Nazir Sahil Babayevə uşaqpulu ilə bağlı 5 təklif
Tarix: 14-11-2019 08:18
Hamımız deyirik ki, uşaqpulu verilsin. Nazir Sahil Babayev isə deyir ki, buna çox pul lazımdır. Belə baxanda doğru deyir. Nazirin sözlərinə görə, ölkədə 2.7 milyon uşaq - 18 yaşına çatmamış şəxs var. Onun 600 mininə müavinət filan verilir. Yerdə qalır 2.1 milyon nəfər. Bu uşaqların hər birinə ayda 50 manat verilsə, bir ildə 1 milyard 260 milyon pul edir. Həqiqətən də böyük rəqəmdir.
İcazə verin, nazirimizlə bəzi məqamlarda razılaşmayım. Bəribaşdan deyim ki, mən iqtisadçı, yaxud sosial sahə üzrə ekspert deyiləm, amma müəyyən təklif və iradlarım var.
Birincisi, hazırda ölkəmizdə 10 milyon adamın yaşadığı inandırıcı deyil. Statistika Komitəsinin sayımına "bir quş" qoyulduğu hamıya bəllidir. Odur ki, ölkədə 2.7 milyon uşağın olması da "pripiskadır". Buradan aydın olur ki, uşaqpulu verilsə, milyonlarla vəsaitin "silinməsi" bəri başdan mümkündür. Necə deyərlər, "barmaq yeri" bəribaşdan qoyulur)
İkincisi, uşaqpulu niyə hamıya verilməlidir? O qədər imkanlı ailə var ki, onlara bu pulu vermək artıqdandır. Bunun üçün çox sadə şərtlər qoymaq olar. Rəsmi gəlirləri orta aylıq əmək haqqından yuxarı olan, şəxsi mənzili, avtomobili və digər əmlakı olanlara bu müavinət verilməmlidir. Bu zaman dövlət haqsızlıq etmiş olmur.
Üçüncüsü, uşaqpulunu 18 yaşa kimi deyil, müəyyən yaş həddinə - məsələn, 10 yaşa kimi vermək olar. Təbii ki, ehtiyacı olan ailələrin övladlarının məktəb xərcləri ilə bağlı müəyyən sosial tədbirlər həyata keçirmək mükündür ki, bu zaman əlavə problem də ortaya çıxmaz.
Dördüncüsü, hər şeydən önəmlisi, uşaqpulunun verilməsi prosesi ünvanlı sosial yardım kimi olmamalıdır. İkinci bənddə qeyd etdiyim məqamlarla bağlı rəsmi məlumatlar e-hökumət sistemində var. Vətəndaş özü internet üzərindən müraciət edə və gəlirləri və əmlakı barədə deklorasiya verir. Əgər qeyd olunan sadə şərtlərə cavab verirsə, vətəndaş uşaqpulunu ala bilir. Yəni, sistem məmursuz və şəffaf olur.
Beşincisi, uşaqpulunun təyin olunması hər il təkrarlanmalıdır. Çünki kimsə daha yüksək əməkhaqqı ala, yaxud gəlirləri müxtəlif yollarla arta, yeni daşınmaz əmlaka sahib ola bilər. Yaxud da hansısa valideyn əvvəlki imkanlarını itirə bilər. Ona görə də tələb olunan bir neçə sənədi elektron formada təqdim edib uşaqpulunu ala bilərlər.
Dəqiq hesablamalar aparılsa, yuxarıda qeyd etdiyim şərtlərə cavab verən, yəni, mənim təkliflərim əsasında uşaqpulu almaq hüququ olan vətəndaşlar müəyyənləşdirilsə, ölkədə maksimum 700-800 min uşağa müavinət veriləcəyini demək olar. Bu saya görə hər uşağa 50 manat verilərsə, o zaman illik 400-500 milyon manat dövlət vəsaiti lazım olar. Mən bilən, bu vəsaitin isə büdcədən ayrılması elə də çətin olmaz.
Zaur Əhməd
P.S.
Əgər cənab nazir təkliflərimi diqqətə alsa, görüşüb söhbət edə, hətta müsahibə də ala bilərəm. Hər halda, bunu dialoq üçün bir cəhd kimi dəyərəndirmək olar. İlk addımı mən atdım. Növbə Sizindir, Sahil müəllim...
Seçilmişlər
Ən çox oxunanlar