"Sərhədlərimizin o tayında yaşayan soydaşlarımızın da dərdi-səri bizimdir" - Hacı Həsənov
Tarix: 01-07-2020 11:25
Bugünkü mövzumuz, müzakirəmiz Azərbaycan Vətəndaş Hərəkatı (AVH) ilə bağlıdır. Birmənalı şəkildə deyə bilərik ki, Hərəkat 2020-ci il yanvarın 11-də təsis olunmasına baxmayaraq gördüyü işlərlə yerli və beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkməyi bacarıb. Günpress.az saytı olaraq suallarımızı AVH İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunun şöbə müdiri, tarixçi-alim Hacı Həsənova ünvanladıq.
– Hacı müəllim, təmsil etdiyiniz Hərəkat 26 iyun ordu günü ilə bağlı “Ordumuz qürurumuzdur” adlı onlayn formatda beynəlxalq konfrans keçirdi. Mediada dərc olunan məlumatlar deməyə əsas verir ki, konfrans uğurlu keçib. Belə bir konfransın keçirilməsi hansı zərurətdən irəli gəldi?
– Artıq dünya məsafə adlanan yeni davranış tərzilə üz-üzədir. Məlum COVİD-19 pandemiyası bir çox mühüm işləri əngəllədiyi kimi, ictimai əhəmiyyətli tədbirlərin keçirilməsinə də əngəl yaradır. Lakin bəzi əlamətdar günlər var ki, onların qeyd edilməsi hava-su kimi zəruridir. Belə hadisələrdən biri də “Ordu günü”dür. Müharibə şəraitində yaşayayan bir xalq üçün bu tip tədbirlər nə yolla olursa, olsun keçirilməlidir. Biz də şəraiti nəzərə alaraq düşündük ki, virtual konfrans daha münasibdir. Ziyalılarımızın fikirlərini nəzərə alsaq deyə bilərəm ki, çox uğurlu alındı. Əslində biz yerli səviyyədə virtual konfrans nəzərdə tutmuşduq. Lakin miqyas böyüyərək beynəlxalq səviyyəyə keçdi. Belə ki dünyanın bir çox yerlərindən konfransa qoşulan həmyerlilərimiz öz aktivilikləri ilə konfransa genişmiqyaslılıq rəngi qata bildilər. Konfransda çox sanballı çıxışlar və təkliflər oldu. Biz çıxışları media vasitəsilə ictimailəşdirdik, geniş də rəğbət gördük. İndi təklifləri sistemləşdirib müvafiq qurumlara göndərməyə və onu da ictimailəşdirməyə çalışırıq.
– Yeri gəlmişkən, AVH bir çox ziyalıları, ictimai-siyasi fəalları bir araya toplayaraq qısa zamanda ölkədə tanınmış hərəkata çevrilib. İctimaiyyətə maraqlı olan suallardan biri budur ki, AVH nə etmək istəyir?
– AVH olaraq biz dövlətimizin bütün fəaliyyətlərinə ictimai dəstək verməyə, vətəndaş fəallığı göstərməyə, problemlərin həllində ictimai sahədə aktiv çalışmalar həyata keçirməyə çalışırıq. Buraya ictimai, elmi, mədəni, milli-mənəvi, ideoloji, təhsil, səhiyyə, idman, hərbi, iqtisadi, media, insan hüquqları, demokratiya və s. kimi müxtəlif sahələr daxildir. Bununla biz dövlətimizin möhkəmlənməsi, inkişafı, tərəqqisi üçün çalışırıq. Bunun üçün həm beynəlxalq, həm də yerli əhəmiyyətli qurumlarla, məsul şəxslərlə görüşlər keçirir, toplantılar keçirir, səfərlər təşkil edir, təkliflərimizi verir, əməli işlər görürük. Təvazpkarlıqdan uzaq olsa da deyim ki, az bir müddətdə qurulmasına baxmayaraq artıq AVH yaddaşlarda silinməz izlər qoyacaq, ictimaiyyətin rəğbətini qazanan fəaliyyətlər həyata keçirə bilib.
