Polis və xalq...
Tarix: 07-06-2020 19:17
Polis də bizdəndir, bizdən biridir. Məsələn, o gün yolda epilepsiyası tutan azyaşlı uşağı xəstəxanaya çatdıraraq, həyatının xilas olmasına səbəb olan polis xalam oğludur. Onlarla, yüzlərlə belə polis əməkdaşları var.
Bu gün bacısı ölən qadını hüzr evinə qədər aparan polis də var. Himnimiz səslənən zaman maşından düşüb farağatda duran polisimiz də var. Qarabağda savaş başlayanda ilk olaraq, müharibəyə gedən qazi, şəhid olanlar da elə polislər idi...
Bəli, başqaları da var. Kobudluq edən, zorakılığa əl atan, adamdöyən və sair...
Bir evdə sözə qulaq asmayan, kobudluq edən övlad, qardaş, dost olmurmu? Onları dostluqdan, qardaşlıqdan, yoldaşlıqdan silirikmi? Təbii ki, yox. Çünki özümüzünküdür. Polisə də özümüzünkü kimi yanaşmalıyıq. Polis əmrə tabedir, nə deyirlərsə, edir. Kimsə qanunu pozur, polisə tabe olmur, onu aparmağın yolu çətindir. Bir də ki, situasiyanı bilmirik, polis zorakılığa məcburmu qalıb, bilmirik. Bəli, polis qanun keşikçisidir, qanunla davranmalı, qanunu qanunla tətbiq etməlidir. Heç bir polis hətta cinayət törədənə belə qanundan kənar güc göstərməməlidir. Bu, ayrı məsələdir...
Amma bu karantin dövründə ən çox səbr kasası dolan elə polislərdir. Onları da anlamaq lazımdır. O zorakılığa məruz qalan vətəndaş mən də, mənim yaxınım da ola bilər, haqlısız. Çox pis görüntüdür. Amma polisin başına zibil atmaq, butulka sındırmaq da yanlışdır. Diqqət etdinizsə, həmin videoda polislər bir dəfə də başlarını qaldırıb zibil atan insanlara reaksiya vermədilər. Çünki onlar insanların hansı hislər keçirdiklərini anlayırdılar. Sadəcə, əmr "heç kim çölə çıxmasın, kim çıxsa, cəzalandırılsın" kimi verilib.
Dövlət qərar verirsə, vətəndaş olaraq, qəbul etməl iyik. Unutmayaq ki, o qərar məsuliyyətsizliyin nəticəsi olaraq bu şəkildə ortaya çıxıb.
Zaur ƏHMƏD
P.S.
Polisə dəstək verdiyimi düşünənlərə deyim ki, çoxu susanda mən aksiyada ağsaqqal kişini kəllə-mayallaq aparan, şəhid oğlunu yerdə sürüyən polis nəfərinin qanunsuz əməlinə etiraz edib mövqeyimi bildirmişəm. Amma polisi hədəfə alanda şəhid, qazi polisləri, ekstermal situasiyalarda vətəndaşa yardım edənləri, milli mənəvi dəyərlərimizi, dövlət atributlarımızı uca tutan polisləri də unutmayaq. Haqsızlığa susmayaq, amma haqsızlıq da eləməyək.
Seçilmişlər
Ən çox oxunanlar