Diqqətdən kənar qalan Babaküçə və Ninalov - Masallı (Fotolar)
Tarix: 03-09-2020 12:45
Azərbaycanın özünəməxsus zəngin təbiəti ilə seçilən bölgələrindən biri də Masallı rayonudur. Dəniz və dağlarla əhatələnmiş füsunkar Masallının əhalisi sayı iki yüz mindən çoxdur.
Ölkədə reallaşdırılan regionların inkişafı proqramı ilə bağlı müvafiq proqram çərçivəsində Masallıya da lazımı diqqət ayrılmış, infrastruktur islahatlar aparılmışdı. Belə ki, rayonun su, qaz, işıq, telefon, internet kimi kommunal xidmət sahələrinə vəsait ayrılaraq xeyli işlər görülmüş, təchizat yenilənmişdir. Bütün bunlara baxmayaraq, müəyyən problemlər, xüsusən də ucqar kəndlərlə bağlı yol-nəqliyyat məsələləri hələ də lazımi səviyyədə öz həllini tapmamışdır. Bu mənada rayonun ən ucqar kəndlərindən olan Babaküçə və Ninalovun problemləri daha qabarıq görünür. Əhalinin sıx yaşadığı Babaküçə kəndinin əsas və məhəlli yolları bərbad vəziyyətdədir. Uzun zaman təmir olunmayan torpaq yol yağıntılar zamanı daha bərbad hala düşür. Yağış suları nəticəsində yaranan palçıq yolu keçilməz edərək sakinləri pis vəziyyətdə qoyur. Ninalov kəndinin problemi bundan da ağırdır. Təsəvvür edin ki, əlli ailənin yaşadığı bu kənddə nə məktəb, nə də tibb məntəqəsi var. Sakinlər məktəb yaşına çatan uşaqlarını Sığdaş kəndinin məktəbinə aparmalı olurlar ki, bu da izafi əziyyətdən başqa bir şey deyil. Digər tərəfdən qazlaşdırılmayan kəndin istilik təchizatı da acınacaqlı haldadır. Adamlar hələ də 50-60-cı illərin metodları ilə məişət problemlərini həll etməyə çalışırlar. Hər iki kəndin artan əhali sayını nəzərə alsaq, bu, yüzlərlə insanın ağır şəraitdə yaşayıb-işləməsi deməkdir.
Problemlə bağlı hər iki kəndin sakinliləri dəfələrlə müvafiq qurumlara müraciətlər etsələr də hər dəfə ya quru vədlər eşidiblər, ya da ümumiyyətlə müraciətlərinə cavab verən olmayıb. Məsələni diqqət mərkəzində saxlamaqla müvafiq icra strukturu və ərazi üzrə millət vəkillərini problemin həllinə səsləyirik.
Seçilmişlər
Ən çox oxunanlar