Sumqayıtda “İnsan alveri ilə mübarizədə media işçilərin rolu” mövzusunda təlim keçirilib - FOTOLAR
Təlimin məqsədi insan alveri qurbanlarının məxfiliyinin qorunması qaydalarının öyrədilməsi, insan alveri mövzularında yazılan məqalələrin və qurbanlarla müsahibələrin aparılma qaydaları haqqında KİV nümayəndələrini maarifləndirmək olub.
Müxtəlif KİV-lərdə çalışan jurnalistlərin qatıldığı təlimdə ekspert qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İnsan Alveri qurbanlarına yardım mərkəzinin direktoru Nəzakət Balabəyova çıxış edib.
Nəzakət Balabəyova iştirakçılara ilk öncə İnsan alveri ilə mübarizədə media işçilərin rolundan, bu sahədə qanunvericilik toplusu haqqında danışıb. Ekspert həmçinin insan alveri qurbanları və potensial qurbanlar haqqında təlim iştirakçılarına geniş məlumat verib, insan alverinin və qanunsuz miqrasiya fenomeninin kütləvi informasiya vasitələrində işıqlandırılmasından bəhs edib.
O, KİV nümayəndələrinin insan alveri qurbanları və potensial insan alveri qurbanları haqqında məlumat yayımlayarkən onların həssas və tolerant yanaşmasının vacibliyini iştirakçıların diqqətinə çatdırıb.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə hər bir iştirakçı təlim materialları ilə təmin edilib.
İştirakçıların sualları ekspert tərəfindən geniş cavablandırılıb.
Sonda təlimin qiymətləndirilməsinə dair sorğular keçirilib. Sorğularda iştirak etmiş iştirakçıların çox qismi təlim mövzusunun aktual olduğunu qeyd edib.