ŞƏHADƏTƏ TƏLƏSƏN ŞƏHİD
Tarix: 12-01-2021 20:09
Bir insan sevdiyinə, əzizinə, doğmasına qovuşacağı anı səbirsizliklə gözləyər. O sevdiyi ki, onun naminə yaşayır və onun naminə də yaşamaqdan əl üzməyi düşünür. Hər insanın insanlara olan sevgisi, istəyi anlaşılır. Qəlbi olan hər kəsin qəlb döyüntüsünə səbəb olanlar var. Ancaq elə insanlar var ki, hər sevgidən üstün tutduğu bir uca sevgisi var. Başqa sevgilərsə həmin o müqəddəs sevginin işığında bərq vurur. Həmin sevgi vətən sevgisidir. O sevgiyə məskən olan ürək o sevginin qəlibidir. Sevgisi uğruna canını fəda edən bir qəhrəmanın gülə-gülə döyüşə gedəcəyini eşitdiyimdə sözlərim boğazımda, göz yaşlarım yanağımda düyünləndi.
Sadıqlı Məmmədhəsən Meydan oğlu ailəsinin ilk övlad payı, ilk ümid çırağı idi. O, 1992-ci il 21 fevralda Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində anadan olmuşdu. Ondan sonra qardaşı Zamin və bacısı Şərmin dünyaya gəlmişdi. Hər zaman böyük övladların həyatda məsuliyyəti daha böyük olur. Məmmədhəsən də elə körpəlikdən sanki böyümüşdü. Elə bil ki, adının ağırlığı surətinə yansımışdı. Ötən zamanla bərabər Məmmədhəsən də yaşa dolurdu. Məktəb yaşı çatdığında 1998-ci ildə şəhid Etibar Əhmədov adına Dəmirçi kənd tam orta məktəbində təhsil almağa başlamışdı. Eyni zamanda idmanın Yunan Roma güləş növü ilə məşğul olmuş, dəfələrlə birincilik qazanmışdı. Hər insanın uşaqlıqdan gələcəkdə reallaşdırmaq istədiyi böyük arzuları olur. Məmmədhəsənin də ən böyük arzusu gələcəkdə hərbiçi olmaq idi. Hərbi formalara çox böyük sevgisi olan qəhrəman 2007-ci ildə 9-cu sinifi bitirdikdən sonra Naxçıvanski adına hərbi liseyə daxil olmuş 2010- cu ildə liseyi bitirmişdi. Elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş 2014-cü ildə leytenant rütbəsi ilə oranı da bitirmişdi. Bununla da kifayətlənməyərək Təlim Tədris Mərkəzinin (TTM) zabit ixtisas kursunu keçmiş 2015 - ci ildə uğurla başa vurmuşdu. Təyinatla Culfa rayonuna göndərilən Məmmədhəsən 3 il orada xidmət etmiş, 2017-ci ildə baş leytenant rütbəsi almışdı.
2018-ci ildə ermənistanın yenidən Naxçıvan Muxtar Respublikası istiqamətində atəşkəsi pozması nəticəsində Əlahiddə Ümumqoşun Ordusu əks-həmlə əməliyyatına başlamışdı. O döyüşdə Məmmədhəsən ən öndə vuruşanlardan olmuşdu. Həmin vaxt Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunmuş, Dərələyəz mahalının Arpa kəndi Azərbaycan ordusunun nəzarəti altına alınmışdır. Bu isə Gorus - Laçın avtomobil yoluna nəzarət etməyə imkan yaratmışdı. Ordumuzun bu gün qazandığı uğurların təməli dünənlərdə qoyulmuşdu. Həmin döyüşlərdə göstərdiyi şücaətlərə görə Sadıqlı Məmmədhəsən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilmişdi. Ömrünü vətəninə həsr edən bu qəhrəman atdığı hər addımı vətən naminə atırdı. 2018-ci ildə təyinatla Vayxırda N saylı hərbi hissədə xidmət etdiyi zaman Türkiyəyə komanda təməl kursunu öyrənməyə göndərilmiş və Azərbaycan üzrə birincilik qazanmışdı. 2019-cu ildə Əlahiddə Ümumqoşun Ordusu üzrə kəşfiyyat bölüyü yarışında ən gözəl nəticəni əldə etdiyi üçün təltif edilmişdi.
Atılan hər bir addımda Məmmədhəsəni dəstəkləyən əzmkar qadını Şərəbanısı var idi. İllərlə ürəyində kök atan sevgisinin sahibi Şərəbani. Yeddi il öncə edilən sevgi etirafına 2014-cü il 21 fevral ad günündə "hə" cavabı almışdı Məmmədhəsən. Elə həmin il sentyabrın 28-də qovuşmuşdular. Evliliklərinin birinci ilində sevgilərinin bəhrəsi olan Uğurları dünyaya gəlmişdi. Uğurun adını atası qoymuşdu. "Uğur bizim uğurumuzdu" deyirmiş hər zaman. Ancaq çox zaman sevdiklərindən uzaqda olduğu üçün Uğurunu doyunca görə bilməmişdi. Kim bilir hansı anının sevincini paylaşa bilməmişdi Uğurun...
