Sumqayıtda "Yaşıl dərə" massivində susuzluq problemi ciddi narazılıq yaradıb
Tarix: 18-06-2020 18:10
Sumqayıt şəhəri Yaşıldərə adlı yaşayış massivində təxminən 10 000 (on min) ailə yaşayır. Qəsəbənin problemlərini saymaqla bitməz. Qaz, su, işıq, yol, kanalizasiya, məktəb və sair və ilaxır.
Minlərlə insanın daimi yaşayış yeri olan Yaşıldərədə kanalizasiya infrastrukturu ümumiyyətlə, olmadığına görə elə qəsəbə boyu uzanan, eni 6-7 metrlik kanalla axıdılan çirkab suları dözülməz üfunət və antisanitariya yaradır. Halbuki sakinlər su pulunu kanalizasiya xidməti ödənişi ilə birgə ödəyirlər: 55 qəpik. Ən dözülməz hal isə qəsəbənin dəmiryolvağzalı ətrafı, Qubadlı rayon Xıdırlı kəndi yaxınlığında yerləşən məhəllələrdədir. Sakinlər bildirir ki, burada aylarla su üzünə həsrət qalırlar. Sakinlərin dediyinə görə, burda elektrik enerjisinini gərginliyi, qazın və suyun təzyiqi standartlara cavab vermədiyinə görə çoxları əlavə xərc çəkib baha qiymətə tənzimləyicilər almalı olurlar. Bu üzdən məişət əşyaları da tez-tez sıradan çıxır. Qəsəbədə fəaliyyət göstərən yeganə məktəb Qubadlı rayonu Xıdırlı kənd tam orta məktəbidir ki, o da bir vaxtlar heyvandarlıq fermasına aid olmuş darısqal bir binada yerləşir. Ötən illərdə kənarda modul tipli 4 sinif otağından ibarət əlavə korpus tikilsə də, sözsüz ki, bu məktəb böyük bir qəsəbənin orta təhsil tələbatını ödəmək iqtidarında deyil. Buna görə də sakinlərin böyük əksəriyyəti övladlarını Sumqayıt şəhərində yerləşən müxtəlif məktəblərə göndərir, bu isə onlar üçün həm əlavə yol xərci, həm də uşaqlarının təhlükəsizliyinə görə hər an narahatlıq deməkdir. Qəsəbəyə işləyən yeganə 39 saylı marşrut var. Qeyd edək ki, dəfələrlə müvafiq qurumlara müraciət edilsə də, mətbuatda işıqlandırılsa da, məsələ ilə bağlı müsbət addımlar atılmayıb. Qəsəbədə bələdiyyə adlı qurumun fəaliyyəti isə sıfır dərəcədədir.
Qeyd edək ki, şəhid ailələri üçün ayrılan torpaq da bu ərazidə yerləşir. Bu ailələr edə analoji problemdəziyyət çəkirlər.
Seçilmişlər
Ən çox oxunanlar