Deputata 4-5 min manat maaş, xalqın böyük rəğbət bəslədikləri yazıçıya, aktyora, rəssama fəxri adlarına görə...
Tarix: 24-12-2019 13:52
150 manat, müəllimə, həkimə, mühəndisə, jurnalistə isə fəxri titullarına görə - cəmi 100 manat müavinət?..
Doğrudanmı, Xalq yazıçısının, Xalq artistinin, Əməkdar mühəndisin, Əməkdar həkimin, Əməkdar jurnalistin və digər fəxri adları olanların xalq qarşısında xidmətləri hər cür səlahiyyətlərə, əlavə imtiyazlara da malik olan deputatların xidmətlərindən bu dərəcədə az (30-40 dəfədən də az!), bu dərəcədə aşağıdır?
Nəyə görə Əməkdar müəllim (eləcə də digər "Əməkdar"lar) onun qarşısında təzim etməyə, baş əyməyə hazır olan, ona mənən borclu olan dünənki tələbəsindən - bugünkü deputatdan öz şərəfli, fəxri adına görə 35-40 dəfə az müavinət alır? Kimdir "Xalq", "Əməkdar" titullu adamları son iki ilin artımlarında tamamilə unudanlar?
Möhtərəm Prezidentimiz son zamanlar xalqımızın sosial şəraitinin, yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün həqiqətən inqilabi qərarlar qəbul edib. Ölkədə minimum əmək haqqı, əhalinin müxtəlif təbəqələrinin maaşları, təqaüdlər və s. Prezidentin son bir-neçə qərarı ilə kifayət qədər artırılıb.
Ancaq təəssüf ki, nədənsə, həm keçən ilki, həm də builki artımlarda "Xalq", "Əməkdar" fəxri adları olan bir sıra nüfuzlu peşə sahibləri tamamilə unudulub, onlara diqqət yetirəcək bir kimsə olmayıb, ölkə rəhbərliyinə yaxın olan yuxarı strukturlardakı səlahiyyət sahiblərindən heç kəs onları yada salmayıb (necə ki bir müddət əvvəl məhz onların laqeydliyi üzündən dahi, mütəfəkkir şairimiz İ.Nəsiminin obrazını vaxtilə çox böyük ustalıqla yaratmış görkəmli sənətkar, Xalq artisti Rasim Balayevin rəsmi dövlət tədbirinə dəvət edilməsi də "unudulmuşdu"...). Heç şübhə yoxdur ki, bəzi məmurların səhlənkar "unutqanlığı" (bəzən də bilərəkdən!) olmasaydı, respublikanın bu cür yüksək titullu, tanınmış adamları da keçən ildən bəri ən azı iki dəfə müvafiq artımlardan faydalanardılar.
Söhbət heç də toylarda, müxtəlif tədbirlərdə kifayət qədər gəlir əldə edən "toy xanəndələrindən" - Aygün Kazımova, Nadir Qafarzadə, Röya kimilərindən getmir. Hamıya məlumdur ki, onların qazancları yetərincədir, dəbdəbəli həyat sürürlər. Şükür ki, Prezident təqaüdü alan Xalq artistlərinin, Əməkdar artistlərin də dolanışıq vəziyyəti yaxşıdır. Ancaq elə təvazökar, Prezident təqaüdü al-MAyan (təbii ki, bu təqaüd ucdantutma hamıya verilə bilməz), yaşlı Xalq artistlərimiz, Əməkdar artistlərimiz var ki, onlar nə toya, nə də digər tədbirlərə dəvət olunub, pul qazanmırlar. Uzun illər xalqa xidmət etmələrinə baxmayaraq, ömür bahasına nail olduqları əmək təqaüdündən əlavə dövlətdən aldıqları cəmi 100 ("Əməkdar" titulu olanlar), 150 manatdır ("Xalq" titulu olanlar).
Axı, bu, heç bir məntiqə sığmır. Deputatların aylıq qazanclarının 5-6 min manat olduğu, fərdi Prezident təqaüdçülərinin təqaüdlərinin isə 1450 manat olduğu nəzərə alınarsa, həmin 100-150 manat hazırda təqaüddə olan, yaşlaşdıqca maddi ehtiyacları, qayğıları da artan 60-70 yaşlı adamlar üçün müqayisəyə gəlməyəcək dərəcədə azdır, təəccüb və təəssüf doğurur.
