MDTF-nin dəstəyilə Siyəzəndə mənəvi dəyərlər təbliğ olunub
Tarix: 12-07-2019 17:45
“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyilə həyata keçirdiyi “Mənəvi dəyərlərin təbliğində region mətbuatının rolunun artırılmasına yardım” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Siyəzən rayonunda baş tutub.
“Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin sədri Seymur Verdizadə ölkəmizdə sağlam mənəvi mühitin hökm sürdüyünü bildirib. JAM sədri qeyd edib ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma baş verməyib: “Xalqımız tarixin müəyən dönəmlərində üzləşdiyi ağır sınaqlara baxmayaraq, malik olduğu milli adət-ənənələrini qoruyaraq, özünəməxsusluğunu heç vaxt itirməyib. Bu amil Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin dayanıqlılığının və kənar təsirlərə qarşı müqavimət qabiliyyətinin yüksək səviyyədə olmasının göstəricisidir. Əks halda, sadəcə, son on üç əsrdə bir neçə dəfə müstəqilliyini itirən xalqımız yadelli işğalçıların düşünülmüş assimlyasiya siyasətinin qurbanı olardı. Azərbaycan xalqı isə nəinki milli xüsusiyyətlərini itirdi, hətta işğalçı qüvvələrin nümayəndələrini malik olduğu böyük mədəniyyət daxilində “əriməyə” məcbur etdi”.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov deyib ki, müasir informasiya texnologiyalarının fasiləsiz inkişafı və qlobalizmin təzyiqləri bu gün də Azərbaycanın milli-mənəvi dəyərlər sistemi üçün müəyyən təhdidlər yaratmaqdadır: “Lakin əlamətdar haldır ki, Azərbaycanın siyasi rəhbərliyi xalqımızın mənəvi dəyərlərinin qorunması və təbliğinə ciddi diqqət yetirir. Bu isə o deməkdir ki, dövlətin və xalqın vəhdəti milli-mənəvi dəyərlərimizin davamlı inkişafına təminat verən çox mühüm amilə çevrilib. Azərbaycan mediasının bu prosesdə öncüllük etməsi ölkəmiz üçün xarakterik olan sağlam məməvi mühitin inkişafını stimullaşdıran əsas faktorlardan biridir”.
Siyəzən rayon Təhsil Şöbəsinin metodisti Cəfər Bağırov bildirib ki, xalqımızın mənəvi dəyərlər sisteminin tərkibinə nəzər saldıqda, əcdadlarımızın yaradıcılıq keyfiyyətləri ilə qürurlanmamaq mümkün deyil: “O sistemə nələr daxildir? İbtidai inanclardan qaynaqlanan adət-ənənələr, xeyir-şər mərasimləri, yüksək əxlaq və tərbiyə, fərdə və cəmiyyətə sayğı, dürüstlük, yardımsevərlik, kollektivçilik, digər toplum və dinlərə qarşı dözümlülük və sair. Bir sözlə, ali insani hissləri özündə ehtiva edən bütün keyfiyyətlər xalqımızın dəyərlər sistemində dəyişməz yer tutur”.
Sonda tədbir iştirakçıları gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Seçilmişlər
Ən çox oxunanlar