Sahil Babayevin 1 il 2 ayı : Yalançı "dostlaşdırma", arıqlayan inəklər
Tarix: 24-06-2019 16:42
2018-ci ilin aprelində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunan gənc Sahil Babayevdən cəmiyyətin gözləntiləri çox idi. Ona görə yox ki, o, sosial sahəni, kasıbçılığın, yoxsul şəraitdə yaşamağın nə olduğunu yaxşı bilirdi. Ona görə ki, o, bu sahədən milyardlar mənimsəmiş, nazirliyi korrupsiya yuvasına döndərmiş Səlim Müslümov və Əjdər Cəbiyev tandemindən sonra bu sahəyə rəhbər təyin olundu.
Cəmiyyət bu təyinatı belə başa düşürdü ki, Sahil Babayev məhz həmin sahədəki vəziyyəti düzəltmək üçün bu sahəyə təyinat alıb. Baxmayaraq ki, Səlim Müslümov da 2013-cu ildə nazir kimi qarşısında belə bir vəzifənin qoyulduğunu elan edərək işə başlamışdı. Nazir təyin olunan kimi iclas edib xeyli sayda işçini korrupsiya şəbəkəsi qurmaqda ittiham edib işdən çıxarmışdı. O vaxt pafos Səlim Müslümovun simasında özünün zirvəsinə çatmışdı. Sonrası isə hamıya bəllidir. Elektronlaşdırmadan danışa-danışa hakimiyyətin başını 5 il qatdı və qurduğu korrupsiya şəbəkəsi hesabına milyardlar mənimsədi.
Sahil Babayevin nazir olmasından 1 il 2 ay ötür. Bu müddətdə sosial müdafiə sahəsində nə və necə dəyişib? Sualın qısa cavabı belədir: pafos və məzmun əvvəlki kimi qalmaqla, bir sıra hallarda isə daha da pisləşərək, bir sıra forma dəyişiklikləri edilib. İndi isə bir qədər geniş:
İnsaf naminə deyək ki, Səlim Müslümov nazir kimi fəaliyyətinin birinci ilini rüşvətsiz yola verdi, yəni bir il dözüb, rüşvət almadı. Sahil Babayev isə heç bir ay dözmədi. Səlim Müslümov öz korrupsiya şəbəkəsini “elektronlaşdırıram” deyib pərdələyirdisə, Sahil Babayev “dostlaşdırıram” deyib pərdələyir.
Bir ildir “dostlaşdırmanın” televiziyalardan tutumuş hər yerdə gurhagur reklamı gedir. Haydı qoymayın bəs biz mexanizm icad etmişik, “dostlaşdırmadan” sonra sosial sahədə hər şey fontan vuracaq, hamının sosial müdafiəsi kəllə çarxa çıxacaq. Adamdan soruşan gərək ki, açacağın bu DOST mərkəzləri yaranandan sonra bəyəm pul və iş yerləri istehsal edəcək ki, sən də onu kasıblara payalayarsan? Niyə yalandan pafosla şişirdib bildirirsən ki, 140-dən çox xidməti cəmləşəcək orda. Hansıdı o xidmətlər? Lap tutaq ki, məşğulluq məsələsi cəmləşdi orda. Bu nəyi dəyişəcək? Ora müraciət edənlər işlə təmin olunar? Oranın indiyə qədər mövcud məşğulluq mərkəzlərindən fərqi nə olar?
Əlbəttə ki, heç nə. Sadəcə hər dəfə quru statistika səsləndirilib, insanların gözünə kül üfürüləcək, bəs nə bilim neçə min adam DOST mərkəzlərinin xidmətindən istifadə edib, ağzı bala batıb. Niyə imkanları və nəticələri öncədən bəlli olan bu kimi məsələləri pafosla şişirdib, insanlar yalandan ümidləndirilir? Niyə sonradan bu insanlara xəyal qırıqlığı yaşadıb, onlar hakimiyyətdən incik salınır? Məqsəd nədir? Sahil Babayev kimə və kimlərə xidmət edir? Bu sonuncu sualın yarımçıq cavabı isə heç şübhəsiz ki, belədir: kimə xidmət etdiyini bilmək olmasa da, bilinən odu ki, bu xidmət xalqın və hakimiyyətin xeyrinə deyil.
