QƏHRƏMAN ATANIN QƏHRƏMAN OĞLU
Tarix: 27-11-2020 14:33
Yaşanılan hər an yaddaşda həkk olmadığı kimi, yaşayan hər insan da tarixə həkk ola bilmir. Biz bu günümüzdə dünənimizə nəzər saldıqca əslində bu günümüzə işıq saçan dünənimizdə olan qəhrəmanların olduğunu görürük. Şücaətləri, qəhrəmanlıqları örnək olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var. Çünki bu günkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə düşən əsl qəhrəmanların yolunu örnək götürürlər. Bu vətənin örnək götürüləcək qəhrəmanları çoxdur. Belə bir qəhrəmanın və onun davamçısı olan oğlunun ömür yolunu vərəqlədim.
1959-cu il 20 fevral tarixində Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində doğulan Səfərov Qəzənfər Səfərəli oğlu ömrünü vətən naminə yaşayan qəhrəmanlardan biri idi. Günbəgün azğınlaşan ermənilərin çirkli nəfslərini Naxçıvana saldıqları l Qarabağ döyüşlərində bir çox qəhrəman oğullar kimi Qəzənfər Səfərov da vətənin müdafiəsinə qalxıb. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Buzqov və Kərməçataq kəndləri uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib. Həmin döyüşlər zamanı yaralanan qəhrəman şəhadətin bir addımlığından dönərək qazi olub.Qəddi-qaməti, qorxmazlığı ilə Koroğluya bənzəyən qəhrəmana el arasında Koroğlu deyirmişlər. Vətən sevgisi ucsuz-bucaqsız olan Qəzənfər Səfərov vətən naminə yaşamaqda qərarlı idi. Bunun üçün də Polis Akademiyasına daxil olub. Uzun illər polis rəisi kimi fəaliyyət göstərib. Nə vətəndən nə vətən sevgisindən doymayan Qəzənfər Səfərov üç oğlunu da bu sevginin işığında böyüdüb. "Vətən sevgisi qandan gəlir" deyimi əbəs deyilməyib. Bunun bariz nümunəsi Səfərovlar ailəsinin ikinci övladı Seymur Səfərovdu. Seymur Səfərovun ömür səhifəsini öz dilindən dinləyərkən bəzən sevinc hissləri yaşadım, bəzənsə çox duyğulandım.
Səfərov Seymur Qəzənfər oğlu ll Qarabağ döyüşlərinin qəhrəman qazisi. Qəhrəmanımız 1993-cü il 3 iyunda Bakı şəhər Xətai rayonunda anadan olub. Körpəlikdən ürəyində dərin bir həsrət iz salan Seymur 1999-cu ildə Xətai rayonunda yerləşən 221 N - li məktəbdə təhsil almağa başlayıb. Atası oğlunun vətən sevgisini, hərbiyə olan həvəsini hiss edib. Seymur 8-ci sinifdə Naxçıvanskiyə imtahan verib və imtahandan keçməyi bacarıb. Lakin gözlənilmədən atası dünyasını deyişib. Bu itki Seymuru dərindən sarsıb və o imtahandan keçsə belə məcburiyyətdən Naxçıvanskidə oxuya bilməyib. Yenidən oxuduğu məktəbdə təhsilini davam edən Seymur 2010-cu ildə məktəbi bitirib. 2011-ci il Xətai rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılıb. Ağdam rayonunda N saylı hərbi hissədə xidmət edib. Nümunəvi davranışı ilə seçilən əsgər atıcılarda manqa komandiri vəzifəsində çalışıb. 2012-ci il yanvarın 1-də xidmətini başa vurub evinə dönüb.