Axı, öz sənəti ilə bütün həyatını xalqa ləyaqətlə xidmətə həsr etmiş, lakin bunun müqabilində dövlətdən əlavə olaraq cəmi 150 manat alan Xalq artisti ilə 1450 manat Prezident təqaüdü alan Xalq artisti arasında fərq məgər 10 dəfəyə qədərmi çox olmalıdır? Belə bir böyük fərq çox zaman dilə gətirilməyən narazılığa səbəb olur. Axı, o da Xalq artistidir, bu da! Niyə onlara göstərilən dəstək 10 dəfəyə qədər fərq ilə olmalıdır? Axı, hər ikisinə bu yüksək titul ölkə Prezidenti tərəfindən verilmişdir.
Mənim Xalq artisti, Xalq rəssamı, Xalq şairi və yazıçısı, Əməkdar mühəndis, Əməkdar jurnalist, Əməkdar həkim, Əməkdar müəllim olan tanıdığım adamlar var ki, yaşları 60-70-i ötsə də, uzun illərin əmək, elm, sənət fəaliyyətləri müqabilində dövlətdən əlavə olaraq aldıqları "xidmət mükafatı" cəmi 100-150 manatdır. Təsəvvür edirsinizmi? Əməkdar müəllim vaxtilə onun şagirdi, tələbəsi olmuş bugünkü deputatdan 10-15 dəfə az gəlirə malikdir (hətta aldığı əmək təqaüdü də nəzərə alınarsa).
Bir də ki, axı, həftənin cəmi 2-3 iş gününü, o da hər dəfə 4-5 saatdan çox olmayaraq Milli Məclisdə "oturan" deputatlar necə böyük zəhmət çəkirlər ki (rəsmi tədbirlərdə, ziyafətlərdə iştirakdan başqa), onlar gecəsini gündüzünə qatıb uşaqlara elm öyrədən müəllimdən, bütün məsuliyyəti ilə xəstəsinin sağalması üçün fədakarlıq göstərən həkimdən, bir rolunu hazırlamaq üçün vaxt-bivaxt çalışan aktyordan, həftənin 5-6 gününü yağışın, küləyin, sazağın altında çalışan inşaatçıdan, yol mühəndisindən və s. "əməkdar" titullu mütəxəssislərdən 10-15 qat artıq maaş almalıdırlar?
Əlbəttə, mən qətiyyən o fikirdə deyiləm ki, "Xalq", "Əməkdar" fəxri titulları olanların hamısına verilən vəsait ucdantutma artırılmalıdır. Ancaq çox yaxşı olardı ki, aylıq gəlirləri olmayan, müəyyən səbəblərdən işsiz qalan, yaşı 60-a yaxın və yuxarı olanlara "Xalq" tituluna görə ən azı 1000, "Əməkdar" tituluna görə isə 600-700 manat vəsait ödəniləydi (işləyənlər üçün həmin vəsaitlərin tam yox, 40-50 faizi həcmində). Nəzərə alınsa ki, keçən ilki və builki sosial artımlar həmin kateqoriyadan olan şəxslərə şamil edilməmişdi, bu cür artım çox ədalətli olardı. (Toylara gedən, cəmi bir saatlıq mahnı ifasına görə 1000-2000 manat alan titullu müğənniləri çıxmaq şərtilə).
Təkrar edirəm, bu təklifimin bütün fəxri adları olanlara yox, yalnız müəyyən səbəbdən (ixtisara, xəstəliyə və s. görə) işləməyən, yaşı 60-ı haqlamış və ötmüş "Xalq", "Əməkdar" titullu şəxslərə şamil edilməsi, onların güzəranının yaxşılaşıdırılması çox mühüm, vacib məsələdir.
İnanırıq ki, bu təklif möhtərəm Prezidentimiz tərəfindən razılıqla qarşılanacaq və Azərbaycanın fəxri adlarına layiq görülmüş yaşlı sənət, peşə adamları, yaradıcı şəxslər ölkə rəhbərinin diqqətindən, qayğısından kənarda qalmayacaqlar.
Qadir SULTANOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Seçilmişlər
Ən çox oxunanlar