“Deyirlər ki, Sahil Babayevin haqqı çatmalıdır” – Nazirə qarşı şok ittiham
Tarix: 10-04-2019 11:15
"Hürriyyət” qəzeti Kürdəmir rayonunun 51 sakini tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciəti yayımlayıb.
GÜNpress.az xəbər verir ki, sakinlər bildiriblər ki, Kürdəmirdə hər kəs keçmiş nazir Səlim Müslümovun "ölənlərinə rəhmət oxuyur". Onlar nazirdən narazı olduqlarını dilə gətiriblər:
"Biz sakinlər bilmirik ki, bu narazılığın mənbəyi sizsiniz, yoxsa DSMF-nin Kürdəmir rayon şöbəsindəki kadrlarınız? Biz Kürdəmir sakinlərinin konkret olaraq şikayəti DSMF-nin Kürdəmir rayon şöbəsinin Sosial yardım və sosial müavinətlər sektorunun müdiri Hidayətov Hamil Ədalət oğlu və həmin sektorun məsləhətçisi Mürsəlov Ramin Məmməd oğlundandır.
Sosial yardım və sosial yardımın təyinatı bu iki şəxsin əlində cəmləşib. Hər gün xeyli vətəndaş sosial müavinətin təyin (uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət, dəfn üçün müavinət, penitensiar müəssisələrdə çəzaçəkmədən azad olunan şəxslər verilən müavinət və s.) olunması üçün Hidayətov Hamil və Mürsəlov Raminin yanına üz tuturlar. Uşağın anadan olmasına görə verilən müavinətin (süd pulu) təyin olunması üçün bu iki şəxs - H.Hamil və M.Ramin - hər bir vətəndaşdan 10-15 manat, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərə müavinətin təyin olunamsı üçün isə 40-50 manat rüşvət tələb edirlər. Və bu insanlara etirazını bildirdikdə isə deyirlər ki, bəs bizim "idarənin qarşısına tapşırıq qoyurlar", "Sahil Babayevin, nazirlikdəki digər vəzifəli şəxslərin haqqı çatmalıdır”, "bizim ailəmiz, uşağımız var", "biz özümüz də dolanmalıyıq" kimi ifadələrlə vətəndaşlara cavab verirlər.
Bu sosial müavinət sahəsində olan korrupsiya faktları idi. İndi gəlin keçək ünvanlı sosial yardıma.
Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) üçün müraciət prosedurları elektronlaşsa da, Kürdəmirdə hələ də bu "yardım” rüşvətlə başa gəlir. Belə ki, aztəminatlı ailənin təmsilçisi bir qədər pulundan keçib, lazımi sənədləri almaq, özünün təmsilçilik hüququnu rəsmiləşdirmək üçün sənədlərin dövlət rüsumlarını ödəməlidir. Ardınca vətəndaş özü haqqında məlumatları VEMTAS-a daxil edir. Bu, hələ hamısı deyil!
Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu işlərə məsul nümayəndələri müraciətçinin sənədlərində elektron olaraq, bir problem tapıb, "VEMTAS” sistemi ilə imtina sms-i göndərməsələr, işin yarısını alınmış saymaq olar. Daha sonra vətəndaşın qeydiyyatda olduğu rayon üzrə Dövlət Sosial Müdafiə Mərkəzinin əməkdaşları Hidayətov Hamil və ya Mürsəlov Ramin vətəndaşın evinə, yaşayışına baxış keçirib, müayinə aktı imzalayırlar. Və yenidən yardım üçün rüşvət mexanizmi işə düşür. Bu rüşvət mexanizmi necə işə düşür? Gəlin bunu sizə izah edim: Vətəndəş öz gəlirləri barədə məlumatları VEMTAS-a daxil edəndə, məsələn, tutaq ki, VEMTAS-a bir baş inək, 5 baş qoyun, 12 sot həyətyanı torpaq sahəsi daxil edir. Bu vətəndaşın maddi-məişət şəraitini Hidayətov Hamil və ya Mürsəlov Ramin yoxlayarkən aşkar edir ki, vətəndaşın bir baş inəyi yox 5 baş inəyi var, beş baş qoyunu 10 baş qoyunu var, 12 sot həyətyanı torpaq sahəsi yox, 50 sot həyətyanı torpaq sahəsi var. Bu zaman rüşvət mexanizmi işə düşür. Bunlar vətəndaşa bildirir ki, mən aşkar etdiklərimi olduğu kimi müayinə aktına qeyd etsəm, sənə avtomatik imtina veriləcək və sən bir il sosial yardıma müracət hüququndan məhrum ediləcəksən. Və nəticədə vətəndaşdan 1000-1500 manat rüşvət tələb edirlər.
Biz aşağıda adları qeyd olunan Kürdəmir rayon sakinlərinin tələbi nazirlik, Baş prokurorluq, Prezident Admnistrasiyası olaraq Sizdən tələbimiz Hidayətov Hamil Ədalət oğlunun və Mürsəlov Ramin Məmməd oğlunun yuxarıda qeyd etdiyimiz korrupsiya faktlarına görə dərhal tutduqları vəzifələrindən azad edilməsi və barələrində hüquqi araşdırma aparılmasıdır”.
Seçilmişlər
Ən çox oxunanlar