Ailəsinin, doğmalarının çoxu Azərbaycan Respublikasına layiqli xidmət edən Seymur demək olar ki, böyüklərinin davamçısıdır. O, istər atasının, istərsə də dayısı Siyavuş Novruzovun, eyni zamanda dayısı oğlu Nəcəf Novruzovun xalq üçün, Vətən üçün atdığı addımları hər zaman örnək kimi götürürür. Bu gün gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rolu olan Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov Seymuru bu yolda daim dəstəkləyir. Bu gün qohumları, balaca qardaşı Rüfət ətrafında olan dostlarına Seymurun cəbhədə göstərdiyi sücaətlər haqqında fəxr hissi ilə məlumatlar verirlər. Bütün gənc nəsil kimi Seymur da Qarabağ dərdi ilə böyümüşdü. Bu dərd onun ürəyində düşmənə intiqam, qisas hissi yaratmışdı. Hər dəfə arzularda yer alan Qarabağın işğal altında olmağı hamı kimi onun da səbrini daşırmışdı. O da döyüş əmri gözləyirdi. Nəhayət ki, gözlənilən an yetişdi.
27 sentyabr azadlıq qapısının yavaş-yavaş aralandığı və Qarabağ adlı ümidlərin üzərinə işıq düşdüyü gün. Hər dəfə olduğu kimi ermənilər sentyabrın 26-dan 27-nə keçən gecə yenidən təxribata əl atdılar. Bu taxribat bardağı daşıran son damla oldu. Ordumuz geri dönməyəcəkləri yola qədəm qoydular. O yolun yolçuları illərdi o yolu gedəcəklərini səbirsizliklə gözləyən qəhrəmanlar idi. Xalqımız Zəfər yolunun başlanğıcında idi. Çox keçmədi ki, qəhrəman ordumuzun illərlə işğalda qalan torpaqları azad etdikləri xəbəri gəlməyə başladı. Müharibənin ilk başladığı gündən Seymur dəfələrlə hərbi komissarlığa müracət edib könüllü olaraq müharibəyə qatılmaq istədiyini bildirmişdi. Hər dəfə "növbən çatanda çağrılacaqsan" cavabını alan vətən oğlu döyüşə qatılmaqda israrlı idi. Çünki illərlə o bu günün həsrətini çəkmişdi. Düşməndən qisas almaq və torpaqları azad etmək arzusunda olan Seymurun gözlədiyi cavab gəlir. Heç kimə bir söz demədən sentyabrın 29-u könüllü olaraq ordu sıralarına qoşulmuş, digər könüllülər birlikdə Ballıqayaya getmişdi. Döyüş əmri gözləyən qəhrəman oktyabrın 2-si Talış kəndi uğrunda mübarizəyə başlamışdı. Anbaan irəliləyən güclü ordumuzun qarşısında nə düşmən nə də düşmənin sədləri tab gətirmirdi. Düşmənin 30 il ərzində tikib möhkəmləndirdiyi "aşılmaz səddləri" Azərbaycan Ordusu Seymur kimi qəhrəman oğulların sayəsində aşıb keçirdilər. Ən güclü döyüşlərin getdiyi Suqovuşan uğrunda döyüşlərdə əzmin gücü azadlığa işıq saçırdı. Bu döyüşləri dinləyərkən o anı təsəvvür etmək insanı vahiməyə salır. Bir də o qəhrəmanların həmin anlar nələr yaşadıqlarını düşünmək çətin deyil. Seymur o döyüş zamanı üç şey düşünürdü. Ölməmək üçün mübarizə aparmaq, öldürməyə can atmaq, vətəni son nəfəsdə yaşatmaq. Döyüş komandiri olan Seymur demək olar hər an məqsədinə çatırdı. İrəliyə atılan hər addım işğaldan azad olunan torpağa addım atmaq idi. Bu anın sevinci Seymura güc verirdi. Düzdü, irəliləyən zaman şəhidlərimiz, yaralılarımız olurdu. Hər qarış torpaq qanlar, canlar bahasına azad olunurdu. Ancaq buna baxmayaraq Seymur yolundan dönməməkdə qərarlı idi. Artıq döyüşlər elə bir istiqamətdə gedirdi ki, burada həm güclü döyüş taktikası, həm iradə tələb olunurdu. Düşmənə sarsıdıcı zərbələr vurmaqla onları məhv edən döyüşçülər artıq xeyli sayda əraziləri azad etmişdilər. Seymur və onun dəstəsi Badamdar meşəsini çox çətin şəraitdə olsa da keçməyi bacarmışdılar. 