"Milli Məclisdə gənc kadrlara daha çox üstünlük verilməlidir" - Könül İsmayılova
Tarix: 25-12-2019 15:33
Məlumdur ki, Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibə verib. Prezident jurnalistlərlə söhbəti zamanı bir çox məsələlərə toxunub.
Prezidentin yerli jurnalistlərlə görüşünü şərh edən Müasir Müsavat Partiyasının ideoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova bizimlə söhbətində bildirdi ki, dövlət başçısı müsahibəsində şəhid ailələri, Qarabağ əlilləri, məcburi köçkünlərə göstərilən sosial xidmətin və sosial müdafiənin həm həcminin, həm də keyfiyyətinin yaxşılaşması məsələsi üzərində xüsusilə dayandı: “Məlumat üçün bildirim ki, bu ilin içərisində 5 mindən çox mənzillər tikildi və məcburi köçkünlərə dövlət tərəfindən hədiyyə olundu. Minə yaxın mənzillər Qarabağ əlilləri və şəhid ailələrinə hədiyyə olundu. Xüsusi olaraq qeyd edim ki, cənab Prezident ötən gün ad gününü şəhid ailələri, Qarabağ əlilləri ilə bir yerdə keçirdi. Həmin ailələri sevindirdi, onlara yeni mənzillərin və avtomobillərin açarlarını təqdim etdi. Cənab Prezident həmçinin müsahibəsində söylədi ki, bizim iqtisadi gücümüz artdıqca, sosial müdafiə tədbirləri də daha da genişlənəcək, Azərbaycan xalqının sosial rifahı daha da yüksələcək və 2020-ci ildə əməkhaqqları, pensiyalar, müavinətlər yenidən artırılacaq və Azərbaycan xalqı sosial rifah içərisində yaşayacaqdır”.
Müasir Müsavat Partiyasının funksioneri onu da əlavə etdi ki, cənab Prezidentdə islahatçılığa önəm verir və bu sahədə yeni islahatların aparılacağı haqqında fikir bildirdi: "Danılmaz faktdır ki, Azərbaycanda idarəetmə orqanlarına olan tələblər artırılır və onların xalqla yaxınlığı, cəmiyyətin problemlərinin həll edilməsində aktivliyi artırılır. Əhalinin sosial rifahının yaxşılaşdırılması üçün ilk növbədə yeniliklər olmalıdır. Özünü doğrultmayan prinsiplər, həlqələr, yanaşmalar cəmiyyətimizdən silinməlidir, etimadı doğrultmayan kadrlar dəyişilməlidir. Bütün bunlar hamısı cənab Prezidentin siyasətində öz əksini tapıb və müsbət nəticələrini verir.
Biz partiya olaraq da dəfələrlə kadr islahatlarının aparılmasının vacibliyi haqqında ictimaiyyətə məlumatlar vermişik. Prezident dəfələrlə çıxışlarında bildirib ki, istənilən sahədə islahatlar aparılmalıdır, gənclərə üstünlük verilməlidir. Bizdə bu fikrin vacib olduğunu təsdirləyirik. Hesab edirəm ki, Milli Məclisdə və digər qurumlarda gənc kadrlara daha çox üstünlük verilməlidir”.
Seçilmişlər
Ən çox oxunanlar