Müdafiə Nazirliyi: “Ermənistan cinayət törətməkdə davam edir”
Tarix: 20-11-2014 17:15
“Noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqelərinə hücum edən Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin cavab atəşi ilə məhv edilməsi faktı ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanat təəssüf və təəccüb hissi doğurur”.
Gunpress.az-ın xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, qoşunların təmas xəttində heç bir neytral ərazi yoxdur və ola da bilməz: “Ermənistan tərəfindən işğal olunmuş torpaqlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmış Azərbaycan Respublikasının əraziləridir. Bəyanatda işlədilən "humanitar keçid" termini isə anlaşılmazdır və münaqişənin mahiyyətindən bixəbər olanlara hesablanıb. Hazırda bu ərazidə heç bir dinc sakin və ya mülki şəxs yoxdur ki, onların döyüş gedən ərazidən çıxarılması üçün hər hansı bir "keçid" və ya "dəhliz" açılsın.
"Ərazidə atəşin dayandırılması" və "ərazilərin minalardan təmizlənməsi" fikirləri isə tam əsassızdır və erməni tərəfinin maraqlarına hesablanıb. Bu, yalnız bir halda - Ermənistan silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılmasından sonra mümkün ola bilər. Azərbaycanın daim qarşı tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, müharibənin aparılması qaydalarına riayət etməsi çağırışına baxmayaraq, Ermənistan hər zaman bundan boyun qaçırır və cinayət törətməkdə davam edir”.
Azərbaycan Müdafiə Nazirliyi bir daha bildirir ki, düşmən tərəfi mütəmadi olaraq qəsdən bu ərazidə təxribatlar törətməklə məsələni qeyri-obyektiv formada təqdim etməyə cəhd göstərir: “Təəssüflər olsun ki, bu prosesə münaqişənin dinc yolla həll olunması missiyasını üzərinə götürən, obyektivlik nümayiş etdirməyə borclu olan beynəlxalq qurumları da öz mövqeyindən çıxış etməyə təhrik edir”.
Seçilmişlər
Ən çox oxunanlar