Əri Rusiyada olan iki uşaq anasını zorladılar
Tarix: 05-01-2015 15:21
Qax rayonunun Dəymədağlı kənd sakini, 1989-cu il təvəllüdlü Fərid Şahmirov həmkəndlisi, 1984-cü il təvəllüdlü Əfruzəni (ad şərtidir – müəl.) zorlayıb. Publika.az-ın xəbərinə görə, hadisə 28 iyun 2013-cü il tarixdə baş verib.
Fərid Şahmirov həmin gecə Əfruzənin evində iki azyaşlı uşağı ilə tək yaşadığını bilib. O, saat 00.30-da sərxoş vəziyyətdə Əfruzəgilə gəlib. Əvvəlcə evi gəzib və azyaşlı uşaqların yatdığına əmin olub. Bundan sonra o, qadına cinsi əlaqədə olmağı təklif edib.
Amma Əfruzə 26 yaşlı gəncin təklifinə rədd cavabı verib. Qadın tərəfindən rədd cavabı alan Fərid zorakılıq yolu ilə onunla cinsi əlaqədə olmaq qərarına gəlib.
Zorlama və yaxud uşaqbazlıq
O, əvvəlcə qadının saçından tutaraq yerə yıxıb və onun üzərində əxlaqsız hərəkətlər etməyə başlayıb. Daha sonra o, zorakılıq yolu ilə Əfrizə ilə cinsi əlaqədə olub. Ertəsi gün təcavüzə məruz qalan qadın Qax Rayon Polis Şöbəsinə şikayət edib və bundan sonra Fərid həbs edilib.
Fərid Şahmirov Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 29, 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etməyə cəhd) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Fərid Şahmirovun cinayət işi hakim Xəqani Səmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
"Gec gəldiyimə görə mənə irad tutdu”
Fərid Şahmirov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, 3 ildir Əfruzə ilə münasibəti olub: "İyunun 27-də kənddə yerləşən "Pərviz” kafesində çörək yemişəm. Sonra Əfruzənin evinə getmişəm. Əfruzə gec gəldiyimə görə mənə irad tutdu. Mən də ona işim olduğu üçün gec gəldiyini bildirdim”.
"Məndən 50 manat istədi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 28-də, gecə saat 01.00-da Əfruzənin yaşadığı evdə onunla birlikdə televizora baxıblar: "Daha sonra qonaq otağında Əfruzə ilə iki dəfə könüllü cinsi əlaqədə olduq. Bir dəfə isə həyətdə Əfruzənin yaşadığı evin arxasında cinsi əlaqədə olmuşam. Əfruzə gecəni onunla qalmağımı istəsə də, evə getməli olduğunu dedim. Səhər saat təxminən 4-5 radələrində evə getmək üçün oradan çıxdım. Əfruzə həmin vaxt məndən 50 manat istədi. Ona pulumun olmadığını və səhəri gün verəcəyimi bildirdim. Əfruzə isə ona pulu verməsəm, barəmdə polis şöbəsinə ərizə ilə müraciət edəcəyini dedi. Onun sözünə fikir verməyərək evə gəldim. Telefonumu söndürəndən sonra yatdım. Səhəri gün polis əməkdaşları gələrək məni apardılar”.
"Fərid mənə qarşı əxlaqsız hərəkətlər edib”
Zərərçəkmiş Əfruzə bildirib ki, əri Telman işləmək üçün Rusiya Federasiyasına gedib: "Bu səbəbdən əqli cəhətdən qüsurlu 2003-cü il təvəllüdlü oğlum Elman və 2006-cı il təvəllüdlü qızı Aydan ilə birgə yaşamışam. Fərid Şahmirov uşaqlarımla tək yaşamağımdan istifadə edərək 2012-ci ilin payız aylarında bir dəfə evimə gəlib, mənimlə cinsi əlaqədə olmaq istədiyimi bildirib. Mənə qarşı əxlaqsız hərəkətlər edib. Bu barədə onun anasına məlumat vermişəm. Anası Fəridə xəbərdarlıq edib. Fərid Şahmirovun döş qəfəsinin ön yuxarı hissəsindəki izlər də mənim ona müqavimətimin nəticəsində yaranıb”.
"Mənimlə cinsi əlaqədə olmağı təklif etdi”
Zərərçəkmişin sözlərinə görə, iyunun 28-də, gecə saat 01.00-da televizora baxan zaman həyətdən səs gəldiyini eşidib: "Həmin vaxt otağın pəncərəsinə vurulmuş sellofanın cırıldığını hiss etdim. Pəncərədən baxdıqda kiminsə çəpərdən atlanaraq qaçdığını gördüm. Əlimə ağac götürüb evdən bayıra çıxdım və bayırda həmkəndlim Fərid Şahmirovla qarşılaşdım. Fərid Şahmirov əlimdəki ağacı alaraq, yaşadığım evə daxil oldu, uşaqlarımın yatdığını gördü və mənimlə cinsi əlaqədə olmağı təklif etdi”.
"Məni və uşaqlarımı yandırmaqla hədələdi”
Əfruzənin bildirdiyinə görə, həmin vaxt Fəridlə cinsi əlaqədə olmağa etiraz edib: "Fərid isə zorakılıq edərək mənimlə cinsi əlaqədə oldu (zərərçəkmiş ifadəsinin bu hissəsində Fərid Şahmirovun ona qarşı etdiyi hərəkətləri bütün çılpaqlığı ilə danışıb. Bu səbəbdən də onun ifadəsinin həmin hissəsini dərc etmirik – müəl.). Fərid əvvəlcə mənə qarşı əxlaqsız hərəkət edib və daha sonra məni zorlayıb. Sonra Fərid qeyri-təbii yolla da mənimlə cinsi əlaqədə olmaq istədi. Lakin müqavimət göstərdiyimdən bunu edə bilmədi. Fəridin evdən getdiyini güman edərək yuyunmaq üçün evin arxa tərəfinə keçdim. Bu zaman o mənə yaxınlaşdı. Fərid məni və uşaqlarımı yandırmaqla hədələdi və orada da mənimlə cinsi əlaqədə oldu”.
Cinayət işi üzrə həm təqsirləndirilən şəxsi, həm də zərərçəkmişi tanıyanlar şahid qismində ifadə veriblər. Şahidlər bildiriblər ki, Fərid ilə Əfruzənin uzunmüddətli münasibətləri olub. Hətta şahidlərdən biri qeyd edib ki, Əfruzə əxlaqsız həyat tərzi keçirirmiş.
Məhkəmə heyəti çoxsaylı şahid ifadələrini dinləyəndən sonra hökmü elan edib - Fərid Şahmirov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fərid apelyasiya şikayəti verib. O, günahsız olmasını əsaslandırıb və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Rövşən Rəfiyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Fərid Şahmirovun bəraət istəməsi ilə bağlı şikayəti rədd edilsə də, onun cəzasında dəyişiklik olunub. Məhkəmə Fərid Şahmirovun cəzasını 5 il 3 aya endirib.
Hacı Zeynalov
Seçilmişlər
Ən çox oxunanlar