Müharibə veteranı, tanınmış ziyalı Vaqif Əlisoyun 65 illik yubileyidir
Tarix: 01-10-2019 12:04
Qarabağ müharibəsi veteranı, tanınmış ziyalı Vaqif Əlisoyun 65 yaşı tamam olub.
Məlumat üçün bildirək ki, Vaqif Əlisoy Qubadlı rayonunda anadan olub, ata-baba yurdu Cəbrayıl rayonunda yaşayıb, Vətəninə, Torpağına, Millətinə, Dövlətinə sədaqətlə xidmət edib, vicdanlı vətəndaş, ləyaqətli insan kimi şərəfli ömür yolu keçib, bu gün də etiqadından, əqidəsindən dönməyib, şərəf və ləyaqət yolunu davam etdirir.
Vaqif Əlisoy 1988-ci ildən başlayaraq Qarabağ, ərazi bütövlüyü və müstəqillik uğrunda mübarizənin ön sıralarında olub. 1988-1993-cü illərdə erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirak edib. Cəbrayıl ərazi özünümüdafiə taburunun, həmin ərazidə fəaliyyət göstərən N saylı hərbi hissənin yaradılmasında fəal iştirak edib, həmin hərbi hissələrin rəhbərliyində olub. Cəbrayıl Ziyalı batalyonunun yaradılması, onun silah-sursatla təmin olunmasında fəal iştirak edib. 1991-1993-cü illərdə Əsir və girovların işləri üzrə Dövlət Komitəsinin Cəbrayıl rayon şöbəsinə rəhbərlik edib, yüzlərlə insanın düşmən əsirliyindən azad edilməsinə nail olub.
Vaqif bəy xalq hərəkatının rəhbərlərindən olub, AXC-nin Cəbrayıl rayon şöbəsinə başçılıq edib. 1990-cı il 20 Yanvar hadisələrindən sonra həbs edilib, Rusiyanın ən sərt rejimli həbsxanalarında saxlanılıb, ölümlə üz-üzə qalıb, lakin sınmayıb, azadlığa çıxdıqdan sonra mübarizəsini davam etdirib.
Vaqif Əlisoy həm də müqəddəs peşə sahibidir, yüzlərlə şagirdin yoluna işıq saçan müəllimdir. Hazırda da müəllim kimi çalışmaqdadır.
Onu da xüsusiylə qeyd eək ki, Vaqif Əlisoy Cəbrayılın işğaldan öncə və işğal dövrü tarixindən bəhs edən "Kaş gözlərim kor olaydı" adlı kitabının müəəlifi kimi tanınır.
Yubileyiniz kutlu olsun, dəyərli ziyalımız!
Seçilmişlər
Ən çox oxunanlar