi. Gələn insanların artan sayı ilə Gülşad məsələdən agah olur. O gerçəklə Gülşadın sevinci, xoşbəxtliyi məhv olur. Ruhunu yar məzarında dəfn edən qadının cismi Sədinin əmanətlərinə sahib çıxmaq üçün və əbədiyyətdə yarına qovuşmaq üçün yaşayır.
Sədi Musayev hələ sağlığında orduda göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Qüsursuz xidmətə görə” lll dərəcəli medalı, “Qüsursuz xidmətə görə” ll dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, Azərbaycan Ordusunun 100 illiyi “yubiley medalı ilə təltif olunmuşdu. Şəhadətə ucaldığından sonra isə “Vətən Uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. Sədi Musayevin Vətən müharibəsində döyüş yolu qısa oldu. Onun kimi bir qəhrəmanı döyüşün ilk günlərində itirmək Ordu üçün böyük itki oldu. Sədi Qarabağın azadlığını, o torpaqlarda dalğalanan bayrağı görmək arzusunda idi. O həmin azadlığa yol acan qəhrəman kimi tarixin yaddaşında qaldı. Həm də dost qisasın alan bir qəhrəman şəhid kimi...
Polkovnik-leytenant Musayev Sədi Süleyman oğlu sentyabrın 28-də II Fəxri Xiyabanda dəfn olunub.
Gülşad xanımla söhbətimiz əsnasında onun Sədidən sağmış kimi danışmağı mənə çox təsir etdi. “Mən Sədinin həyatda olmadığı gerçəyini qəbul etməmişəm, etmərəmdə. O gerçəyi qəbul etdiyim gün ölərəm”. Yarımçıq qalan daha bir həyat, nakam qalan arzular...
[b]Manya Səxavətqızı
[/b]
Seçilmişlər
Ən çox oxunanlar