Nazirlik bu istirahət mərkəzlərinin sahiblərini CƏZALANDIRDI
Tarix: 27-06-2019 11:14
Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reydlər keçirib.
GÜNpress.az xəbər verir ki, reydlər zamanı Sumqayıt şəhərinin Xəzər dənizinin sahil zolağında fəaliyyət göstərən “Duyğu”, “Liman”, “Atlantida”, “Narınqala” və “Flaqman” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib.
Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə cavabdeh şəxslər Etibar Məmmədov, Mehriban Kılıc, Ələkbər Qarayev, Süleyman Məmmədov, Amil Mirzəquliyev barəsində protokol tərtib olunub və onların hər biri vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.
Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib. Eyni zamanda, qurğular quraşdırılanadək sözügedən obyektlərin fəaliyyətlərinin dayandırılması ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi qarşısında vəsatət qaldırılıb.
Seçilmişlər
Ən çox oxunanlar