Gəncə sakinləri Mehriban Əliyevaya müraciət etdilər
Tarix: 12-01-2015 13:27
Gəncə şəhərinin sakinləri Cavad xana heykəl qoyulması təşəbbüsü ilə kampaniyaya başlayıblar.
Gunpress AzNews.az-a istinadən xəbər verir ki, bunun üçün sosial şəbəkələrdə qruplar yaradılıb, imzalar toplanılaraq ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya müraciət ünvanlanıb.
Gəncə sakinlərinin hazırladığı petisiyanı sizə təqdim edirik.
“Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya.
Hörmətli Mehriban xanım, Siz milli ictimai fikirdə özünəməxsus yeri olan, Azərbaycan xalqının tarixi-mənəvi varlığını qoruyub yaşadan əvəzolunmaz ictimai xadim, təəssübkeş vətəndaş, kübar insan, yüksək intellektə, zəngin dünyagörüşünə malik ziyalı, fəlsəfi-əxlaqi və mənəvi meyarlara orijinal və dərin yanaşma tərzi ilə seçilən bir şəxsiyyətsiniz. Siz həm də ölkəmizdə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi töhfələr vermiş dövlət xadimisiniz. Qazandığınız nailiyyətlər, Azərbaycanla bağlı gerçəkləşdirdiyiniz tarixi missiya, sərgilədiyiniz fəal vətəndaş mövqeyi birmənalı olaraq doğma vətənimizə dərin sevginizin, vəzifə borcunu ləyaqətlə, vicdanla və yüksək peşəkarlıqla yerinə yetirməyin bariz nümunəsi kimi dəyərləndirilir. Siz eyni zamanda Azərbaycanda müstəqil milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı, ulu öndər Heydər Əliyev ideyalarının gerçəkləşməsində xidmətləri olan bir örnəksiniz. Heydər Əliyev Fondunun ölkəmizdə təhsil, səhiyyə, mədəniyyətin inkişafı, milli-mənəvi irsimizin, milli maraqlarımızın qorunmasına yönəlik müxtəlif tədbirləri xalqın böyük rəğbətini qazanmışdır. Xalqımızın zəngin elmi və mədəni irsi, adətlərinin, milli bayram və mərasimlərinin təbliği, milli musiqi və rəqslərin təşviqi, qədim sənət və sənətkarlıq ənənələrinin inkişaf etdirilməsi, dünyanın nüfuzlu muzeylərində saxlanılan Azərbaycan elmi əlyazmaları və incəsənət nümunələrinin öyrənilməsi və onların Azərbaycana mənsub olmasının təsdiqlənməsi, UNESCO, ISESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlarda milli irsimizin tanıdılması istiqamətində də xidmətləriniz danılmaz və misilsizdir. Sərhədləri aşan xeyirxah və nəcib əməlləriniz, yaradıcı enerjiniz sayəsində uğurla reallaşan beynəlxalq əhəmiyyətli layihələr hər bir soydaşımız üçün əsl iftixar mənbəyidir.
Hörmətli Mehriban xanım, bildiyiniz kimi, bu günlərdə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini təşkil edən, əsl vətənpərvərlik və qəhrəmanlıq səlnaməsi olan Cavad xanın şəhidliyinin 211 illiyidi. Cavad xan böyük imperiya ordusunun mühasirəsində bir aydan artıq qalaraq, Gəncəni işğalçılara təslim etməmək üçün vuruşaraq qeyri-bərabər döyüşdə öz oğlu və minlərlə Gəncə sakini ilə birlikdə qəhrəmancasına həlak olub. Düşmən, Cavad xanın son məktubunda söz verdiyi kimi, yalnız onun meyidi üzərindən Gəncəyə daxil ola bilib...
Cavad xanın azadlıq eşqi, əyilməzliyi və qəhrəmanlığı Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi əbədi tanınmağa layiqdir! Bu, Azərbaycan vətəndaşına və Azərbaycan gəncliyinə göstərilməli və təbliğ olunmalı möhtəşəm bir vətənpərvərlik, qəhrəmanlıq və şəhidlik nümunəsidir!
Hörmətli Mehriban xanım, Heydər Əliyev Fondunun dəstəyi və Sizin şəxsi təşəbbüsünüzlə 2005-ci ildə Gəncənin mərkəzində Cavad xanın məzarı üstündə gözəl üslubda məqbərə inşa edilib və Azərbaycanımızın bu qəhrəman sərkərdəsinin xatirəsi əbədiləşdirilib. Gəncə sakinləri Sizin Cavad xanın xatirəsinə göstərdiyiniz bu qayğını hər zaman böyük hörmət və ehtiramla yad edirlər! 2012-ci ilin əvvəlində Gəncə şəhərində Cavad xana möhtəşəm bir abidə ucaldılacağı haqda bir çox ölkə KİV-də məlumatlar yayılıb. Bu xəbər hər bir gəncəlinin və Azərbaycanın bütün vətənpərvər insanlarının böyük sevincinə səbəb olub. Lakin, əfsuslar olsun ki, üç ildən artıq vaxt keçməsinə baxmayaraq, bu təşəbbüs hələ də reallaşmayıb. Sizdən bu məsələni öz şəxsi nəzarətinizə götürərək qeyd olunan abidənin inşasını Heydər Əliyev Fondunun xətti ilə gerçəkləşdirilməsini xahiş edirik! Müharibə şəraitində olan Azərbaycan üçün bir vətənpərvərlik və əyilməzlık, qəhrəmanlıq və şəhidlik rəmzi olaraq Cavad xanın möhtəşəm heykəlinin ucaldılması olduqca vacib bir məsələdir!
Bu təşəbbüsün Sizin ürəyinizcə olacağına və məsələyə müsbət yanaşacağınıza zərrə qədər şübhəmiz yoxdur. Əvvəlcədən Sizə öz dərin minnətdarlığımızı bildirmək istəyirik!”.
Petisiyanı hazırlayanlar vətəndaşlardan BURA daxil olub müraciəti imzalamağı xahiş edirlər:
“İki-üç dəqiqə vaxtınızı sərf edin ki, Cavad xanın və minlərlə gəncəlinin qəhrəmanlığını və şəhidliyini dəstəkləmiş olasınız! İmzalayın, paylaşın, dostlarınızı da dəvət edin ki, səsimiz eşidilsin!
Qeyd edək ki, 1748-ci ildə anadan olan və 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə general L. Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.
Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr tonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyillərindən məharətlə istifadə edən Gəncə xanı antirus koalisiya yaratmağa çalışır, hətta buna müəyyən qədər müvəffəq olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Lakin həlledici anda Gəncə xanına heç kim kömək etmir və o, qorxunc düşmən qarşısında tək qalır. Cavad xanın başcılığı ilə gəncəlilər təcavüzkara qarşı 1 aydan artıq müddətdə mübarizə aparırlar. Cavad xan, hətta düşmənlərinin belə etiraf etdiyi bir qəhrəmanlıqla həlak olur. Doğma şəhəri üçün şəhid olan Cavad xan Gəncənin əbədi simvoluna çevrilib.
Seçilmişlər
Ən çox oxunanlar