Vətənin ümidi olan hərbiçilərin vətən xilaskarına çevrildiyi Vətən müharibəsi günlərdiki davam edirdi. Məmmədhəsən öz növbəsini gözləyirdi. Hər dəfə televizyada izlədiyi şəhid dəfnlərinə həsədlə baxar, qürurla o şəhidlərin yerində olmaq istədiyini dilə gətirərdi. Hətta bir dəfə oğlu şəhid olan anaya "ana qürur duy sənin oğlun hər kəsə nəsib olmayan bir məqama ucalıb" sözlərini dilə gətirmişdi. Naxçıvana gələn şəhidlərə göstərilən ehtiramı dilə gətirib "şəhid olsam məni elimdə, obamda dəfn edin" deyirmiş. Sanki olacaqlardan xəbərdar imiş. Oktyabrın 24-ü son dəfə evlərinə gəldiyində xanımına heç kəsə borcu olmadığını demiş və hər kəsdən halallıq almışdı. Sanki ən böyük arzusuna çatırmış kimi sevinən qəhrəman sonuncu dəfə evdən çıxarkən yenidən dönüb xanımına " Şərəbanı, nə olur olsun başını dik tut, sən güclü qadınsan" deyib. Həmin sözləri 25 oktyabrda döyüşə qatıldığı ilk gündə də yazıb. Həmin gündən sonra ondan gələn zənglər kəsilib.
Məmmədhəsənin döyüş yolu Füzulidən başlayıb Şuşada bitib. Oktyabrın 27-si Şuşanın girişində baş verən döyüşlər zamanı Məmmədhəsən bir əsgərin yaralandığını görüb. Təkidlə "onu ordan çıxaracam" deyib irəli atılıb. Yaralı yoldaşını xilas edən zaman özü snayperlə ürəyinə yaxın nahiyədən vurulub. Ancaq buna baxmayaraq mübarizəyə davam edib. O özü öz qisasın alıb. Dostları onun əsir düşdüyünü zənn etsələr də Məmmədhəsən dolayı yolla yaralı yoldaşı ilə bərabər gəlib döyüş yoldaşlarının yanına çıxıb. Həmin zaman əsgərlər Məmmədhəsənə ilk yardım göstərib xaricə axan qanı durdura bilsələr də daxili qanaxmaya müdaxilə edə bilməyiblər. Ömrünün yaralı halda keçirdiyi son 3 saatını sevinc içində yaşayıb. Sonda dediyi sözlər isə bunlar olub :
- Mənim telefonumu Uğuruma çatdırın. Məndən sevdiklərimə salam deyin. Onların hər birini çox sevirəm. Mən xoşbəxtəm, çünki son dəfə oğlumla birlikdə qüsl alıb paklanmışam. Mən ölürəm...
28 oktyabrda gələn zənglər və hər kəsin Məmmədhəsəni soruşmağı artıq Şərəbanının ürəyində bir nigaranlıq yaratmışdı. Gələn bir zənglə deyilən "Şərəbanı bacı, dostum, qardaşım Məmmədhəsən şəhid olub" sözləri isə bir xoşbəxt ömürə nöqtə qoydu. Həmin an Şərabanının nələr yaşadığını izah etməyə heç bir sözün gücü yetməz. Hər zaman sevdiyinin dönüşünü gözləyən Şərəbanı 2 gün sonra sevdiyinə qovuşdu. Məmmədhəsən xəyal etdiyi kimi Naxçıvana döndü. Hər kəs şəhidini ehtiramla qarşıladı. 30 oktyabrda Sadıqlı Məmmədhəsən Meydan oğlu Şərur rayonunda yerləşən Şəhidlər xiyabanında torpağa tapşırıldı. Uzun zaman idi oğlunu görməyən Səadət ana oğlunu vətən torpağına tapşırdı. Necə ki, torpağı oğluna tapşırmışdı...
Qəhrəmanların şücaətləri istər xalq istərsə də ölkə başçısı Prezident İlham Əliyev tərəfindən qiymətləndirilir. Elə Məmmədhəsən də şəhadətindən sonra "Vətən Uğrunda", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Bu dünyaya gələn hər kəs bir gün bu dünyadan köçəcək. Ancaq şəhid kimi dünyadan köçənlərin özləri olmasalar da izləri bu dünyada əbədi qalacaq.
ŞƏHİD MƏMMƏDHƏSƏN
Ölümə yürüyüb ölümsüz oldun,
Adınla, ruhunla ürəyə doldun.
Ömrünü vətənə fəda eləyib,
Sən yurdu qorudun, eli qorudun.
Uğura əmanət qoydun vətəni,
Qürurla anacaq övladın səni.
Bu millət heç zaman unutmayacaq,
Yenilməz qəhrəman Məmmədhəsəni.
Özü öz qisasın alan mərd ərən,
Sonuncu nəfəsin vətənə verən,
Şuşa şahid olub şücaətinə,
Vətən azadlığın gözüylə görən.
Bilirdin yolunun dönüşü yoxdu,
Cənnət yollarının yolçusu çoxdu.
Qanın damladığı vətən torpağı,
Şəhidim, o gündən sənin tək qoxdu.
MANYA SƏXAVƏTQIZI
Seçilmişlər
Ən çox oxunanlar