AzMİU-da Respublika elmi-praktiki konfrans - FOTO
Tarix: 30-04-2019 16:36
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMIU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “İnsan inkişafı. Dünyaya inteqrasiya” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib. Konfransa ölkəmizin ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, xarici ölkələrdən gələn qonaqlar da qatılıb.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfransın ənənəvi olaraq hər il AzMİU-da keçirildiyini, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr oldunduğunu qeyd edib. O, Heydər Əliyevin çoxşaxəli, mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, dövlətimiz və millətimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb.
Rektorun çıxışından sonra konfransın plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova çıxış edib. “Davamlı inkişafda qadınların rolu” mövzusunda çıxış edən H.Hüseynova vurğulayıb ki, gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi bu gün ölkə siyasətinin mühüm prioritetlərini təşkil edir. “Bu baxımdan ötən müddətdə qadınların iştirakçılığının artırılması üçün imkanların genişləndirilməsi, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görülüb”.
Qeyd edək ki, ümumilikdə konfransa 98 məqalə təqdim edilib.
Beynəlxalq konfrans 2 gün davam edəcək, bölmə iclaslarında mühazirələr dinləniləcək, müzakirələr aparılacaq.
Seçilmişlər
Ən çox oxunanlar