– Hərəkat olaraq xarici səfərləriniz də olub. Bunun ölkəmiz, xalqımız üçün faydalı tərəflərini bilmək istərdik?
– Biz Hərəkat olaraq 2019-cu ilin oktyabr ayında Rusiyanın Dərbənd şəhərinə səfər edərək Dağıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri olan azərbaycanlılarla görüşlər keşirdik. Rusiyada, Dağıstanda yaşayan həmyerlilərimizlə münasibətləri sıxlaşdırmaq, Dağıstanla Azərbaycan arasında dostluq bağlarının möhkəmlənməsi və inkişafı üçün bir sıra təkliflər verdik. Bakıda isə Dərbənd Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsi imzaladıq. Gürcüstanla sərhəddə problem yarananda “Keşikçidağ”a səfər etdik, dövlətimizə dəstək olduq, sərhəd pozucularına yerini və həddini nümayiş etdirdik. İranın Ərdəbil şəhərinə aprel ayında səfər etməyi planlaşdırmışdıq. Lakin məum pandemiya məsələinə görə təxirə salınıb. Düşünürəm ki, getdiyimiz yerlərdə ölkəmizi layiqincə təmsil edə bilmişik. Bilirsinizmi, bütün sərhədlərimizdə azərbaycanlılar yaşayır. Biz təkcə öz ölkəmizdən ibarət deyilik. Sərhədlərimizin o tayında yaşayan soydaşlarımızın da sevinc-kədəri, dərdi-səri bizimdir. Ölkəmizin daha möhkəm gələcəyə malik olması üçün soydaşlarımız bizdən arxayın, razı olmalıdır. Bu mənada Hərəkatımız qarşısına qoyduğu məqsədə çatmaq üçün səbrlə və əzmlə addımlayır.
– Görünən budur ki, AVH həm ictimai, həm də siyasi yük daşıyır. Bu cür hərəkat isə ölkəmizdə, demək olar ki, yeganə olaraq sizsiniz. Sizcə, AVH, əsasən, ictimai yük daşımalıdır, yoxsa siyasi yük?
– Bilirsinizmi, qolaballaşan dünyada ictimai işlərlə siyasi işlər qarışıb bir-birinə. Bir ölkədə ictimai hesab edilən işlər digər ölkə üçün siyasi alətə çevrilə bilir. Məsələn, din. Bizim üçün ictimai hesab edilən din hansısa dövlətlər üçünsə ölkəmizə qarşı siyasi vasitəyə çevrilə bilinir. Odur ki, ölkəmiz üçün prioritet nədirsə biz onun ictiamai, siyasi tərəflərinə fərq qoymadan dövlətin yanındayıq.
– AVH sıralarına qoşulmaq üçün məhdudiyyətlər varmı?
– Düzdür, əsasən, ətrafımızda ziyalılar, torplanır. Amma düşünürük ki, AVH olaraq biz gələcəkdə cəmiyyətin bütün sahələrini əhatə edəcəyik, inşallah! Amma qaldı ki, üzvlük haqda məhdudiyyətə, bu ölkənin dəyərlərinə, konstitusiyasına, qanun-qaydalarına, dahi şəxsiyyətlərinə, şanlı tarixinə xor baxan insanlar, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, sıralarımıza qatıla bilməzlər. Ən yaxşı halda onlarla müzakirələrə hazırıq ki, vətəndaş olaraq cəmiyyətə adaptasiya ola bilsinlər. Yuxarıda sadaladığım prinsiplərin əleyhinə getməyən, Hərəkatın əsasnaməsini qəbul edən hər bir şəxs AVH-yə üzv ola bilər.
– AVH beynəlxalq miqyasda genişlənmə nəzərdə tuturmu?
– Əlbəttə ki, elə bir ölkə yoxdur ki, orada soydaşlarımız olmasın. Düşünürük ki, gələcəkdə AVH-nin hər region üzrə təmsilçisi, lobbisi olacaq. Buna bizim həm zəka-intellekt, həm də sosial potensialımız əsas verir.
Seçilmişlər
Ən çox oxunanlar