QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat verib
Tarix: 16-01-2020 12:16
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan bəyanat verib.
Bəyanatı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan tədbirdə QMİ sədrinin müavini Qəmər Cavadlı səsləndirib.
Bəyanatda bildirilir ki, Azərbaycan xalqına qarşı dəhşətli cinayət - tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olunmuş Qanlı yanvar faciəsinin 30-cu ildönümü ərəfəsindəyik: "1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar günü bütün faciəsinə rəğmən xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrildi. 20 Yanvar Azərbaycan xalqını müstəqilliyə, milli-mənəvi və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Təpədən dırnağadək silahlanmış ordunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta dövləti varlığı şübhə altında olduğu bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, siyasi yolunun davamçısı İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirən, qanlı cinayətin təşkilatçılarını sərt ittiham edən, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirən Heydər Əliyev bu addımı ilə ümummilli lider olaraq Azərbaycanın hələ elan olunmamış müstəqilliyinin ilk tarixi səhifəsini yazdı".
Bəyanatda qeyd edilir ki, şəhidlərin layiq olduqları status da məhz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı dönəmində rəsmiləşib və 20 Yanvar hadisələri Azərbaycan Milli Məclisində siyasi qiymət alaraq SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz aktı kimi qiymətləndirilib: "Həmin faciə günlərində Bakıdan səsini ucaldan Şeyxülislam Allahşükür Paşazadə sovet rejiminin ciddi təzyiq, təhdid və məhdudiyyətlərinə baxmayaraq, keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb, ittiham dolu etiraz məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin mövqeləri xalqı ruhlandırdı, səfərbər edərək birləşdirdi".
Seçilmişlər
Ən çox oxunanlar