Sahil Babayev özünün “dostlaşdırma” nağılları ilə hakimiyyəti yola verə-verə, başladı işsiz, kasıb insanlara 2500 manata rəsmiləşdirdiyi, real bazar qiyməti heç 500 manat olmayan qotur inəklər sırımağa. Bir adama iki inək verildiyindən Sahil Babayev hər adamdan nə az, nə çox, düz 4000 manat pul qazanır. Beləcə, hökumətin işsiz kasıba ayırdığı 5000 manat pulun 80%-ni fərasətli Sahil Babayev onlardan çırpışdırır. Bu məsələ ölkənin ali qanunverici orqanı olan Milli Məclisdə bütün kəskinliyi ilə səsləndirildi. Normalda bu iş üzrə dərhal cinayət işi qaldırılmalı idi. Amma Sahil Babayevə hələ ki, gözün üstə qaşın var deyən tapılmır. O da bu fürsətdən bolluca istifadə edib, özünün qotur inək siyasətini var qüvvəsi ilə davam etdirir.
Soruşanda ki, niyə qotur inək siyasətinlə həm dövlətin pulunu dağıdırsan, həm də onsuz kasıb şəraitdə olan insanları daha da yoxsulluğun dibinə yuvarladırsan? Cavab verir ki, biz “dostlaşdırırıq”.
Aydındır ki, heç bir kasıb insan qotur inək saxlamaqla kasıblıqdan çıxa bilməz. Burada sadəcə dövlətin pulu göyə və ciblərə sovrulur. Əslində dövlətin ayırdığı 2500 manat cins inəyin puludur. Onu qotur inəyə çevirən Sahil Babayevdi. Heç şübhəsiz ki, Sahil Babayev bu yolla kasıb insanları hakimiyyətdən narazı salmağından xəbərdardır. Görünür, onu hakimiyyətin nüfuzu yox, öz cibi daha çox maraqlandırır.
Məlum məsələdir ki, Sahil Babayev sosial sahəyə yad adamdır. Belə olmasaydı, bu sahə ilə bağlı normal bir ideyası olardı, yoxsa ki, Füzuli Ələkbərovun kadırı Heybət İmanovun ümidinə qalmazdı. O Heybət İmanov ki, Füzuli Ələkbərovun zamanında işi gücü nazirliyin yaxınlığındakı qarajda rayon ƏSMM-lərin müdirlərindən xərac toplamaq olub. Bir halda ki, Sahil Babayev Heybətin ümidinə qalırdı, onda elə yaxşı olmazdımı yuxarılara bildirərdi ki, bəs mənim nə özümün bu sahədə təcrübəm var, nə də ki, elə bir kadırım var, yeganə ümidim Füzuli Ələkbərovun kadrınadı, ona görə elə yaxşı olar ki, Füzuli Ələkbərovu yenidən öz yerinə qaytarasınız. Bu daha yaxşı yol olardı. Görünür, özünün qotur inək siyasətini reallaşdırmaq istəyi ona güc gəlib.
Heç bir halda imkan vermək olmaz ki, Sahil Babayev də Səlim Müslümov kimi 5 il vaxt uda bilsin. Hakimiyyət çox tezliklə onu əvəzləyə bilsə, bu ilk növbədə hakimiyyətin cəmiyyətdə reputasiyasının birə on yüksəlməsinə səbəb olacaq. Sahil Babayevin olar-olmaz ideyası ancaq DOST mərkəzləri ilə bağlıdır. Bu adam növbəti illərdə də nazir postunda qalsa, danışacağı ancaq “dost”dan olacaq.
Artıq birmənalı şəkildə bu adamı nazir kimi tükənmiş saymaq olar. Hərçənd baxmayaraq ki, heç əvvəldən tükənməli də bir nəsə yox idi. Onun vəzifədə qaldığı hər gün hakimiyyətin əleyhinə işləyir. Hakimiyyətə isə xeyrinə işləyən günlər lazım...
“Hurriyyet.org”
Seçilmişlər
Ən çox oxunanlar