96 saat dayanmadan, yatmadan, normal qidalanmadan vuruşan əsgərlərimiz yağışlı havada dağı yuxarı qalxmağı çətin olsada bacarmışdılar. Sanki əsgərlərimiz mənəvi güc alırdılar. Seymurgilin dəstəsi bir çox strateji yüksəkliyin də azad olunmasına nail olmuşdular. Hər bir yüksəkliyin azad edilməsi düşmənin geri çəkilməsinə təkan verirdi. Oktyabrın 7-si səhər saatlarında Suqovuşan ərazisində Talış kəndi istiqamətində yenidən döyüş şiddətlənir. Döyüşlər zamanı Seymurgilin yanına minamyot düşür, bir neçə nəfər şəhid olur. Bir neçə nəfər də ağır yaralanır. Seymur çoxsaylı qəlpə yarası almasına baxmayaraq ayağı qopan yaralı yoldaşına və digər yaralıya kömək etməyə çalışır. Halbuki Seymur özü gözündən, sağ və sol budundan, başından, əlindən çoxsaylı ağır qəlpə yaraları almışdı. Yaralandıqları yerə tibbi personalın yetişməsi mümkünsüz olduğu üçün onlar digər dəstənin köməyi ilə ərazidən uzaqlaşdırılır. Hər saniyə əleyhinə işləyən Seymur saat 16:00 qədər yaralı halda əsgərlərin köməyi ilə yol gedir. Artıq qan itgisi onu haldan salır.Ömrünün son anlarını yaşadığını düşünən Seymur Kəlimeyi şəhadət deyir. Ancaq bu zaman təcili yardım maşını əraziyə çatır. Demək Seymurun qismətində şəhidlik zirvəsinə ucalmaq yox qazi olmaq var imiş. İlkin yardımdan sonra əvvəlcə Naftalan şəhər xəstəxanasında, sonra isə Bakı şəhərində yerləşən xəstəxanalardan birində mualicə olunur. Partlayış travması və bir çox qəlpə yarası alan qəhrəmanın sol bud nahiyəsindəki kor qəlpələr isə ömrü boyu onun cismində qalacaq. Çünki çıxarılarsa iflic olması ehtimalı çox böyükdür. Bundan sonra müharibənin izi Seymurun həm xatirələrində, həm də cismində qalacaq.
Bu günə qədər çox şəhidin, qazinin, müharibə iştirakçısının həyatın, döyüş yolun dinləmişəm. Əksəriyyətində "son güllə" və ya "son qumbara" olub. Nə olur olsun istifadə edilməyən güllə və ya qumbara. Hərbiçi özünə çaxacağı gülləni və ya qumbaranı göz bəbəyi kimi qoruyur. Hər dəfə toxunduğunda o anı düşünür. Vətənini əsirlikdən azad edən əsgər düşmənə əsir düşəcəyi təqdirdə, düşünmədən özünü öldürməyə hər an hazır olur. Seymur da mənə "son qumbara" haqqında danışdı. "Mən düşmənə əsir düşəcəyim anda o qumbaranı partladıb son nəfəsimdə də düşmən canı almağı düşünürdüm" dedi.
Seymur və onun kimi qəhrəman oğullar ana vətəni azad Qarabağa qovuşdurdular. İllərlə tökülən nahaq qanların qisası alındı. Xalqın ürəyində ümid pöhrələməyə başladı. Müzəffər ordumuzun qazandığı zəfər Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya bəyan etdi. Halqa-halqa birləşən xalq, rəşadətli ordu Qarabağı dövrəyə aldı.
MANYA SƏXAVƏTQIZI
Seçilmişlər
Ən çox oxunanlar