Azərbaycanlı doktorant Almaniyada ermənilərin iştirak etdiyi tədbirdə işğaldan danışıb
Tarix: 16-03-2019 22:46
Berlin Texniki Universitetinin doktorantı Günel Babayeva Almaniyanın Helmştet şəhərində KAAD (Katolik Akademik Əcnəbilər Birliyi) təşkilatı tərəfindən təşkil edilən 11.03-14.03. 2019 tarixində baş tutan tədbirdə çıxış edib.
Bu barədə doktorantın özü məlumat verib. Onun sözlərinə görə, dünyanın 15-dən çox ölkəsinin akademik heyyətinin qatıldığı tədbirdə erməni tələbə və tədqiqatçılar da iştirak edib. Günel Babayeva bu tədbirdə təmsil olunan yeganə Azərbaycanlı olduğunu qeyd edib: "Tədbir mənim ilk və yeganə azərbaycanlı təqaüdçüsü olduğum KAAD təşkilatı tərəfindən təşkil edilmişdi.Təbii ki, tədbirdə iştirak edən tək azərbaycanlı idim. Tədbir "Ölkələrarası konfliktlər və xatırlama mədəniyyəti” mövzusunu əhatə edirdi. Proqram əvvəlcədən məlum olsa da, tədbirə 1 gün qalmış bildim ki, Ermənistanı təmsil edən doktorant Dağlıq Qarabağ mövzusunda çıxış edəcək. Mənə çıxış verilməmişdi. Təbii ki, tədbir başlayarkən etirazımı bildirdim və mənə çıxış etmək imkanı yaradılmasını xahiş etdim. Bunun mənim hüququm olduğunu təşkilatçının diqqətinə çatdırdıqdan sonra, razılıq verildi. Çıxışı hazırlamaq üçün cəmi 2 saat vaxtım oldu. Dünyanın müxtəlif ölkələrini təmsil edən doktorantların, o cümlədən ermənilərin iştirak etdiyi tədbirdə Qarabağ həqiqətlərini çatdırmaq mənim mənəvi borcum idi. Bunu da dünyanın bir çox ölkələrindən olan akademik heyyətin qarşısında səsləndirdim ki, atam və anam qədər mənə əziz olan bibim erməni terroru zamanı həyatını itirb. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bəyan etdim. Auditoriyanın diqqətinə çatdırdım ki, beynəlxalq hüquq bunu tələb edir”.
G.Babayeva daha sonra qeyd edib: "Hər zamanki kimi Ermənistan təmsilçiləri uydurduqları "tarixi faktlar” a istinad edirdilər. Çıxış edən erməni doktorant tarixi təhrif edərək manipulyativ fikirlərlə auditoriyanı çaşdırmağa çalışırdı. Nəhayət çıxış üçün növbəm çatdı. İlk növbədə Beynəlxalq hüququn prinsiplərini müxtəlif ölkələrin nümayəndələrinin təşkil olunmuş akademik heyyətin diqqətinə çatdıraraq bildirdim ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycanın işğal etdiyi əraziləri qeyd şərtsiz boşaltması barədə qətnamələrinə Ermənistan bugünədək əməl etməyərək beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Nəinki Qarabağın, eyni zamanda Ermənistan Respublikasının yerləşdiyi hazırki ərazinin Azərbaycanın əzəli torpaqları olduğunu bildirdim.
Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqrımı barədə məlumat verdim. Öz doğma yuvalarından qaçqın və məcburi köçkün düşənlərin sayının ölkəmizdə bir milyondan artıq olduğunu qeyd etdim. Erməni doktorant auditoriya qarşısında çıxış edərkən Ermənistanın Xocalı qətliamını törətdiyini etiraf etdi”.
G.Babayeva bildirib ki, diskusiya zamanı heç bir xoşagəlməz hal baş verməyib: "Normal şəkildə, tutarlı dəlillərlə başa salmağa çalışdım ki, yanlış fikirdədirlər, Dağlıq Qarabağla bağlı səsləndirdikləri arqumentlərin heç bir əsası yoxdur, dedikləri tamamilə uydurmadır. Tədbir iştirakçıları bu məsələdə Azərbaycanın beynəlxalq hüquq müstəvisində haqlı olduğunu dilə gətirdilər.
Dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçılarla fikir mübadiləsi aparan zaman, şahidi oldum ki, ölkəmiz, xalqımız haqqında çox yüksək fikirdədirlər”.
Seçilmişlər
Ən çox oxunanlar